Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4623/2025 31.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Şahverdiyeva Mehparə Mehdi qızının katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis şöbəsinin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1997-ci il təvəllüdlü Zəngilan rayonunda anadan olmuş, fərdi əməklə məşqul olan, subay, orta təhsilli, Zəngilan rayonu Bartaz qəsəbəsində qeydiyyatda olmaqla Abşeron rayon Masazır qəsəbəsi Zəngilan şəhərciyi bina 3 mənzil 9da yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis şöbəsindən (bundan sonra – Nərimanov RPİ 16-cı polis şöbəsi) daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nərimanov RPİ 16-cı polis şöbəsinin polis sahə inspektoru X2 tərəfindən Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı 220887 nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2025-ci il tarixində polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis şöbəsinin polis sahə inspektoru X2 protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə DYP əməkdaşları tərəfindən manevr etmə qaydalarını pozması ilə əlaqədar saxlanılmışdır. Həmin vaxt ondan sənədlərini təqdim etməsi tələb olunmuş, lakin polis əməkdaşlarının tələbinə məhəl qoymayaraq təqdim etməmiş, daha sonra qanunsuz olaraq polis əməkdaşlarını videoçəkilişə məruz qoymuşdur. Daha sonra polis əməkdaşları tərəfindən şöbəyə aparılaraq, barəsində inzibati tənbeh vermə haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirmişdir ki, hadisə günü heç bir yol nəqliyyat hadisəsi törətməmiş, lakin YPX əməkdaşı onu saxlayaraq manevr etmə qaydalarını pozduğunu bildirmişdir. Bu zaman özünü siğortalamaq məqsədilə mobil telefonu ilə özünü videoçəkiliş ilə çəkmiş, həmin vaxt polis əməkdaşı onu görərək avtomobildən enməsini tələb etmişdir. Lakin, buna etiraz etdikdə, qanunsuz olduğunu bildirdikdə polis əməkdaşı onun maşının qapısını açaraq avtomobildən enməsini tələb etmiş, daha sonra PPX avtomobili dəvət edərək onu polis şöbəsinə aparmışlar. Barəsində icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində sorğu sual edilmiş polis əməkdaşı X3 izahatında göstərmişdir ki, sürücü Şəxs manevr etmə qaydalarını pozduğu üçün tərəfindən saxlanılmış, ona saxlanılma səbəbini izah etdikdən sonra sənədlərini təqdim etməsi xahiş edilmişdir. Lakin, sürücü sistemdən baxmasını təkid edərək, sənədlərini təqdim etmək imtina etmişdir. Daha sonra qanunsuz olaraq onu çəkilişə məruz qoymuş, bu zaman ondan videoçəkilişi sonlandırıb nəqliyyat vasitəsindən düşməsini tələb etsə də, sürücü düşməmişdir. Daha sonra nəqliyyat vasitəsinin qapısını açaraq ondan düşməsini tələb etmiş və tələblərinə tabe olmadığı üçün PPX avtomobili dəvət edərək onu şöbəyə aparmışlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli MN seriyalı 220887 saylı Şəxs polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Nəticədə Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “İnzibati qaydada tutma haqqında” AZA 022349 nömrəli, 31 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 31 oktyabr 2025-ci il tarixdə saat 13:00-da inzibati qaydada tutulmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, İXM-in 76-cı maddəsinə uyğun olaraq iş üzrə toplanmış və tədqiq edilmiş bütün sübutları – inzibati xəta haqqında protokolu, polis əməkdaşının məhkəmə iclasındakı izahatını, şahid ifadəsini, barəsində icraat aparılan Şəxs özünün izahatını, inzibati qaydada tutma protokolunu və işə əlavə edilmiş digər sənədləri ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, Şəxs İXM-in 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi faktı tam və hərtərəfli sübuta yetirilmişdir. İnzibati məsuliyyətin fundamental prinsiplərindən biri olan nulla poena sine culpa (təqsir olmadan cəza olmaz) prinsipinə əsasən, şəxsin məsuliyyətə cəlb edilməsi üçün onun əməlində inzibati xəta tərkibinin bütün obyektiv və subyektiv əlamətlərinin mövcudluğu müəyyən edilməlidir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə ittiham olunur. Həmin maddənin dispozisiyası polis işçisinin və ya hərbi qulluqçunun ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. Bu xətanın tərkibinin mövcud olması üçün iki şərtin olması zəruridir: birincisi, polis əməkdaşının tələbinin qanuni olması, ikincisi isə tabe olmamanın qəsdən həyata keçirilməsi. İş materiallarının tədqiqi və məhkəmə iclası zamanı dindirilmiş şəxslərin ifadələrinin məcmusu göstərir ki, 31 oktyabr 2025-ci il tarixində yol polisi əməkdaşı X3 tərəfindən Şəxs idarə etdiyi nəqliyyat vasitəsi manevr etmə qaydalarını pozduğuna görə saxlanılmışdır. Bu, polis əməkdaşının öz xidməti vəzifələrinin icrası çərçivəsində atdığı bir addımdır. Bundan sonra ondan nəqliyyat vasitəsini idarə etmək hüququnu təsdiq edən sənədləri təqdim etməsi tələb olunmuşdur. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə görə, sürücü polis əməkdaşının tələbi ilə sənədləri təqdim etməyə borcludur. Beləliklə, sənədlərin təqdim edilməsi barədə tələb hüquqi baxımda qanuni tələb hesab olunur. Məhkəmə iclasında şahid X3 və protokol tərtib etmiş şəxs X2 ziddiyyətsiz izahatlarında göstərmişlər ki, Şəxs sənədləri təqdim etməkdən imtina etmiş, əvəzində məlumatların sistemdən yoxlanılmasını təkid etmişdir. Bu hərəkət, polis əməkdaşının qanuni tələbinə birbaşa tabe olmama kimi qiymətləndirilməlidir. Bundan əlavə, Şəxs polis əməkdaşlarını videoçəkilişə məruz qoyması və polis əməkdaşının çəkilişi dayandırmaq və nəqliyyat vasitəsindən enmək barədə tələbinə məhəl qoymaması faktı da İXM-nin 535.1-ci maddəsinin tətbiqi üçün əsas yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, vəzifə başında olan dövlət qulluqçularının fəaliyyətinin ictimai nəzarət məqsədilə lentə alınması Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi ilə qorunan ifadə azadlığı hüququnun bir hissəsi olsa da, bu hüquq mütləq deyil və qanunla müəyyən edilmiş məqsədlər, o cümlədən ictimai asayişin qorunması və başqalarının hüquqlarının müdafiəsi üçün məhdudlaşdırıla bilər. Hazırkı işin hallarında, yol hərəkəti qaydası pozuntusuna görə saxlanılmış sürücünün sənədlərini təqdim etməkdən imtina edərək gərginlik yaratması və vəzifəsini icra edən polis əməkdaşını videolentə alması, vəziyyətin gərginləşdirilməsinə yönəlmiş bir hərəkətdir. Belə şəraitdə polis əməkdaşının öz vəzifələrini maneəsiz və təhlükəsiz yerinə yetirməsini təmin etmək məqsədilə çəkilişin dayandırılması barədə verdiyi tələb qanuni və mütənasib hesab edilməlidir. Şəxs bu tələbə də tabe olmaması onun əməlində qəsdən tabe olmama elementini bir daha təsdiq edir. Şəxs özünü təqsirli bilməməsi və hadisəni özünümüdafiə məqsədilə sənədləşdirdiyini iddia etməsi onun müdafiə mövqeyidir. Lakin, məhkəmə in dubio pro reo (şübhələr şəxsin xeyrinə həll edilir) prinsipini rəhbər tutaraq, toplanmış sübutların məcmusunu qiymətləndirdikdə, onun bu iddiasını təsdiq edən hər hansı bir obyektiv sübutun mövcud olmadığını müəyyən edir. Əksinə, iki polis əməkdaşının bir-birini təsdiq edən izahatları, inzibati xəta haqqında protokolun məzmunu və hadisənin ümumi gedişatı Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığını sübuta yetirir. Məhkəmə İXM-nin 9.1-ci maddəsində təsbit olunmuş ədalətlilik prinsipini, habelə 31.2-ci maddəsinin tələblərini rəhbər tutur. Məhkəmə, törədilmiş xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Eyni zamanda, məhkəmə İXM-nin 32-ci və 33-cü maddələrinə əsasən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu araşdıraraq, belə halların olmadığını müəyyən edir. İXM-nin 535.1-ci maddəsinin sanksiyası iki yüz manat miqdarında cərimə və ya bir ayadək müddətə inzibati həbs növündə tənbeh nəzərdə tutur. Məhkəmə hesab edir ki, hazırkı işin hallarında cərimə tənbehinin tətbiqi İXM-nin 21-ci maddəsində göstərilən tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl etmək ruhunda tərbiyələndirməyə, habelə həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xətaların törədilməsinin qarşısını almağa nail olmaq üçün mütənasib və kifayətdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 31.4-1, 32, 33, 40, 43, 48, 76, 84, 89.5, 114, 128-130 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №3(005)-4623/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4623/2025
31.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver