Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-458/2022 17.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin vəkili X11 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 08 fevral 2022-ci il tarixli “İnzibati xəta haqqında” protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC tərəfindən X8 Cəmiyyətin Mingəçevir şəhərində yerləşən iş sahəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X3 izahatında göstərdi ki, vətəndaş X4 21.01.2022-ci il tarixdə “Construction Engineering" MMC-nin Mingəçevir şəhərində yerləşən iş sahəsində xəsarət alması ilə bağlı “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X14 Təcili və X6 bölməsindən daxil olmuş 21.01.2022-ci il tarixli məlumat əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətində araşdırma aparılmışdır. Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibinin əlamətləri olduğundan barəsində MN seriyalı ******* saylı protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokol əsaslı olduğundan təmin edilərək MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin vəkili X15 izahatında göstərdi ki, inzibati xəta haqqında protokolda göstərilənlərlə razılaşırlar. Lakin, eyni hüquqazidd əmələ görə artıq MMC-nin direktoru X12 barəsində vəzifəli şəxs kimi inzibati tənbeh tətbiq edilmişdir. Bununla bağlı təsdiqedici sənədlər də mövcuddur. Odur ki, eyni əmələ görə təkrar məsuliyyətə cəlb etmə yolverilməzdir. Qeyd etdiklərini nəzərə alaraq X9 Xidmətinin MN seriyalı ******* nömrəli protokolun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X9 Xidmətinin “İstehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar daxil olan” 21 yanvar 2022-ci il tarixli, 03 nömrəli məlumatından görünür ki, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasından daxil olmuş məlumatda X2 baldır nahiyyəsinin açıq sınığı xəsarəti aldığı göstərilmişdir. Şəxs MMC-də Layihə rəhbəri vəzifəsində çalışan X7 izahatından görünür ki, 2021-ci ilin oktyabr ayından Mingəçevir şəhərində aparılacaq rabitə xətlərinin yenilənməsi işlərinə cəlb olunmuşlar. Həmin işlərə rəhbərliyi o həyata keçirir. Həmin işlərin həyata keçirilməsi üçün əlavə işçi qüvvəsi lazım olduğuna görə, rəhbərliklə razılaşaraq Mingəçevir şəhərindən X8 ilə razılaşıb işə götürmüşdür. Ondan sənədlərini alıb 2022-ci ilin yanvar ayının 16-da baş idarəyə göndərmişdir. Rəhbərlikdən ona göstəriş verilmişdir ki, E.Məmmədovu rəsmi surətdə işə götürənə kimi buraxmayın. Lakin təxirəsalınmaz işlərlə bağlı o, məcburi surətdə rəhbərliyə məlumat vermədən Elçini təhlükəsizlik qaydalarında təlimatlandırmaqla yanvar ayının 18-dən onu işə buraxmışdır. 21.01.2022-ci il tarixdə Mingəçevir şəhəri, Moqamayev küçəsində aparılan işlər zamanı onun işə götürdüyü E.Məmmədov yaşayış binasının giriş hissəsinin üstündən nərdivanla düşərkən ehtiyatsızlıq etmiş və sağ ayağı pillələrin arasına keçməklə yerə yıxılıb xəsarət almışdır. Həmin vaxt orada olmamış, işçilərə onu dərhal xəstəxanaya çatdırmağı tapşırmışdır. İş materiallarında olan əmək müqaviləsinin surətindən görünür ki, işəgötürən Şəxs MMC-nin direktoru X12 ilə işçi X8 arasında 17 yanvar 2022-ci il tarixdə əmək müqaviləsi bağlanmış, X8 montajçı vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X8 barədə əmək müqaviləsinin bildirişi 21.01.2022-ci il tarixdə imzalanmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, həmin Məcəllənin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi əmək hüquq münasibətlərini tənzimləyən yazılı sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 1-ci və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; Həmin Məcəllənin 7-ci maddəsinə əsasən:
1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 42-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəyə əsasən:
1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
2. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir.
3. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir.
4. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən Şəxs MMC tərəfindən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Məhkəmə iclasında tədqiq edilmiş əmək müqaviləsinin bildirişi, habelə iş üzrə araşdırılmış digər sübutlarla müəyyən olunmuşdur ki, işəgötürən X12 ilə X8 arasında əmək müqaviləsi 17.01.2022-ci il tarixdə bağlanmış, lakin əmək müqaviləsinin bildirişi 21.01.2022-ci il tarixdə, yəni X4 Şəxs MMC-nin Mingəçevirdə yerləşən iş sahəsində xəsarət aldığı və bu barədə X9 Xidmətinə məlumat verildiyi gün sistemə daxil edilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış X9 Xidməti Şəxs MMC tərəfindən işçilərin əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməməsinə dair pozuntuya yol verilməsini aşkar etməklə işəgötürən tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş Şəxs MMC barəsində haqlı olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Beləliklə, məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsi hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi, bununla da Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. (İXM-in 32-ci və 33-cü maddələri). Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20000 (iyirmi min) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Vüsal Qurbanov