Məhkəmə qərarları › İş №3(005)-4615/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4615/2025

05.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4615/2025 05.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X6 tərəfindən “Ulduz” X4 direktoru Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 22 oktyabr 2025-ci il tarixli protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 22 oktyabr 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-260/23 saylı icra sənədi üzrə borclu “Ulduz” X4 rəhbəri Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədlərinin icrasından yayınmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs çıxış edərək bildirmişdir ki, həmin müəssisədə müvəqqəti olaraq direktor vəzifəsini icra etmişdir. Belə ki, müəssisənin ləğvi istiqamətində işlərin aparılması, möhürdən istifadə olunması üçün müvəqqəti həmin vəzifəni icrası ona həvalə olunmuşdur. Bakı şəhərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması tədbirləri çərçivəsində Birliyin ərazisində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin inzibati binası tikilərək istifadəyə verilmiş, bu səbəbdən hazırda birliyin heç bir fəaliyyəti və əmlakı yoxdur. Hazırda Birliyinin müvafiq qaydada (əmək müqaviləsi ilə) təyin edilmiş baş direktoru (qanuni təmsilçisi) yoxdur. Lakin Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq əmri ilə Şəxs xx.xx.2025-ci il tarixindən 3 (üç) ay müddətinə Birliyin baş direktoru vəzifəsinin icrası həvalə edilmişdir. Hazırda həmin müddət başa çatmışdır və direktor özü deyildir. Qeyd etdiklərinin nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq protokol tərtib etmiş orqanın nümayəndəsi və zərəçəkmiş şəxsə (tələbkar) məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmişdilər. Məhkəmə həmin şəxslərin iştirakları olmadan məhkəmə prosesinin davam etdirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-260/23 saylı qərarından görünür ki, iddia qismən təmin edilmiş, X2 2008-2021-ci illər ərzində ödənilməmiş 51904,56 manat (əlli bir min doqquz yüz dörd manat əlli altı qəpik) əmək haqqı və 3894,60 manat (üç min səkkiz yüz doxsan dörd manat altmış qəpik) məzuniyyət pulunun cəmi məbləğini təşkil edən məbləğ 55799,16 manat (əlli beş min yeddi yüz doxdan doqquz manat on altı qəpik) məbləğində pul cavabdeh “Ulduz” X5 tutularaq iddiaçı X3 ödənilməsi qət etmişdir. 05 avqust 2025-ci il tarixli qərardan görünür ki, icra məmuru tərəfindən icraata başlama haqqında qərar qəbul edilmişdir və həmin tarixdə hüquqi şəxsə bildiriş göndərilmişdir. xx.xx.2025-ci il tarixli K-329 saylı əmrin təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra - Xidmət) tabeliyindəki X1 və Koordinasiya Mərkəzi publik hüquqi şəxsin İstehsal və xidmət müəssisələrinin idarə edilməsi şöbəsinin Korporativ idarəetmə və analitik təhlil sektorunun baş mütəxəssisi Şəxs 2025-ci il 4 avqust tarixindən 3 (üç) ay müddətinə "Ulduz" Elm-İstehsalat Birliyinin direktoru vəzifəsinin icrası həvalə edilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən, Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Hazırkı inzibati xəta haqqında iş üzrü icraatın predmeti, "Ulduz" X4 direktoru Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi faktının, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədib-törətməməsi məsələsinin müəyyən edilməsindən ibarətdir. İXM-nin 528.1-ci maddəsinin dispozisiyası, inzibati məsuliyyətin yaranması üçün iki fundamental şərtin mövcudluğunu tələb edir: icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi, yaxud icra məmurunun digər qanuni tələblərinin yerinə yetirilməməsi. Hər iki halda, əməlin hüquqi tərkibinin mövcudluğu üçün təqsir elementinin, xüsusilə də üzrsüz səbəbin olması zəruri şərtdir. İXMnin 3-cü maddəsi də imperativ qaydada müəyyən edir ki, yalnız inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş və bu əməlin törədilməsində təqsirli hesab edilən şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Məhkəmə, icraatın obyektiv tərəfini təhlil edərək müəyyən edir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı mövcuddur və bu qərarın icrası ilə bağlı icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarlar qəbul edilmiş, borclu tərəfə könüllü icra üçün müddət müəyyən edilmişdir. Həmin qərarların icra edilmədiyi faktı da mübahisəsizdir. Lakin, inzibati məsuliyyətin yaranması üçün yalnız əməlin obyektiv cəhətinin mövcudluğu kifayət deyildir, həmçinin subyektiv cəhətin, yəni təqsirin olması mütləqdir. İcra sənədləri üzrə borclu fiziki şəxs Şəxs deyil, "Ulduz" X7 adlı hüquqi şəxsdir. Şəxs isə həmin hüquqi şəxsin nümayəndəsi qismində çıxış edir və müvəqqəti olaraq direktor kimi çalışmışdır. İş materiallarından və barəsində icraat aparılan şəxsin izahatından göründüyü kimi, "Ulduz" X7 faktiki olaraq mövcud deyil, Şəxs isə həmin hüquqi şəxsin direktoru vəzifəsini müvəqqəti olaraq 3 ay müddətində icra etmişdir. Fəaliyyət göstərməyən, heç bir təsərrüfat əməliyyatı aparmayan və gəlir əldə etməyən bir hüquqi şəxsin maliyyə öhdəliklərini icra etməsi obyektiv olaraq qeyri-mümkündür. Məhkəmə qərarının icrası üçün obyektiv imkanlar mövcud olmadıqda, borclunun nümayəndəsinin bu qərarı icra etməməsi "üzrsüz səbəb" kimi deyil, məhz "üzrlü səbəb" kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu öz qərarlarında dəfələrlə qeyd etmişdir ki, tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hazırkı halda, obyektiv imkansızlıq şəraitində olan bir şəxsi məsuliyyətə cəlb etmək ədalətlilik prinsipinə zidd olardı. Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarı məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı İXM-nin 528.1-ci maddəsinin tətbiqi ilə bağlı məsələlərə toxunaraq, bu xətanın uzanan xarakter daşıya biləcəyini və müəyyən hallarda təkrar məsuliyyətin mümkünlüyünü qeyd etmişdir. Lakin həmin Qərarın məntiqi ondan ibarətdir ki, təkrar məsuliyyət yalnız o halda yarana bilər ki, borclu tərəfindən icradan yayınma davam etsin və bu yayınma qərəzli olsun. Hazırkı işdə isə icra etməmənin qərəzli olması, yəni borclunun real imkanı ola-ola qəsdən icradan yayınması sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə qənaətə gəlir ki, Şəxs hərəkətlərində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin subyektiv cəhəti, yəni təqsir (üzrsüz səbəbdən icra etməmə) mövcud deyildir. İcra sənədinin icra edilməməsi onun qərəzli hərəkətlərinin deyil, borclu hüquqi şəxsin fəaliyyətinin tamamilə dayanması və hər hansı bir əmlakının olmaması kimi obyektiv səbəblərin nəticəsidir. Qeyd edilənlərə əsasən, İXM-nin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, Şəxs əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığı qənaətinə gələrək, iş üzrə icraata xitam verilməsini tam əsaslı və qanunauyğun hesab edir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar