Məhkəmə qərarları › İş №3(005)-4616/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4616/2025

18.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4616/2025 18.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Nərimanov rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nərimanov rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 30 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Zəngilan Rayon Məhkəməsinin 16(034)-2/22 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək tələb olunmuş, lakin borclu "xxxx" MTK-nın rəhbəri Şəxs tərəfindən icra sənədinin icrası təmin olunmamış və icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, "xxxx" MTK-ya qarşı müəyyən hərəkətləri etməyin qadağan edilməsinə dair ərizəsinə əsasən Zəngilan Rayon Məhkəməsinin 16(034)-2/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə “Baku City" MTK tərəfindən inşa edilmiş ünvan 1 ünvanında yerləşən yaşayış binasının C blokunda, 4-cü blok mərtəbəsində yerləşən, 1 saylı, 3 otaq, 149.6 kv.m mənzil üzərinə həbs qoyulmuşdur. Həmin qərardada əsasən icra sənədi icrasının təmin edilməsi üçün Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə göndərilmişdir. Qeyd edilən evlə bağlı müəyyən hərəkətlərin edilməsi "xxxx" MTK və digər şəxslərə qadağan olunsa da, şirkət məhkəmənin müvəqqəti təminat tədbiri barədə qərarını saymayaraq binanın layihəsində nəzərdə tutulmadığı halda 3 otaqlı həmin mənzili iki yerə bölməklə iki ədəd 2 otaqlı mənzilə çevirmişdir. Bununla bağlı təyin edilmiş ekspertiza rəyindən də görünür ki, 3-cü blokda 2019cu il tarixli layihə sənədində hər mərtəbədə 4 mənzil layihələndirilsə də faktiki vəziyyətdə hər mərtəbədə 6 mənzil yerləşir. Göründüyü kimi "xxxx" MTK tərəfindən məhkəmənin qərardadı icra edilməmiş, qadağaya baxmayaraq layihədə nəzərdə tutulmadığı halda müqavilə əsasında ona verilməli olan mənzil qanunsuz və əsassız olaraq iki ədəd mənzilə çevrilmiş və bu mənzillər digər şəxslərə müqavilə əsasında satılmışdır. Ona görə də MTK-nın vəzifəli şəxsi barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə icra məmuru və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında protokola əlavədən görünür ki; Zəngilan Rayon Məhkəməsinin 16(034)-2/2022 nömrəli, 29 03.2023-ci il tarixli icra sənədinə əsasən, “Baku City" MTK tərəfindən inşa edilmiş ünvan 1 ünvanında yerləşən yaşayış binasının C blokunda, 4-cü mərtəbəsində yerləşən, 1 saylı, 3 otaq, 149.6 kv.m mənzil üzərinə həbs qoyulmalıdır. Həmin əmlakın Zərərçəkmiş şəxs mənafeyinə zidd olaraq onun yazılı iradəsi olmadan "xxxx" MTK-nın və ya digər şəxslərin mülkiyyətinə dair hər hansı bir sərancam verilməsinin, bu və ya digər şəkildə yüklü edilməsinin, məhz tam və ya hissə-hissə ödənilməsi barədə istənilən kənar şəxsə maliyyə arayışının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçmək üçün tələb olunan digər sənədlərin verilməsini; eyni zamanda "xxxx" MTK tərəfindən pay haqqında razılıq verilməsinin, mənzilin ilkin qeydiyyatının aparılmasına razılıq verilməsinin, mənzildə lahiyədən kənar tikinti, quraşdırma, rekonstruksiya, söküntü işlərinin aparılmasının, mənzilin planı, ölçüsü, layihənin dəyişdirilməsinin "xxxx" MTK və digər şəxslərə qadağan olunması, həmin əmlakın ondan başqa digər şəxslərin adının qeydiyyatdan keçirməsi və digər şəxsə (şəxslərə) mülkiyyət haqda çıxarışın, texniki pasportun və digər hüquqmüəyyənedici sənədlərin verilməsinin Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsinə qadağan edilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə tələbkara göndərilmişdir. Məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli 9/80xx-xx/7788 nömrəli rəyindən görünür ki, "xxxx" MTK tərəfindən inşa edimiş Bakı şəhəri, Nərimanoy rayonu, Əbdüləzəl Dəmirçizadə, Əliəşrəf Əlizadə və Qarabağ küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli yaşayış binasının 2019-cu ilin layihəsində Simarə Məmmədovaya məxsus sahəsi 75,68 kv.metr olan mənzil və Gültəkin Rəhimovaya məxsus sahəsi 73,17 kv.metr olan mənzilin layihələndirilmədiyi, həmin hissədə (həmin hissə pilləkən qəfəsəsi ilə ümumi dəhlizə daxil olduqda sol tərəfdə yerləşir) bir ədəd üç otaqlı mənzil layihələndirildiyi müəyyən edilmişdir. "xxxx" MTK tərəfindən inşa edimiş Bakı şəhəri, Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə, Əliəşrəf Əlizadə və Qarabağ küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blokunda hər mərtəbədə 5 (beş) mənzilin yerləşdiyi, 2-ci blokunda hər mərtəbədə 4 (dörd) mənzilin yerləşdiyi, 3-cü blokunda hər mərtəbədə 6 (altı) mənzilin yerləşdiyi, 4-cü blokuna hər mərtəbədə 5 (beş) mənzilin yerləşdiyi və 5-ci blokunda hər mərtəbədə 5 (beş) mənzilin yerləşdiyi müəyyən olunmuşdur. Qeyd olunan mənzillər ayrıayrı vətəndaşların istifadəsində olduğundan həmin mənzillərin texniki parametrləri (sahəsi, faktiki otaq sayı və.s.) barəsində tədqiqat aparmaq mümkün olmamışdır. Faktiki vəziyyətdə 2-ci, 3-cü, 4-cü və 5-ci bloklarda ümumi mərtəbələr üzrə mənzillərin bölgüsünün Bakı şəhəri, Nərimanov rayonu, X1 Əlizadə və Qarabağ küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli yaşayış binasının 2019-cu il tarixli Layihə sənədində qeyd olunan bölgüyə uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, 2019-cu il tarixli Layihə sənədində 2-ci blokda hər mərtəbədə lift qapısı ilə üzbəüz layihələndirilən sanitar qovşağı bütövlüklə və zal tikilisinin bir hissəsi faktiki vəziyyətdə ümumi dəhliz sahəsi kimi inşa edilmiş, 3-cü blokda 2019-cu il tarixli Layihə sənədində hər mərtəbədə 4 mənzil layihələndirilsə də faktiki vəziyyətdə hər mərtəbədə 6 mənzil yerləşir, 4-cü blokda 2019-cu il tarixli Layihə sənədində hər mərtəbədə 4 mənzil layihələndirilsə də faktiki vəziyyətdə hər mərtəbədə 5 mənzil yerləşir, 5-ci blokda 2019-cu il tarixli Layihə sənədində hər mərtəbədə 4 mənzil layihələndirilsə də faktiki vəziyyətdə hər mərtəbədə 5 mənzil yerləşir. İcra sənədinin icrasına dair xx.xx.2025-ci il tarixli aktdan görünür ki, yuxarıda qeyd olunan ünvana baxış keçirilmiş və həmin ünvanda 3 otaqlı 149,6 kv.m sahəsi olan mənzil aşkar edilməmişdir. Bu barədə müvafiq akt tərtib olunmuşdur. Hüquqi məsələlər, məhkəmənin mövqeyi və gəldiyi nətəcənin əsasları: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də öz əksini tapmışdır. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, İcra sənədinin icrasına dair akt və Zərərçəkmiş şəxs izahatı ilə üzərinə həbs qoyulmuş “Baku City" MTK tərəfindən inşa edilmiş ünvan 1 ünvanında yerləşən yaşayış binasının C blokunda, 4-cü mərtəbəsində yerləşən, 1 saylı, 3 otaq, 149.6 kv.m mənzilin planı, ölçüsü, layihəsinin dəyişdirilməsi "xxxx" MTK-ya və digər şəxslərə qadağan olunsa da, 3-cü blokda 2019-cu il tarixli Layihə sənədində hər mərtəbədə 4 mənzil layihələndirilməsinə baxmayaraq faktiki vəziyyətdə hər mərtəbədə 6 mənzil yerləşdiyi, bununla da məhkəmənin qərardadı ilə qoyulmuş qadağaya riayət edilməyi müəyyən edilmişdir. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Şəxs Dövlət adından çıxarılmış məhkəmə qərardadına etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün yaşını və şəxsiyyətini, əmlak və sağlamlıq vəziyyətini, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1200 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar