Məhkəmə qərarları › İş №3(005)-4597/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4597/2025

18.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4597/2025 18.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı Şəhər Reklam İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı Şəhər Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı Şəhər Reklam İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə 27 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı Şəhər Reklam İdarəsindən şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, X5 59 ünvanında xx.xx.2025-ci il tarixdə, saat 15:37də “X6” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirmə faktı aşkar edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı Şəhər Reklam İdarəsinin nümayəndəsi X2 bildirmişdir ki, vəzifəli şəxs Şəxs Bakı şəhəri, X5 59 ünvanda olan “X6” adlı obyektdə müvafiq icazə və icazə müqaviləsi olmadan açıq məkanda reklam yayımını həyata keçirmişdir. Aşkar edilmiş faktla bağlı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokol əsaslı olduğundan Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs izahatında bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X5 59 küçəsində yerləşən “X6” adlı obyekt ona məxsusdur. Üç ildir ki, Reklam Agentliyindən izacə almaqla, dövlət rüsumunu və yayım haqqını vaxtı-vaxtında ödəməklə obyektin üzərində reklam quraşdırmışdır. Xəstəliyi ilə əlaqədar ölkə xaricində olduğu vaxtda Bakı Şəhər Reklam İdarəsi tərəfindən obyektə baxış keçirilmiş və xx.xx.2025-ci il tarixli 11-3-1/2-6749/2025 nömrəli göstəriş ünvanlanmaqla müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirildiyinə görə 5 gün ərzində müvafiq yayım haqqı məbləğinin ödənilməsi tələb edilmişdir. Bu barədə ona xx.xx.2025-ci il tarixdən, yəni ölkəyə qayıtdıqdan sonra işçilər tərəfindən məlumat verilmişdir. Bu səbəbdən qısa müddət ərzində bu işlərlə məşğul olub, xx.xx.2025-ci il tarixdə Reklam Agentliyinə müraciət etməklə dərhal yayım haqqını ödəmişdir. Göstərilənlər nəzərə alınaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 27 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, X5 59 ünvanında xx.xx.2025-ci il tarixdə, saat 15:37-də “X6” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirmə faktı aşkar edilmişdir. xx.xx.2025-ci il tarixli “Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair Akt” dan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 11:30da Bakı şəhəri, Nərimanov rayonu, X4 59 ünvanında “X6” adlı obyektin üzərində müvafiq icazə olmadan 4 ədəd 11.12 m2 ölçüdə reklam daşıyıcısı aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli fotoşəkillərdən görünür ki, ”X6” adlı obyektin qarşısında “X6”nə məxsus 4 ədəd reklam yerləşdirilmişdir. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı Şəhər Reklam İdarəsinin xx.xx.2025-ci il tarixli 11-3-1/2-6749/2025 nömrəli göstərişindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti 59 ünvanında “X6” adlı obyektin üzərində “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozularaq müvafiq icazə olmadan açıq məkanda yerləşdirildiyi aşkar edilmiş və bu barədə xx.xx.2025-ci il tarixli akt tərtib edilmişdir. Bu səbəbdən 5 gün ərzində müvafiq yayım haqqı məbləğinin ödənilməsi tələb edilməklə, əks halda Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə vəzifəli şəxs Şəxs xəbərdarlıq edilmişdir. “Açıq məkanda reklam yerləşdirilməsinə dair” xx.xx.2025-ci il tarixli, **********0002 nömrəli icazə sənədindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti 59 ünvanında xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək reklam yerləşdirilməsinə icazəsi verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet səhifəsindən əldə edilmiş çıxarışdan görünür ki, “X6” adlı obyektin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti 59 prospektidir. İş materiallarında olan fərqli tarixli ödəniş tapşırıqlarından görünür ki; xx.xx.2024-cü il tarixdə № OD3 nömrəli ödəniş tapşırığına əsasən 567.12 azn və həmin tarixdə № OD3EDV nömrəli ödəniş tapşırığına əsasən isə 102.08 azn ADRA Bakı şəhər Reklam İdarəsinə ödəniş etmişdir. xx.xx.2024-cü il tarixdə № BD1 nömrəli ödəniş tapşırığına əsasən 567.12 azn ADRA Bakı şəhər Reklam İdarəsinə ödəniş etmişdir. xx.xx.2024-cü il tarixdə № BD1 nömrəli ödəniş tapşırığına əsasən 94.52 azn, həmin tarixdə № BD1EDV nömrəli ödəniş tapşırığına əsasən isə 17.01 azn ADRA Bakı şəhər Reklam İdarəsinə ödəniş etmişdir. xx.xx.2024-cü il tarixdə № BD5 nömrəli ödəniş tapşırığına əsasən 94.52 azn, həmin tarixdə № BD5EDV nömrəli ödəniş tapşırığına əsasən isə 17.01 azn ADRA Bakı şəhər Reklam İdarəsinə ödəniş etmişdir. xx.xx.2024-cü il tarixdə № MvfuDHr1 nömrəli ödəniş tapşırığına əsasən 94.52, həmin tarixdə № MvfuDHr1EDV nömrəli ödəniş tapşırığına əsasən isə 17.01 azn ADRA Bakı şəhər Reklam İdarəsinə ödəniş etmişdir. xx.xx.2025-ci il tarixdə № MVfcUcl1 nömrəli ödəniş tapşırığına əsasən 189.04, həmin tarixdə № MVfcUcl1EDV nömrəli ödəniş tapşırığına əsasən isə 34.03 azn ADRA Bakı şəhər Reklam İdarəsinə ödəniş etmişdir. xx.xx.2025-ci il tarixdə № MV6BCxz1 nömrəli ödəniş tapşırığına əsasən 94.52, həmin tarixdə № MV6BCxz1EDV nömrəli ödəniş tapşırığına əsasən isə 17.01 azn ADRA Bakı şəhər Reklam İdarəsinə ödəniş etmişdir. xx.xx.2025-ci il tarixdə № MVEXaWVP1 nömrəli ödəniş tapşırığına əsasən 94.52, həmin tarixdə № MVEXaWVP1EDV nömrəli ödəniş tapşırığına əsasən isə 17.01 azn ADRA Bakı şəhər Reklam İdarəsinə ödəniş etmişdir. xx.xx.2025-ci il tarixdə № MVni7ad1 nömrəli ödəniş tapşırığına əsasən 189.04, həmin tarixdə № MVni7ad1EDV nömrəli ödəniş tapşırığına əsasən isə 34.03 azn ADRA Bakı şəhər Reklam İdarəsinə ödəniş etmişdir. xx.xx.2025-ci il tarixdə № MVGİ4241 nömrəli ödəniş tapşırığına əsasən 283.56, həmin tarixdə № MVGİ4241EDV nömrəli ödəniş tapşırığına əsasən isə 51.04 azn ADRA Bakı şəhər Reklam İdarəsinə ödəniş etmişdir. xx.xx.2025-ci il tarixdə № MVBRsNA2 nömrəli ödəniş tapşırığına əsasən 139 azn, həmin tarixdə № MVHWuaE1 nömrəli ödəniş tapşırığına əsasən 111.2 azn, № MVBRsNA2EDV nömrəli ödəniş tapşırığına əsasən isə 25.02 azn ADRA Bakı şəhər Reklam İdarəsinə ödəniş etmişdir. “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş sərhədkeçmə məlumatlarına aid çıxarışdan görünür ki, barəsində iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs xx.xx.2025-ci il tairxdən xx.xx.2025-ci il tarixədək ölkə xaricində olmuşdur. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə aparılan araşdırma ilə müəyyən edilmişdir ki, Şəxs “Açıq məkanda reklam yerləşdirilməsinə dair” xx.xx.2025-ci il tarixli, **********0002 nömrəli icazə sənədinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti 59 ünvanında xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək reklam yerləşdirilməsinə icazə almış və vaxtı-vaxtında ödənişləri yerinə yetirmişdir. Sərhədkeçmə məlumatlarına əsasən Şəxs səlahiyyətli orqan tərəfindən aktın tərtib edildiyi xx.xx.2025 və göstərişin verildiyi xx.xx.2025-ci il tarixlərdə ölkə ərazisində olmamış, xx.xx.2025-ci il tarixdə ölkəyə qayıtdıqdan qısa müddət sonra aidiyyəti üzrə müraciət edərək ödənişi icra etmişdir. Göründüyü kimi Şəxs Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı Şəhər Reklam İdarəsinin xx.xx.2025-ci il tarixli 11-3-1/2-6749/2025 nömrəli göstərişində qeyd olunan pozuntunu vaxtında aradan qaldıra bilməməsinin səbəbi xəstəliyi ilə əlaqədar ölkə hüdudlarından kənarda olması ilə bağlı olmuşdur. Ona görə də vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 428.7.1-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Reklam haqqında Azərbaycan Respublikası Qanununun: 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. 26.2-3-cü maddəsinə əsasən reklam yayıcısı açıq məkanda reklam yayımına görə bu Qanunun 35.3-cü maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödəyir. 35.3-cü maddəsinə əsasən açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci cümləsinin tələbi nəzərə alınmaqla, açıq məkanda reklam yayımına görə haqqın ödənilməsi ilə bağlı məsələlər hər bir reklam yayıcısına bu Qanunun 26.2-ci maddəsinə uyğun olaraq verilən icazədə müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 2.9-cu bəndinə əsasən icazə verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi məbləğdə dövlət rüsumu müvafiq qurumun verdiyi bildiriş alındığı tarixdən 5 iş günü ərzində reklam yayıcısı tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd müvafiq quruma təqdim olunur. Fərmanın 2.10-cu bəndinə əsasən dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənədi reklam yayıcısı müvafiq quruma təqdim etdikdən sonra 2 iş günündən gec olmayaraq icazə reklam yayıcısına verilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. İcazənin formasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Fərmanın 3.7-ci bəndinə əsasən müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, İXM-ə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir. Beləliklə, vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə təqsirliliyin sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.1.2, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.1.2ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar