Məhkəmə qərarları › İş №3(005)-454/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-454/2021

11.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-454/2021 11.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov RPİ-nin Dövlət Yol Polis Şöbəsinin YNH üzrə inspektoru X3, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, ünvan 1 mənzil 8 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Bakı şəhəri Nərimanov RPİ-nin Dövlət Yol Polis Şöbəsində tərtib olunmuş iş materialları xx.xx.2021-ci il tarixdə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov RPİ-nin Dövlət Yol Polis Şöbəsinin YNH üzrə inspektoru X8 tərəfindən tərtib olunmuş xx xxxxxx 2021-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Rafiq Əliyevin 907 nömrəli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarına əsasən sürücü “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbini pozaraq X4 idarə etdiyi “HYUNDAİ SONATA” minik markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşub. Hadisə zamanı avtomaşında sərnişin olan X16 və X6 yüngül dərəcəli bədən xəsarəti alıb. Sürücü Şəxs avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilib vermiş olduğu izahatında göstərmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə, təxminən saat 18:15 radələrində tanışı Elşən Umbatova məxsus “BMW X 5-minik” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobillə, saat da 30-40 km sürətlə Nərimanov rayonu, A.M.Cümə küçəsi ilə, Aqaranov küçəsi istiqamətindən Ziya Bünyadov prospekti istiqamətinə hərəkət edirmiş. Tanışı Elşən isə avtomobilin sağ tərəf ön oturacağında əyləşmişdir. İdarə etdiyi avtomobillə hərəkətini düzünə davam etdirib A.M.Cümə küçəsi ilə adı olmayan ara küçənin kəsişməsinə çatanda markasına və dövlət qeydiyyat nişanına baxa bilmədiyi avtomobili sol tərəfdən ötüb keçən zaman həyəcanlanaraq idarə etməni itirmiş və avtomobilin sükanını sağ tərəfə döndərib əyləc əvəzinə qaz pedalını sıxmışdır. Nəticədə idarə etdiyi avtomobilin ön hissəsi adı olmayan ara küçədə dayanmış “HYUNDAİ SONATA” minik markalı avtomobilin sol tərəf ön qapı və qanad hissəsinə çırpılmışdır. Zərbənin təsirindən sonuncu avtomobil səkinin üzərinə keçib dayanmışdır. Hadisədən dərhal sonra yanlarında Bakı şəhər DYPİ-nin əməkdaşları dayanmışlar. Onlar qarşı avtomobilin sürücüsünün bədən xəsarəti aldığını görüb TTYS-na zəng edib hadisə yerinə həkim briqadası dəvət etmişlər. Qısa zamanda hadisə yerinə həkim briqadası gəlib qarşı avtomobilin sürücüsünün bədənini müayinə edib ilkin tibbi yardım göstərib getmişlər. Daha sonra hadisə yerinə Nərimanov RPİ-nin əməkdaşı gəlib araşdırmaya başlamışdır. Hadisədən sonra dizlərində ağrılar olduğu üçün EGE hospitala müraciət etmişdir. Orada həkimlər bədənini müayinə edib əzilmələr olduğunu bildirib tibbi yardım göstərib evə göndərmişlər. Sonda Şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov RPİ-nin Dövlət Yol Polis Şöbəsinin YNH üzrə inspektoru X8 izahatında göstərdi ki, Nərimanov RPİ-ninTəhqiqat şöbəsinin baş təhqiqatçısı Rafiq Əliyevin 907 nömrəli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarına əsasən sürücü “Yol hərəkəti haqqında” Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbini pozaraq X4 idarə etdiyi “HYUNDAİ SONATA” minik markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşub. Hadisə zamanı avtomaşında sərnişin olan X16 və X6 yüngül dərəcəli bədən xəsarəti alıb. Sürücü Şəxs avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Bu səbəbdən də Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati məsuliyyət yaratdığından, Şəxs barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak etmiş vəkil X1 Nərminə Şaban qızının əməlini etiraf etməsini və əməlindən səmimi peşmançılıq çəkməsini nəzərə alıb onun barəsində inzibati həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” X19 Nərimanov rayon şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli, 712 saylı rəyindən görünür ki, X4 almış olduğu xəsarətlər: alın nahiyyəsinin sağ yarısının şişkinli hematoması, boyun əzələ-bağ aparatının gərilməsi, sağ bazunun qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx xxxxxxx 2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə gösrə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” X19 Nərimanov rayon şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli, 713 saylı rəyindən görünür ki, X5 almış olduğu xəsarətlər: alının sol yan səthinin şişkinli hematoması, boyunun əzələ-bağ aparatının gərilməsi, sol diz oynağının sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xx xxxxxxx 2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə gösrə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” X19 Nərimanov rayon şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli, 714 saylı rəyindən görünür ki, X2 almış olduğu xəsarətlər: sağ diz oynağının və sol baldırın şişkinli hematomaları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xx xxxxxxx 2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə gösrə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, əməlində cinayət tərkibi olmadığına görə Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin tələbinə əsasən, X9 barəsində Azərbaycan Respublikası İXM-nin 335.3-cü maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXMin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapsa da, inzibati məsuliyyətə cəlb olunma müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Qanunvericiliyin tələbinə əsasən, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Hazırki iş üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edildiyi gündən, yəni xx xxxxxxx 2020-ci il tarixdən 3 aydan çox müddət keçdiyini nəzərə alaraq Şəxs xx xxxxxx 2021-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb oluna bilməz, bu səbəbdən inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.0, 53.0.6-cı maddələrinə əsasən Məcəllənin 38ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X10 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Həmin Qərarın 5-ci bəndinə əsasən bu qərarın 1-ci və 4-cü hissələri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsində nəzərdə tutulmuş hallara, həmçinin mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikasının Ali Məhkəməsində təmsil edilməsi zamanı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, vəkil tərəfindən göstərilən hüquqi yardım hallarına da şamil edilir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, müdafiəçi X13 xx xxxxxx 2021-ci il tarixdə keçirilmiş 1 məhkəmə iclasında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəsi üçün 3 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X10 məhkəmədə iştirak etdiyi 3 iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, lakin onun barəsində tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X13 tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar