Məhkəmə qərarları › İş №3(005)-447/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-447/2025

11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-447/2025 11.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X4 şikayət ərizəsində göstərmişdir ki, haqqında xx.xx.2024-cü il tarixli Nərimanov Rayon Məhkəməsinin qərarına uyğun olaraq Bakı şəhər DYPİ-yə bildirilmiş məhkəmə qərarı tam yerinə yetirilməmiş, ona yazılan inzibati protokol silinməmişdir. Polisin bildirdiyi qayda pozuntusu heç bir halda sübut olunmamışdır. xx.xx.2024-cü il tarixdə yazılmış İXP ******* saylı qərarın silinməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən X4 çıxış edərək bildirmişdir ki, polis əməkdaşları tərəfindən qərəzli mövqe sərgilənmişdir və onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Yekunda məhkəmədən vermiş olduğu şikayətin təmin edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X1 Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə təqsirli bilinib 50 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 342.6-cı maddəsinə əsasən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə - əlli manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən X4 nəqliyyat vasitəsini idarə edərkən telefonu əldə saxladığına görə İXM-nin 342.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda X2 xx.xx.2024-cü il tarixdə İXM-in 342.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilmişdir. Lakin bu halı təsdiq edən hər hansı sübut müəyyən edilmir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından, X2 Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət təmin edilməli, qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 53, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə təqsirli bilinib 50 manat cərimə edilməsinə dair Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar