Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-461/2022 15.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X2, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondunun nümayəndəsi X4, X1 iştirakı ilə, DSMF Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialın direktoru Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X5 icra sənədinin icrası ilə bağlı borclu DSMF Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialın direktoru Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 14 fevral 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, icra sənədinin icrası cavabdeh təşkilatın rəisi Şəxs tərəfindən üzrsüz səbəbdən icra olunmamış, ünvanına göndərilmiş bildiriş və xəbərdarlıqlara baxmayaraq, “İcra haqqında” Qanunun 3.2, 84.1-ci maddələrinin tələblərinə biganə yanaşaraq icra sənədinin icrasını təmin etməmişdir. Nəticədə, borclu DSMF Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialın direktoru Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokola əlavədən görünür ki, Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81 )-2113/2018 nömrəli, 30.05.2018-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçı X3 01.09.1970-31.08.1975-ci illər ərzində ali məktəbdə əyani təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilməsi və 01.09.2008-17.12.2011-ci illər dövründə Gürcüstan Respublikasında fərdi hesabına ödənilmiş sosial sığorta kapitalının əmək pensiyasının hesablanmasında alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinə həvalə edilmişdir. İcra sənədi şöbənin icraatına 17.05.2021-ci il tarixdə daxil olmuşdur. İcra vərəqəsinə əlavə edilmiş icraat materiallarından müəyyən olunmuşdur ki, icra sənədi ilk öncə Səbail rayon icra şöbəsində olmuş və iş üzrə icraata xitam verilmişdir, lakin tələbkar qərardan şikayət etmıişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)- 76/2021 saylı, 10.03.2021-ci il tarix qərardadı ilə icra sənədi tam icra edilmədiyindən Səbail rayon icra şöbəsi 23.05.2020-ci il tarixli xitam qərarı ləğv edilmişdir. Beləliklə də icra sənədinin Gürcüstan Respublikasında fərdi hesabına ödənilmiş sosial sığorta kapitalının əmək pensiyasının hesablanmasında nəzərə alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinə həvalə edilməsinə dair hissəsi 17.05.2021-ci il tarixdə icra olunması üçün icra vərəqəsi ilə borclu qismində tanınmış DSMF Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmişdir. Lakin cavabdeh təşkilata göndərilmiş bildiriş, qərar və çox sayda xəbərdarlıqlara baxmayaraq icra sənədinin icrası təmin olunmamışdır. Cavabdeh təşkilatın şöbəyə ünvanladığı cavab məktublarında tam icra edə bilməməsinin mümkün olmadığı əsas səbəbi kimi R.Rəhmanovu Gürcüstan Respublikasında işlədiyi dövrlərin sosial sığorta ödənişlərinin Fonda ödənilmədiyi üçün məlumatların onun fərdi şəxsi hesabında əks olunmamasını bildirmişdir. Verilən cavab məktublarına tələbkar icra sənədinin icrasına maneçilik yaradan cavabdeh təşkilat barədə inzibati tədbirlərin görülməsi ilə bağlı etirazla şöbəyə müraciət etmişdir. Etirazı onunla əsaslandırmışdır ki, Dövlətlər arası Sazişin 2-ci maddəsinə əsasən “Tərəflərin vətəndaşlarının pensiya təminatı bu Sazişə uyğun olaraq qarşılıqlı hesablaşmalar əsasında həyat keçirilir. Pensiya xərclərinin ödənilməsi qaydaları Tərəflərin səlahiyyətlli orqanları arasında bağlanmış xüsusi Sazişlə nizama salınır. Dövlətlər arası Sazişin yerinə yetirilməsi cavabdehin vəzifə borcudur. İcra sənədinin tam icrasının təmini məqsədilə borclu təşkilatın rəhbəri Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə 28.12.2021-ci il və 02.02.2022-ci il tarixlərdə inzibati protokolun veriləcəyi barədə xəbərdarlıq edilmiş və 26.01.2022-ci və 14.02.2022-ci il tarixlərdə məhkəməyə inzibati protokol tərtib olunacağı barədə məlumat verilmiş, şöbəyə dəvət olunmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsini müvafiq maddəsinə əsasən barəsində icraat aparılan şəxsin inzibati xəta haqqında materiallarla tanış olmaq, İzahat vermək, sübutlar təqdim etmək, etiraz vermək bu və ya digər hüquqların olduğu bildirilmişdir. Həmçinin Şəxs tərəfindən icra sənədinin icrası il bağlı bu günə kimi edilmiş və ya ediləcək hərəkətsizliklərin məhkəmə qərarının icrasına maneçilik kimi qiymətləndiriləcəyi və bu hərəkətsizliklərin məhkəmə qərarının icrasına maneçilik kimi qiymətləndiriləcəyi və bu barədə inzibati protokolda müvafiq qeydlər aparılaraq baxılması üçün müvafiq məhkəməyə təqdim olunacağı da onun nəzərinə çatdırılmışdır. Cavabdeh təşkilatın direktoru Şəxs Ağasən oğlu şöbəyə müvafiq cavab məktubları ünvanlayaraq, şöbəyə gəlməmiş, məhkəmə qərarı ilə müəyyən edilmiş icra məmurunun qanunvericilikdən irəli gələn tələblərini icra etməkdən, qərəzli olaraq icra sənəd üzrə üzərinə qoyulmuş vəzifəni icra etməkdən yayınmışdır. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında iştirak edən tələbkar X6 izahatında icra sənədini tam icra etmədiyi üçün borclu vəzifəli şəxs barədə inzibati tənbeh növünün tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondunun nümayəndəsi X7 izahatında göstərdi ki, Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2113/2018 nömrəli, 30.05.2018-ci il tarixli icra sənədinin Gürcüstan Respublikasında fərdi hesabına ödənilmiş sosial sığorta kapitalının əmək pensiyasının hesablanmasında nəzərə alınması hissəsinin icra edilməsi üçün Gürcüstan Respublikasına sorğu göndərilmişdir. Belə ki, Gürcüstan Respublikası X3 01.09.1970-31.08.1975-ci illər ərzində ali məktəbdə əyani təhsil aldığı 01.09.2008- 17.12.2011-ci illər dövründə Gürcüstan Respublikasında fərdi hesabına ödənilmiş sosial sığorta kapitalı fondun hesabına köçürülməlidir. Həmin köçürülmə həyata keçiriləndən sonra icra sənədinin tam icrası mümkün olacaqdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs DSMF Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialın direktoru Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin göstərilən şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Buna görə də məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81 )-2113/2018 nömrəli, 30.05.2018-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçı X3 01.09.1970-31.08.1975-ci illər ərzində ali məktəbdə əyani təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilməsi və 01.09.2008- 17.12.2011-ci illər dövründə Gürcüstan Respublikasında fərdi hesabına ödənilmiş sosial sığorta kapitalının əmək pensiyasının hesablanmasında alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinə həvalə edilmişdir . Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-76/2021 saylı, 10.03.2021-ci il tarixli qərardadından görünür ki, Səbail rayon icra və probasiya şöbəsinin icra məmuru Yaqub Məmmədov tərəfindən qəbul edilmiş 23 may 2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ləğv edilmişdir. “İcraata başlamaq haqqında” 17 may 2021-ci il tarixli qərardan və həmin tarixli bildirişin surətindən görünür ki, borclu DSMF Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialın direktoru Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81 )-2113/2018 nömrəli, 30.05.2018-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İcra sənədinin Gürcüstan Respublikasında fərdi hesabına ödənilmiş sosial sığorta kapitalının əmək pensiyasının hesablanmasında nəzərə alınması tələb olunur. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81)- 2113/2018 nömrəli, 30.05.2018-ci il tarixli icra sənədinin icrası ilə bağlı icra məmurunun tələbi borclu vəzifəli şəxs tərəfindən üzürsüz səbəbdən tam olaraq icra edilməmişdir. Belə ki, tələbkar tərəfindən icra sənədi Gürcüstan Respublikasında fərdi hesabına ödənilmiş sosial sığorta kapitalının əmək pensiyasının hesablanmasında nəzərə alınması hissəsində icra edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə vəzifəli şəxs DSMF Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialın direktoru Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri vardır və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar, həmçinin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Beləliklə də, məhkəmə hesab edir ki, vəzifəli şəxs DSMF Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialın direktoru Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli və inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında İXM-in 32 və 33-cü maddələrinə müvafiq olaraq vəzifəli şəxs DSMF Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialın direktoru Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, DSMF Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialın direktoru Şəxs icra sənədinin icrasını qərəzli olaraq tam təmin etmədiyini, Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qərarlarının icra edilməməsini, həmçinin inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, DSMF Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialın direktoru Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: DSMF Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialın direktoru Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 (min iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-461/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-461/2022
15.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver