Məhkəmə qərarları › İş №3(005)-4481/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4481/2025

27.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4481/2025 27.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, Əliyeva Tahirə Cəlil qızının katibliyi, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin sahə inspektoru X1, Zərərçəkmiş şəxs İsmayılova Hicran Ramin qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan – Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası 359 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol görünür ki, vətəndaş Şəxs Nərimanov rayonu Daş Karxanası 359 ünvanında İsmayılova Hicran Ramin qızını mübahisə zəmnində döyməsi faktına dair istintaq orqanının qərarı əsasında barəsində Azərbaycan Respublikası İXMin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati xəta haqqında iş üzrə icraat materialı müvafiq qərardadla baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin sahə inspektoru X2 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək Şəxs məsuliyyətə cəlb edilməsi barədə qərara qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahatında göstərmişdir ki, hadisə xx.xx.2025-ci il tarixdə baş vermişdir. İsmayılova Hicran Ramin qızı onun qardaşının yoldaşıdır. Aralarında dava-dalaş baş vermişdir. Zərərçəkmiş şəxs İsmayılova Hicran Ramin qızı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Şəxs onun qaynıdır. Ev üstündə aralarında mübahisə olmuşdur. Şəxs evlərinə gələrək onu və uşaqlarını döymüşdür. Barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İsmayılova Hicran Ramin qızını mübahisə zəmnində döyməsi ilə əlaqədar istintaq orqanının qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə 19:30 radələrində İsmayılova Hicran Ramin qızı ilə aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı sonuncunu vurub sağlamlığına zərər vurmayan xəsarətlər yetirməsi faktı ilə bağlı barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsilə tədbir görülməsi üçün qərarın surətinin Nərimanov RPİ-nin 17-ci PŞ-nə göndərilməsi qərara alınmışdır. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iş materiallarını öyrənib hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi xx.xx.2025-ci il tarixli qərarın qəbul edildiyi gündən üç aydan artıq müddət keçdiyinə görə onun barəsində inzibati tənbeh tətbiq edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İXM-in 38.3-cü maddəsində nəzərdə tutulan müddət keçdiyinə görə Şəxs inzibati məsuliyyətdən azad edilməli və onun barəsində İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 38.3, 40, 43, 48-51, 53.1.6, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar