Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4636/2025 05.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, Şikayət verən X2 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X1 nümayəndəsi X7 iştirakları ilə, Şikayət vermiş şəxs X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X1 MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şikayət vermiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Şirvan-Salyan regional şöbəsi tərəfindən tərtib edilmiş 17 oktyabr 2025-ci il tarixli MN seriyalı ******* saylı qərarın ləğv olunması barədə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Şirvan-Salyan regional şöbəsi tərəfindən tərtib edilmiş 17 oktyabr 2025-ci il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında qərarı ilə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.2-ci maddəsinə əsasən 1500 (min beş yüz) manat inzibati cərimə tətbiq edilmişdir. Qərara əsasən Nəbi Kərimovun xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktına müvafiq olaraq “İZ” formalı akt tərtib edilməmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş qərar əsassız və qanunsuzdur. Belə ki, X8 xx.xx.2025-ci il tarixdə saat 11:00 radələrində ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 3-cü mərtəbəsində quraşdırılmış Cəmiyyətə məxsus ötürücü avadanlıqların (sviç (hab)) elektrik enerjisi ilə təchizatının dayandığını aşkar etdiyi üçün, elektrik sayğacları şkafına baxış keçirməyin vacibliyini düşünərək digər (sağ) divardakı elektrik sayğacları şkafında profilaktik tədbir kimi vintaçanla neytral faza naqilini sıxarkən elektrik panosunda yaranmış qısaqapanma səbəbindən alov qövslərinin zərərçəkənin üzərinə sıçraması nəticəsində baş vermişdir. X4 iş yeri ünvan 2 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ofisdir. Bədbəxt hadisə ünvan 3 ünvanında yerləşən, şəhər sakinlərinin yaşadığı 5 mərtəbəli, çoxmənzilli yaşayış binasında baş vermişdir. Binanın 3-cü pilləkən qəfəsində (“blok”), 3-cü mərtəbədə hər mərtəbədə olduğu kimi, bina sakinlərinə məxsus olan elektrik sayğacları quraşdırılmışdır. Sayğaclar pano (elektrik sayğacları şkafı) içərisinə yığılmaqla divara bərkidilmişdir. Pilləkən qəfəsinin digər perpendikulyar (sol) divarına Cəmiyyətə məxsus olan, internet xidmətinin göstərilməsi və fiber-optik televiziya kanallarının ötürücü avadanlıqlarının yerləşdiyi pano (40sm x 50sm x 15 sm ölçülərində) quraşdırılmışdır. Həmin panodakı avadanlıqları elektrik cərəyanı ilə təchiz etmək məqsədilə panodan digərperpendikulyar (sağ) divardakı elektrik sayğacları panosuna naqil uzanır (xətt çəkilmişdir). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Şirvan-Salyan regional şöbəsi tərəfindən tərtib edilmiş 03 oktyabr 2025-ci il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, “AN-Media" MMCnin direktoru X3 barəsində Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 555.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsinə görə protokol tərtib edilmişdir. Hesab edir ki, X10 Xidməti Şirvan-Salyan regional şöbəsi tərəfindən tərtib edilmiş 03 oktyabr 2025-ci il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol İnzibati- Xətalar Məcəlləsinin 102.5-ci maddəsinin tələblərinin pozulması ilə tərtib edilmişdir. Belə ki, protokolun tərtib edilməsi üçün qanunla müəyyən edilmiş bir aylıq prosessual müddət ötürülmüş, həmçinin iş materiallarında müddətin daha bir ay uzadılması ilə bağlı əsaslandırılmış qərar mövcud deyildir. Bundan başqa, tərtib edilmiş protokolun müəyyən etdi hissəsində, Nəbi Kərimovun xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktına müvafiq olaraq “İZ” formalı akt tərtib edilmədiyi göstərilsə də, daha sonra protokolda bu faktın “İZ” formalı aktın nəzərdə tutulmuş formada tərtibilə bağlı hərəkətsizliyin müşahidə olunması göstərilmişdir. Hesab edir ki, X10 Xidməti Şirvan- Salyan regional şöbəsi tərəfindən protokolda göstərilən hallar bir-birinə ziddir və bununla da protokolun qərəzli olaraq tərtib edilməsi açıq-aşkar görsənir. Belə ki, tərəflərindən “istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında” 28 fevral 2000-ci il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1 nömrəli əlavəsi olan "İZ forması”na uyğun olaraq 29 sentyabr 2025-ci il tarixdə tərtib edilmiş və xx.xx.2025-ci il tarixdə sifarişli poçt vasitəsilə X10 Xidməti Şirvan-Salyan regional şöbəsinə göndərilmişdir. Həmçinin məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, hadisə ilə bağlı Şirvan Rayon Prokurorluğunda araşdırma aparılmış və cinayət işinin başlanılması rədd edilmişdir şəhəri, Nərimanov rayonu,) və ya hadisə yeri Şirvan şəhər məhkəməsinə müraciət olunmalıdır. Məhkəmənin iclasında iştirak edən şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun çıxış edərək şikayətin təmin olunmasını və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X10 Xidməti Şirvan-Salyan regional şöbəsi xx.xx.2025ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati Tənbeh vermə haqqında” qərarının ləğv edilməsi məhkəmədən xahiş etmişdir. Qeyd etmişdir ki, sözügedən hadisə cari ilin iyun ayında olmuşdur. Daha sonra araşdırma aparılmış və sentyabr ayının 26-sı tarixli məktubla onlara iz formalı aktın tərtib edilməsi bildirilmişdir. Həmin məktubu şikayətinə əlavə edir. Göründüyü kimi, Əmək Müfəttişliyi tərəfindən onlardan rəsmi olaraq 26 sentyabr 2025-ci il tarixdə iz aktının tərtib edilməsi tələb edilmişdir. Həmin məktub isə onlara rəsmi qaydada 1 oktyabr tarixində çatdırılmışdır. Halbuki, həmin tarixdən daha əvvəl müfəttişliyin nümayəndəsi ilə mobil telefon əlaqəsi saxlanılmış və 29 sentyabr tarixində ona təhqiqat aktının surəti göndərilərək iz aktının tərtib edilib göndərilməsi tələb edilmişdir. Bu səbəbdən sözügedən məktub onlara çatmamış 29 sentyabr tarixində İz aktı tərtib edərək rəsmi poçt göndərişi vasitəsilə Əmək Müfəttişliyinə göndərmişlər. Həmin məktub isə rəsmi qaydada 16 oktyabr tarixində Müfəttişliyə çatdırılmışdır. Lakin, 17 oktyabr tarixində onun barəsində qərar qəbul edilmiş, həmin tarixdən əvvəl 3 oktyabrda isə protokol tərtib edilmişdir. Protokolun yuxarı və aşağı hissələrində ziddiyyətli məqamlar olmuşdur. Bir hissədə aktın düzgün tərtib edilmədiyi, digər hissədə isə ümumiyyətlə tərtib edilmədiyi bildirilmişdir. Halbuki, akt tərtib edilmişdir. Qeyd olunanları nəzərə alaraq, qərarın ləğvini tələb edirlər. Məhkəmə iclasında iştirak etmiş səlahiyyətli orqan olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X12 iz aktının qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün tərtib olunmadığını bildirərək məhkəmədən qərar qüvvədə saxlanılmasını xahiş etdi. Qeyd etdi ki, iz aktı düzgün tərtib olunmasa belə, vaxtında müfəttişliyə təqdim edilməmişdir. Həmin təhqiqat aktından da göründüyü kimi, hüquqi şəxs tərəfindən qanun pozuntularına yol verilmişdir. Onların təhqiqatın başa çatmasından məlumatları olmuş, lakin gec və düzgün olmayan akt tərtib etmişlər. Bu səbəbdən qərarın qüvvədə saxlanılmasını xahiş edirlər. Məhkəmə iclasında şahid qismində sorğu sual edilmiş X9 bildirmişdir ki, baş vermiş hadisə ilə bağlı təhqiqat araşdırmasında iştirak etmiş, bütün prosesdən məlumatlı olmuşdur. Təhqiqat aktı birinci dəfə avqust ayında tərtib olunsa da, onunla razılaşmamışlar və aktın alt hissəsindən də göründüyü kimi, həmin akta əlavələri olmuşdur və yenidən araşdırma tələb etmişlər. Bu səbəbdən aktı imzalamaqdan imtina etmişdir. Bununla bağlı müfəttişlik ilə email yazışmaları da var. Sonradan isə sentyabr ayında yeni akt tərtib edildikdən sonra onu imzalamış, lakin tarixlərə fikir verməmişdir. Çünki, aktın özündə tarix olmamışdır. Daha sonra 29 sentyabrda onlara “Whatsapp” vasitəsilə məlumat verilmiş və aktı tərtib etmələri istənilmişdir. Dərhal həmin günü iz aktı tərtib edilərək poçt vasitəsilə göndərilmişdir. Lakin, buna baxmayaraq, Müfəttişlik tərəfindən qərar qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Qarabağ Regional Ərazi İdarəsi X1 MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.2-ci maddəsi ilə təqsirli bilinib 1500 manat cərimə edilmişdir. xx.xx.2025-ci il tarixli İz Aktından görünür ki, X4 xx.xx.2025-ci il tarixli bədbəxt hadisə nəticəsində yanıq xəsarəti alması barədə akt tərtib olunmuşdur. Təhqiqat aktından görünür ki, İş materiallarında olan Təhqiqat aktının surətindən müəyyən edilir ki, xx.xx.2025- xx.xx.2025-ci il tarixədək bədbəxt hadisənin təhqiqi aparılmış və Təhqiqat aktı tərtib edilmişdir ƏƏSM yanında DƏMX xidməti Şirvan-Salyan regional şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-5/2-86465/2025 saylı məktubdan görünür Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları’na (bundan sonra-Qaydalar) uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin xx.xx.2025-ci il tarixli 3-17-5/3-2-772/2025 nömrəli əmri ilə təyin edilmiş komissiya tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi X4 xx.xx.2025-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı aparılmışdır. Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq təhqiqat komissiyası tərəfindən təhqiqat aktı tərtib edilmiş, komissiya sədri və üzvləri tərəfindən imzalanmışdır. Həmin təhqiqat aktının bir nüsxəsi Sizə göndərilir. İZ formalı aktın təhqiqat aktına uyğun tərtib olunmasını təmin etməklə bir nüsxəsinin zərərçəkənə təqdim edilməsi Sizdən xahiş olunur. Bildiririk ki, Qaydaların 2.6-cı bəndinə əsasən bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada İZ formalı akt tərtib edilməli və onun 1 nüsxəsi mütləq zərər çəkən işçiyə təqdim olunmalıdır. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq müvafiq aktın (İZ formalı akt) tərtib edilməməsi və ya aparılan araşdırma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olur. SX075377277AZ üçün axtarış nəticələrindən poçt göndərişlərinin izlənilməsinə dair elektron sistemdən çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X1 33-17-5/2-86465/2025 saylı məktubu çatdırılmadan geri qaytarılmışdır. Şahhüseynov İlqar tərəfindən təqdim edilmiş poçt izləmə göndərişindən görünür ki, SX046675110AZ sözügedən məktub 16 oktyabr 2025-ci il tarixdə Salyan rayonu ərazisindəki poçt şöbəsinə çatdırılmışdır. +994 50 *** ** ** mobil nömrəsi ilə “Whatsapp” sosial şəbəkə platformasından edilmiş yazışmalardan görünür ki, təhqiqat fotoşəkil formasında 29 sentyabr 2025-ci il tarixdə alıcıya göndərilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. 555.2-ci maddəsinə əsasən bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq müvafiq akt tərtib edilməməsinə və ya aparılan araşdırma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə min beş yüz manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, şikayət üzrə toplanmış materialları hərtərəfli, tam və obyektiv tədqiq edərək, tərəflərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə əsasən daxili inamı və sübutların məcmusu əsasında qiymətləndirərək, şikayətin təmin edilməsi, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlir. İXM-nin 555.2-ci maddəsinin dispozisiyası, inzibati məsuliyyətin yaranması üçün iki alternativ şərtdən birinin mövcudluğunu tələb edir: bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq müvafiq aktın (İZ formalı aktın) tərtib edilməməsi, yaxud aparılan araşdırma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılması. İXM-nin 3-cü maddəsinin tələbinə əsasən, şəxs yalnız bu Məcəllədə birbaşa nəzərdə tutulmuş əmələ görə məsuliyyətə cəlb edilə bilər. Qanunvericilikdə boşluğun doldurulması məqsədilə genişləndirici təfsirə yol verilməsi və ya analogiyanın tətbiqi, inzibati məsuliyyətin əsassız genişləndirilməsinə səbəb olduğu üçün yolverilməzdir. İXM-nin 555.2-ci maddəsində aktın "düzgün tərtib edilməməsi"nə görə birbaşa məsuliyyət müəyyən edilməmişdir. Bundan əlavə, İXM-nin fundamental prinsiplərindən olan qanunçuluq prinsipi tələb edir ki, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Konstitusiya məhkəməsi qərarlarında qanunçuluq prinsipi baxımından qeyd etmişdir ki, həmin müddəa cinayət və cəzanın qanuna əsaslanmasını tələb etməklə yanaşı (nullum crimen sine lege və nulla poena sine lege prinsipləri), cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsi (lex stricta) və cinayət qanunvericiliyinin aydın və müəyyən olmasını da (lex certa) tələb edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” 2012-ci il 10 aprel tarixli Qərarı). Məhkəmə hesab edir ki, qeyd edilən müddəa eyni ilə inzibati xətalar haqqında iş üzrə icraata da şamil edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları"nın 2.6-cı bəndi inzibati orqan üçün xüsusi prosedur müəyyən edir: “Təhqiqat komissiyası İZ formalı aktın işəgötürən tərəfindən düzgün tərtib olunmadığını müəyyən edərsə, onun yenidən tərtib edilməsini tələb etmək hüququna malikdir.” Bu norma, inzibati orqanın aktda qüsur aşkar etdiyi halda dərhal cəza tədbiri tətbiq etməsinin deyil, ilk növbədə pozuntunun aradan qaldırılması üçün işəgötürənə imkan verilməsinin zəruriliyini göstərir. Bu, inzibati icraatın məqsədlərinə və səmərəlilik prinsipinə uyğundur. İş materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixində X3 tərəfindən bədbəxt hadisəyə dair "İZ" formalı akt tərtib edilmiş və xx.xx.2025-ci il tarixində poçt rabitəsi vasitəsilə səlahiyyətli orqana göndərilmişdir. Həmin xüsusat "xxxx" MMCnin rəsmi qəbzi ilə də təsdiq olunur. Həmin məktub isə X5 X6 ünvanı olan Salyan şəhəri üzrə poçt şöbəsinə daxil olmuşdur. Doğrudur həmin qəbzdən alıcıya çatdırılma qeyd olunmasa da, məhkəmə artıq sənədin çatdırıldığı qənaətindədir. Belə ki, protokol tərtib etmiş orqanın nümayəndəsi də məhkəmə iclasında aktın tərtib edilmədiyinə yox, düzgün tərtib edilmədiyinə, yəni təhqiqat aktına uyğun tərtib edilmədiyinə istinad etmişdir. İnzibati tənbeh vermə haqqında qərar isə bundan bir gün sonra, xx.xx.2025-ci il tarixində qəbul edilmişdir. Bu faktlar, aktın "tərtib edilməməsi" və ya tərtibindən "boyun qaçırılması" iddialarını tamamilə təkzib edir. Aktın fiziki mövcudluğu və səlahiyyətli orqana təqdim edilməsi faktı, İXM-nin 555.2-ci maddəsinin obyektiv cəhətinin formalaşmadığını göstərir. Məhkəmə iclasında iştirak edən Əmək Müfəttişliyinin nümayəndəsi aktın düzgün tərtib olunmadığını, bu səbəbdən protokol və qərar tərtib edildiyini iddia etsə də, yuxarıda qeyd edildiyi kimi, bu hal İXM 555.2-ci maddəsinin tərkibini yaratmır. Əmək Müfəttişliyi, Nazirlər Kabinetinin təyin etdiyi Qaydaların 2.6-cı bəndinə uyğun olaraq aktın yenidən tərtib edilməsi üçün hüquqi şəxsə müraciət etməmiş, formal şəkildə inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Məhkəmə həmçinin xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolun məzmununda ciddi ziddiyyətlərin mövcud olduğunu müəyyən edir. Protokolun bir hissəsində aktın tərtib olunmadığı, digər hissəsində isə düzgün tərtib olunmadığı qeyd olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə (bax: Pélissier və Sassi Fransaya qarşı), ittihamın məzmunu aydın, dəqiq və ziddiyyətsiz olmalı, şəxsə özünü nədə təqsirli bilindiyini anlamaq və müdafiə olunmaq imkanı verməlidir. Protokoldakı bu qeyri-müəyyənlik, şəxsin müdafiə hüququnu pozmaqla yanaşı, inzibati xətalar haqqında iş üzrə icraatın qanuniliyi prinsipini də şübhə altına alır. Qeyd olunduğu kimi, Əmək Müfəttişliyi hüquqi şəxs tərəfindən iz aktının göndərilib-göndərilmədiyini bilmədən, yəni 3 oktyabr tarixində protokol tərtib etmiş, aktı əldə etdikdən sonra isə mövcud akta baxmayaraq, inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Əmək Müfəttişliyinin rəsmi tələb məktubunun (26 sentyabr tarixli) işəgötürənə çatdırılmaması faktı (poçt bildirişinə əsasən çatdırılma uğursuz olub və geri qaytarılıb) və yalnız qeyri-rəsmi vasitə ilə ("WhatsApp" vasitəsilə) məlumat verilməsi, hüquqi şəxsin təqsir dərəcəsini əhəmiyyətli dərəcədə azaldır. Şikayətçinin qeyri-rəsmi bildirişə dərhal reaksiya verərək aktı tərtib edib göndərməsi, onun qanunun tələblərindən yayınmaq niyyətinin olmadığını, əksinə, əməkdaşlığa hazır olduğunu sübut edir. Yuxarıda göstərilənləri ümumiləşdirərək, məhkəmə belə qənaətə gəlir ki, X2 əməlində İXM-nin 555.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri mövcud deyildir. İnzibati orqan tərəfindən həm maddi, həm də prosessual normaların tələbləri pozulmuşdur. İş materiallarında mövcud olan ziddiyyətlər və aradan qaldırılması mümkün olmayan şübhələr, İXM-nin 8.3-cü maddəsinin tələbinə uyğun olaraq, barəsində inzibati icraat aparılan şəxsin xeyrinə həll edilməlidir. İXM-nin 53.1.2-ci maddəsinin tələbinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.2-ci maddəsi ilə təqsirli bilinib 1500 (bir min beş yüz) manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X1 MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №3(005)-4636/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4636/2025
05.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver