Məhkəmə qərarları › İş №3(005)-4576/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4576/2025

04.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4576/2025 04.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 347-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Şəxs MMC barəsində İXM-nin 347-ci maddəsi ilə İXP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə bildirdi ki, sorğu onların hüquqi ünvanlarına göndərilmiş lakin faktiki ünvanlarına göndərilməmişdir. Lakin bildirişdə adı qeyd edilən Xəlilov Toğrul (axran) adlı şəxs onların şirkətində işləmir. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə ə protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi DYPŞ tərəfindən tərtib İXP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki Şəxs MMC tərəfindən mülkiyyətində olan “X1 Rover Sport” minik markalı, **-YK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yol hərəkəti qaydalarını pozması ilə əlaqədar tərtib edilmiş elektron protokollar barədə məlumatı qəbul etdikləri gündən 5 gün müddətində həmin nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə rəsmi məlumat verilməmişdir. Buna görə də hüquqi şəxs barəsində İXM-nin 347-ci maddəsi ilə protokol tərtib edilmişdir; DİN-in DYP Web Portalından çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxs MMC-nin mülkiyyətində olan “X1 Rover Sport” minik markalı, **-YK-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; Bakı şəhəri Nərimanov RPİ-nin X2 Şöbəsindən Şəxs MMC-yə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, məktub Şəxs MMC-nin hüquqi ünvanına göndərilmiş və tarix qeyd edilmədən adı “Xəlilov Toğrul (axran)” adlı şəxs tərəfindən qəbul olunmuşdur. Hüquqi məsələlər Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir 105.1-ci maddəsinə əsasən İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 347-ci maddəsinin dispozisiyasına əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə –vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, iş materiallarında olan poçt xəbərnaməsinə dair qeyd edir ki, İXM-nin 57ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Lakin, iş materiallarında olan poçt xəbərnaməsində isə İXM-nin göstərilən tələblərinə riayət edilməmişdir. Belə ki, Bakı şəhəri Nərimanov RPİ-nin X2 Şöbəsindən Şəxs MMC-yə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsində xəbərnamənin alıcı tərəfindən-“ Xəlilov Toğrul (axran)” qeydi ilə xx.xx.2025-ci il tarixdə qəbul edildiyi görünsə də, poçt qəbzinə imza atan şəxsin həmin hüquqi şəxsə bağlılığını Şəxs MMC-nin işçisi olub olmamasını) müəyyən etmək mümkün olmamışdır. Belə ki, məhkəmə iclasında iştirak etmiş nümayəndə həmin ünvanın biznes mərkəzi olduğunu və “Xəlilov Toğrul” adında əməkdaşları olmadığını bildirmişdir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş qəbzdə məktubun xx.xx.2025-ci il tarixdə hüquqi şəxsə çatdırılması qeyd olunur. Lakin, poçt göndərişinin elektron izləmə portalından edilmiş çıxarışından görünür ki, 15 avqust 2025-ci il tarixdə çatdırıldığı qeyd edilən məktub hələ həmin tarixdə poçt şöbəsinə daxil olmuş, xx.xx.2025-ci il tarixdə isə çatdırılmanın uğursuzluğu ilə bağlı geri qaytarılmışdır. Göründüyü kimi, təqdim edilmiş sübutun özü mötəbər olmamaqla bərabər, iş materiallarında çoxsaylı ziddiyyətli məqamlar mövcuddur. Belə olan halda məhkəmə bütün şübhələrin barəsində icraat aparılan hüquqi şəxsin xeyrinə həll edilməsi qənaətindədir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. (in dubio pro reo) Məhkəmə İXM-in 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni rəhbər tutur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qeyd olunanları rəhbər tutaraq məhkəmə hesab edir ki, Şəxs MMC-nin təqsirliliyi sübuta yetirilmədiyi üçün məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və İXM-nin 43, 53, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar