Məhkəmə qərarları › İş №3(005)-4490/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4490/2025

31.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4490/2025 31.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Barəsində tərtib olunmuş qərardan şikayət vermiş şəxs - X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası DİN-nin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası DİN-nin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, o, əvvəllər **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 2023-cü ilə qədər etibarnamə əsasında idarə etmişdir. 2023-cü ildən etibarən həmən nəqliyyat vasitəsindən istifadə etmir və onun idarə olunması ilə hər hansı bir əlaqəsi qalmamışdır. xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilədək "xxxx" MMC-də sürücü vəzifəsində çalışmışdır. xx.xx.2025ci il tarixindən bu günə qədər isə "xxxx" MMC-də sürücü kimi fəaliyyət göstərir. Əmək kitabçasında "MS Tum” MMC-də işə qəbul və işdən çıxma tarixləri qeyd olunmuşdur. Həmçinin "BG Company” MMC-dən arayış təqdim etmişdir. Buna baxmayaraq xx.xx.2025-ci il tarixli EQ 25417756 nömrəli inzibati protokol üzrə onun adına inzibati xəta qeydə alınıb. Qeyd olunan protokolla bağlı məsuliyyətin onun üzərinə yönəldilməsi əsassızdır. Çünki göstərilən tarixlərdə həmən nəqliyyat vasitəsini idarə etməmiş və onunla heç bir əlaqəsi olmamışdır. Yuxanda göstərilənləri nəzərə alaraq, həmən inzibati protokolun araşdırılmasını və məsuliyyətin üzərindən götürülməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, həmin tarixlərdə nəqliyyat vasitəsi onun istifadəsində olmamış, nəqliyyat vasitəsinin mülkiyyətçisi Xəyyam adlı şəxs olsa da, kimin istifadəsində olmasından məlumatı olmamışdır. Öz adına olmuş bütün etibarnamələri ləğv etmişdir. Bu səbəbdən qərarların ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında inzibati qərar qəbul edən qurumun nümayəndəsi iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin Baş X4i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X2 “Shacman” yük markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-in 339.1- 1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. X2 İXM-in 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 50 manat məbləğində cərimə edilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4.-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. 339.1-1-ci maddəsinə əsasən Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə-on manat məbləğində cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə təqdim olunmuş sübutları hərtərəfli, tam və obyektiv şəkildə daxili inamına uyğun şəkildə qiymətləndirərək hesab edir ki, şikayət qismən təmin edilməli və sözügedən qərar ləğv edilməklə yenidən araşdırma aparılmalıdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən, inzibati orqan həmin nəqliyyat vasitəsinin kimin istifadəsində olmasını araşdırmamış, sonuncu etibarnamə həmin şəxsə məxsus olduğundan bütün cərimələr ona tətbiq edilmişdir. İnzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən məlumat verilməsinə baxmayaraq, məhkəmədə iştirak etməmiş, inzibati xətanın Cavid İsgəndərov tərəfindən törədildiyini sübut etməmişlər. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş işin faktiki hallarını tam, hərtərəfli araşdırmadan X2 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. Həmin xüsusatı araşdırmaq məqsədilə və nəqliyyat vasitəsini idarə etmiş şəxs barəsində qərar qəbul etmək məqsədilə hazırda yeni araşdırma aparılmalıdır. Ona görə də, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN-nin Baş X4 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X1 İXM-in 339.1-1-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli, X2 barəsində işə yenidən baxılması Baş X4 İdarəsinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X1 İXM-nin 339.1-1-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə qaytarılsın.. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar