Məhkəmə qərarları › İş №3(005)-4575/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4575/2025

04.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4575/2025 04.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə EP seriyalı ******* nömrəli, 24 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC 195900.00 ABŞ dolları məbləğində vəsaiti 11 oktyabr 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 195900.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 12 oktyabr 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və səlahiyyətli orqanın nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Bank Respublika” ASC-nin 15 oktyabr 2025-ci il tarixli, 4954 nömrəli Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış məktubundan görünür ki, banklarda avans köçürmə aparan müştərilər “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydarının 4.3.1.3 bəndinə müvafiq olaraq 09- 11 oktyabr 2023-cü il tarixlərdə Azərbaycan Respublikasından kənara qabaqcadan aparılmış ödəniş müqabilində malla (xidmətlərin) idxalını təsdiq edən sənədlərini təqdim etməyən müştərilərin adları və köçürməyə aid bütün təsdiqedici sənədləri Banka təqdim edirlər. Müştərilərin ödəniş əməliyyatlarının siyahısında Şəxs MMC-də göstərilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir.Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 45/1 nömrəli 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydarının: 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda (xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən) bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edir. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X1 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın: 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulmuş “270 (iki yüz yetmiş)” sözləri “02 (iki) il” sözləri ilə əvəz edilmişdir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, inzibati xətanın törədilib-törədilməməsini müəyyən etmək üçün ilk növbədə iş üzrə təqdim edilmiş sübutlar məcmusunu qiymətləndirməyi zəruri hesab edir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 15 oktyabr 2025-ci il tarixli məktubu və ona əlavə edilmiş ödəniş sənədləri birmənalı şəkildə təsdiq edir ki, Şəxs tərəfindən 11 oktyabr 2023-cü il tarixində xarici tərəfdaşın hesabına 195,900.00 ABŞ dolları məbləğində avans ödənişi həyata keçirilmişdir. Bu əməliyyatın həyata keçirildiyi andan etibarən, adı çəkilən hüquqi şəxsin üzərinə Azərbaycan Respublikasının valyuta tənzimi qanunvericiliyindən irəli gələn konkret hüquqi öhdəliklər düşmüşdür. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 04 noyabr 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş bank məlumatları isə sübut edir ki, qanunvericiliklə müəyyən edilmiş 2 illik müddətin tamamlandığı 12 oktyabr 2025-ci il tarixinədək həmin vəsait müqabilində nə malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi, nə də xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməmiş, habelə köçürülmüş valyuta vəsaiti geri qaytarılmamışdır. Bu faktlar iş üzrə mübahisələndirilmir və sənədlərlə tam sübuta yetirilmiş hesab olunur. Məhkəmə, müəyyən edilmiş faktiki hallara hüquqi qiymət verərkən, tətbiq edilən normanın təkcə hərfi mənasını deyil, həm də onun hüquqi təyinatını, qanunvericinin iradəsini və qoruduğu ictimai münasibətlərin mahiyyətini əsas götürür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi valyuta tənzimi sahəsində dövlətin iqtisadi siyasətinin mühüm alətlərindən biridir. Bu normanın məqsədi sadəcə formal bir prosedur tələbini müəyyən etmək deyil, daha fundamental məqsədlərə xidmət edir. Normanın əsas təyinatı, idxal əməliyyatı adı altında pərdələnmiş, əslində isə geri qayıtmayan valyuta vəsaitlərinin ölkədən çıxarılmasının qarşısını almaqdır. Ölkədən çıxan və geri qayıtmayan hər bir valyuta vahidi dövlətin tədiyyə balansına mənfi təsir göstərir. Qanunverici bu müddəti müəyyən etməklə, iqtisadi subyektləri valyuta əməliyyatlarına məsuliyyətlə yanaşmağa və ölkənin makroiqtisadi sabitliyini təmin etməyə sövq edir. Valyuta vəsaitlərinin hərəkətinə nəzarət, həm də çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi kimi transmilli cinayətlərin qarşısının alınmasında mühüm rol oynayır. Azərbaycan Respublikası Mərkəzi X1 20 fevral 2020-ci il tarixli Qərarı ilə müvafiq Qaydalara edilən dəyişikliklə, avans ödənişləri üzrə öhdəliyin icra müddətinin 270 gündən 2 ilədək uzadılması qanunvericinin sahibkarlıq fəaliyyətinin reallıqlarını və beynəlxalq ticarətdəki mümkün gecikmələri nəzərə aldığını göstərir. Bu, kifayət qədər uzun və ağlabatan bir müddətdir ki, bu müddət ərzində öhdəliyin icra edilməməsi artıq subyektin məsuliyyətsizliyinə və ya qanunun tələblərinə biganəliyinə dəlalət edir. İnzibati xətanın obyektiv cəhəti, qanunla müəyyən edilmiş qaydaların pozulması ilə ifadə olunan ictimai təhlükəli əməldə (hərəkət və ya hərəkətsizlikdə) təzahür edir. Bu iş üzrə obyektiv cəhət, hüquqi şəxsin hərəkətsizliyi, yəni valyuta vəsaitinin köçürüldüyü andan etibarən qanunvericiliklə müəyyən edilmiş 2 (iki) illik müddət ərzində idxal əməliyyatını təsdiq edən sənədləri səlahiyyətli banka təqdim etməməsi və ya ödənilmiş vəsaiti geri qaytarmaması ilə tam şəkildə formalaşmışdır. Məhkəmə müəyyən edir ki, 11 oktyabr 2023-cü il tarixində köçürülmüş vəsait üzrə öhdəliyin icra edilməsi üçün son tarix 12 oktyabr 2025-ci il olmuşdur. Bu tarixdən sonrakı gün, yəni 12 oktyabr 2025-ci il tarixində, hüquqi şəxsin hərəkətsizliyi artıq başa çatmış hüquq pozuntusuna çevrilmişdir. Bu andan etibarən inzibati xətanın obyektiv tərkibi mövcuddur və inzibati məsuliyyətə cəlb etmə müddətinin axımı başlamışdır. Bu fakt iş materialları ilə təkzibedilməz şəkildə sübuta yetirilir. Şəxs bir hüquqi şəxs olaraq, öz fəaliyyətində, xüsusilə də valyuta əməliyyatları kimi ciddi nəzarətdə olan bir sahədə qanunvericiliyin tələblərini bilməli və onlara riayət etmək üçün bütün zəruri tədbirləri görməli idi. Öhdəliyin icrası üçün qanunvericiliklə verilmiş 2 illik kifayət qədər uzun müddət ərzində heç bir tədbir görülməməsi, hüquqi şəxsin öz öhdəliklərinə laqeyd yanaşdığını göstərir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, hüquqi şəxsin nümayəndəsi inzibati xəta haqqında protokol tərtib edildikdən və iş məhkəməyə göndərildikdən sonra da öz hüquqlarını müdafiə etmək və ya vəziyyəti düzəltmək üçün aktiv mövqe nümayiş etdirməmişdir. İXM-nin 7.3-cü maddəsinə əsasən, hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xətaların törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bu işdə inzibati tənbehin tətbiqi, digər iqtisadi subyektlərə valyuta tənzimi qaydalarına ciddi riayət etməyin zəruriliyi barədə aydın bir mesaj verəcək və gələcəkdə bu kimi hüquq pozuntularının qarşısının alınmasına xidmət edəcəkdir. Məsuliyyətin qaçılmazlığı prinsipinin təmin edilməsi, ümumilikdə hüquq qaydasının möhkəmləndirilməsi üçün zəruridir. İXM-nin 32 və 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar bu işdə müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilən faktiki halların və hüquqi əsasların məcmusunu qiymətləndirərək, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin tam sübuta yetirildiyi qənaətinə gəlir. Buna görə də həmin hüquqi şəxsə Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinin sanksiyası həddində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin faizi məbləğində cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 195900.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 39.180 ABŞ dolları (qərar icra edilən günə manatın məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar