Məhkəmə qərarları › İş №3(005)-4595/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4595/2025

21.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4595/2025 21.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X5, Barəsində inzibati xəta üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi (vəkil) X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə Azərbaycan Respublikası ƏƏSMN yanında X6 Xidmətinin Bakı şəhər idarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokol baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X3 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxs MMC-nin ünvanına 3-17-5/2-78027/2025 nömrəli məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində DƏMX-nin Bakı şəhər idarəsinə tam, düzgün və vaxtında təqdim olunması tələb olunmuş, lakin MMC tərəfindən tələb olunan sənədlər xx.xx.2025-ci il tarixədək təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası ƏƏSMN yanında X6 Xidmətinin nümayəndəsi X9 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək hüquqi şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, poçt göndərişlərinin izlənməsinə əsasən xx.xx.2025-ci il tarixli 3-17-5/2-78027/2025 nömrəli məktub hüquqi şəxsin ünvanına çatmasa da, “ASİS” vasitəsilə işə götürənin kabinetinə xx.xx.2025-ci il tarixli sorğu məktubu yerləşdirilmişdir. Bu sorğu məktubuna elektron poçt ünvanı vasitəsilə cavab verilməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta üzrə icraat aparılan hüquqi şəxsin vəkili X2 çıxış edərək bildirmişdir ki, vətəndaş X3 şikayəti əsasında Azərbaycan Respublikası ƏƏSMN yanında X6 Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-78027/2025 nömrəli məktubu hüquqi şəxsin ünvanına ümumiyyətlə daxil olmamışdır. Hansı ki, hazırkı inzibati xəta haqqında protokol məhz həmin məktubun cavablandırılmamasına görə tərtib edilmişdir. Hüquqi şəxsə həmin məktub çatmadığı halda bu sorğu üzrə inzibati xəta haqqında protokolun tərtib edilməsi qanunsuz və əsassızdır. Müfəttişlik tərəfindən yalnız elektron sistem üzərindən xx.xx.2025-ci il tarixli sorğu işə götürənin kabinetinə daxil olmuş, bu məktubun sonuncu icra tarixi kimi xx.xx.2025-ci il tarixi müəyyən edilmişdir. Hüquqi şəxs tərəfindən sorğu gec görünsə də xx.xx.2025-ci il tarixdə mailto:royal.construction.qrup@gmail.comElektron ünvan elektron poçt ünvanından “demx_bshi” ünvanına tələb olunan sənədlər və sorğuya cavab məktubu göndərilmişdir. Bundan sonra müfəttişliklə əlaqə saxlanılmış, bu barədə məlumat verilmiş, çatışmazlıq varsa təkrar sənədləri göndərə biləcəyi bildirilmişdir. Hüquqi şəxs tərəfindən sənədlərin göndərilməsini təsdiq edən çıxarış məhkəməyə təqdim edilir. Bu sənədlərin xx.xx.2025-ci il tarixdə, yəni vaxtında göndərilməsi çıxarışla təsdiqini tapır. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, vətəndaş X3 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxs MMC-yə 3-17-5/2-78027/2025 nömrəli məktub göndərilərək qeyd olunan sənədlərin 7 iş günü ərzində DƏMX-nin BŞİ-nə tam, düzgün və vaxtında təqdim olunması tələb olunmuş, lakin məktubun çatdırılmasına baxmayaraq MMC tərəfindən tələb olunan sənədlər xx.xx.2025-ci il tarixədək təqdim edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-5/2-78027/2025 nömrəli məktubun məzmunundan görünür ki, qeyd olunmuş müvafiq sənədlərin (əmək müqaviləsinin surəti (elektron əmək müqaviləsi olmadığı təqdirdə), əmək haqqının hesablanması və ödənilməsinə dair müvafiq sənədlər, vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubu) 7 iş günü ərzində X6 Xidməti Bakı şəhər idarəsinə təqdim edilməsi tələb olunmuşdur. SS929724115AZ kodlu poçt göndərişinin “www.azems.az” internet səhifəsindən izlənməsinə dair çıxarışdan görünür ki, məktub xx.xx.2025-ci il saat 12:00-da AZ1114 poçt məntəqəsi tərəfindən qəbul edilərək xx.xx.2025-ci il saat 19:58-də AZ9095 mübadilə məntəqəsinə təqdim edilmiş, xx.xx.2025-ci il saat 11:07-də AZ1069 poçt məntəqəsinə daxil olmuş, xx.xx.2025-ci il saat 11:47-də AZ1069 poçt məntəqəsi tərəfindən çatdırma cəhdi uğursuz olduğuna görə göndəriş yenidən istiqamətləndirilməklə xx.xx.2025-ci il saat 14:58də AZ9095 mübadilə məntəqəsinə çatdırılmış, xx.xx.2025-ci il saat 10:48-də AZ1110 poçt məntəqəsinə daxil olmuş, xx.xx.2025-ci il saat 11:48-də AZ1110 poçt məntəqəsi tərəfindən çatdırma cəhdi uğursuz olduğuna görə göndəriş xx.xx.2025-ci il saat 14:52-də AZ9095 mübadilə məntəqəsinə qaytarılmış, xx.xx.2025-ci il saat 10:02-də AZ1113 poçt məntəqəsinə daxil olmuş, xx.xx.2025-ci il saat 12:54-də “X6 Xidməti”-nə çatdırılmış, yəni məktub geri qaytarılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən təqdim edilmiş “Əmək və məşğulluq altsistem”i vasitəsilə ilə göndərilən məktubun çıxarışından görünür ki, Şəxs MMC-nin şəxsi kabinetinə xx.xx.2025-ci il tarixli sənəd yerləşdirilmiş, icra tarixi xx.xx.2025-ci il kimi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən təqdim edilmiş elektron poçt ünvanı üzrə göndərişin çıxarışından görünür ki, mailto:royal.construction.qrup@gmail.comElektron ünvan elektron poçt ünvanından “demx_bshi” ünvanına xx.xx.2025-ci il saat 11:04-də X8 barədə DƏMX-nin Bakı şəhər idarəsindən daxil olmuş **********203 nömrəli məktuba cavab olaraq sənədlər göndərilmişdir. Şəxs MMC-nin direktoru Nümayəndə tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli etirazdan görünür ki, Şəxs MMC barəsində İXM-nin 539.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır və ləğv edilməlidir. Belə ki, inzibati orqan tərəfindən tələb olunan məlumat və sənədlər şirkət tərəfindən xx.xx.2025-ci il tarixində Müfəttişliyin rəsmi elektron poçt ünvanına tam şəkildə göndərilmişdir. Təqdimetmə faktı e-poçt göndəriş qeydləri ilə sübuta yetirilir və etiraza əlavə olunur. Bu halda 539.3-cü maddənin tətbiqi üçün zəruri hüquqi şərt məlumatın təqdim edilməməsi mövcud olmadığından inzibati xəta tərkibi ümumiyyətlə yaranmamışdır. Tələbin müəyyən müddətdə təqdim olunması tərəfin öhdəliyinin tam yerinə yetirildiyini göstərir. Buna baxmayaraq protokolun tərtib edilməsi həm maddi hüquq, həm də prosessual normaların pozulması ilə müşayiət olunduğundan, Şəxs MMC barəsində başlanmış inzibati icraata xitam verilməsini xahiş etmişdir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətindən daxil olmuş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokolu və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməmişdir. Məhkəmə ilkin olaraq onu qeyd edir ki, inzibati xəta haqqında protokola əsasən X3 şikayəti əsasında Şəxs MMC-yə xx.xx.2025-ci il tarixli, 3-17-5/2-78027/2025 nömrəli məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində tam, düzgün və vaxtında təqdim olunması tələb olunmuş, lakin məktubun çatdırılmasına baxmayaraq MMC tərəfindən tələb olunan sənədlərin xx.xx.2025-ci il tarixədək təqdim edilmədiyi göstərilsə də, iş materiallarında olan xx.xx.2025-ci il tarixli elektron poçt ünvanının çıxarışından görünür ki, xx.xx.2025-ci il tarixdə sorğuya cavab verilməklə müvafiq sənədlər Müfəttişliyin “demx_bshi” ünvanına göndərilmişdir. Göründüyü kimi inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olan xx.xx.2025-ci il tarixli 3-17-5/2-78027/2025 nömrəli məktub MMC-nin hüquqi ünvanına ümumiyyətlə daxil olmasa da, işə götürənin elektron kabinetinə yerləşdirilmiş xx.xx.2025-ci il tarixli sorğu üzrə hüquqi şəxs tərəfindən nəzərdə tutulan icra tarixində, yəni xx.xx.2025-ci ildə X6 Xidmətinin Bakı şəhər idarəsinə tələb olunan sənədlərin göndərilməsi təmin edilmişdir. Qeyd olunanlar hüquqi şəxsin əməlində Azərbaycan Respublikası İXM-in 539.3cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin olmadığını təsdiq edir. Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Bu mövqeyi rəhbər tutaraq məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar digər zəruri sübutlarla təsdiq olunmalıdır. Beləliklə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.1.2, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar