Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4680/2025 12.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, Şəxs nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Maliyyə Nazirliyindən məhkəməyə daxil olmuş MN seriyalı ******* nömrəli, 30 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC tərəfindən 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə auditi aparılmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi və direktoru X2 izahatında göstərdi ki, inzibati xəta haqqında protokolla razı deyillər. Belə ki, hər il mütəmadi audit yoxlaması həyata keçirirlər. Auditorlar Palatasının üzvü “Global and Legal Audit” LLC ilə aralarında bağlanılmış 23 oktyabr 2024-cü il tarixli müqaviləyə uyğun olaraq, 2023-cü il üzrə audit həyata keçirilmiş və 5000 manat dəyərindəki audit rəyi 03 dekabr 2024-cü il tarixdə təhvil alınmışdır. Buna baxmayaraq, sistemdə audit rəylərinin görünməməsinin səbəbi onlara məlumat deyildir. Qeyd olunanları nəzərə alaraq, icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 30 oktyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən 2023-cü il üzrə maliyyə hesabatlarının 2024cü ildə auditi aparılmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Şəxs MMC tərəfindən 2023-cü il üzrə maliyyə hesabatlarının auditinin 2024-cü ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında işə 30 oktyabr 2025-ci il tarixdə, saat 09:55-də Azərbaycan Respublikası Maliyyə Nazirliyinİn Uçot siyasəti şöbəsində baxılacaqdır. xx.xx.2024-cü il tarixli “Global and Legal Audit” LLC tərəfindən tərtib edilmiş rəydən görünür ki. Şəxs MMC-nin 01 yanvar 2023-cü il tarixdən 31 dekabr 2023-cü il tarixədək maliyyə vəziyyəti haqqında audit keçirilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə - vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin məzmunundan göründüyü kimi audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması özü-özlüyündə 2 yolla aparıla bilər: məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə). Qanunun mənasına görə audit yoxlanılması yalnız 2 halda məcburi aparıla bilər: 1) öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün 2) qanunla bilavasitə nəzərdə tutulmuş hallarda. 16-cı maddəsinə görə auditor xidməti bir tərəfdən sərbəst auditor və ya auditor təşkilatı, digər tərəfdən isə sifarişçi arasında bağlanmış və yoxlamanın məzmununu, aparılması müddətlərini, məsləhət xidmətlərinin həcmini, ödəniş məbləğini və qaydasını, eləcə də tərəflərin məsuliyyətini nəzərdə tutan müqavilə əsasında göstərilir. 17-ci maddəyə görə təsərrüfat subyektinin rəhbərliyi (mülkiyyətçisi) auditin aparılması üçün zəruri olan bütün sənədləri, registrləri və hesabatları auditora təqdim etməlidir və onların düzgünlüyünə məsuliyyət daşıyır. O, auditorun sorğusuna dair yazılı və şifahi izahatlar verməyə borcludur. Bununla yanaşı təsərrüfat subyektləri özləri auditor seçməkdə sərbəstdirlər. Təsərrüfat subyektləri maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə sərbəst və ya auditor təşkilatı ilə hər hansı müddətdə müqavilə bağlamaq hüququna malikdirlər. Bu cür müqavilələr yoxlama xarakteri daşıdıqda, auditor yoxlamanın nəticələrinə görə müəyyən olunmuş qaydada akt tərtib edilir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1.7-ci maddəsinə görə maliyyə hesabatları – mühasibat uçotu subyektinin, yəni mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır. 11-ci maddəsinə görə kommersiya təşkilatlarının illik maliyyə hesabatları üçün aşağıdakı hesabat dövrləri müəyyən edilir: 1) il ərzində oktyabr ayının 1-dək yeni yaradılan mühasibat uçotunun subyektləri üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i də daxil olmaqla; 2) oktyabr ayının 1-dən sonra yeni yaradılmış mühasibat uçotunun subyektləri üçün isə birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-i də daxil olmaqla; 3) digər mühasibat uçotunun subyektləri üçün hesabat dövrü yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: “Hüquqi şəxslər” adı altında təsnifatlaşdırılmış 4-cü fəslində öz əksini tapmış müddəalara görə hüquqi şəxslər təşkilati hüquqi formasına görə kommersiya, qeyrikommersiya və publik hüquqi şəxslər növlərinə ayrılır. Kommersiya hüquqi şəxslərə isə təsərrüfat ortaqlıqları və təsərrüfat cəmiyyətləri daxildir. Təsərrüfat cəmiyyətləri də öz növbəsində məhdud və ya əlavə məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında yaradıla bilər. 91-ci maddəsininin 4 və 5-ci bəndlərinə görə məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, cəmiyyətin işlərinin aparılması nəticələri haqqında cəmiyyət tərəfindən məlumatların dərc edilməsi (açıq hesabat) tələb olunmur. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, inzibati xəta haqqında iş üzrə toplanmış materialları, xüsusilə inzibati xəta haqqında protokolu, cəmiyyətin direktorunun izahatını və təqdim etdiyi sənədləri hərtərəfli, tam və obyektiv tədqiq edərək, sübutların məcmusunu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq öz daxili inamı əsasında qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata, onun əməlində inzibati xəta tərkibinin olmaması səbəbindən xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş və beynəlxalq hüququn fundamental prinsiplərindən olan təqsirsizlik prezumpsiyası, öz əksini İXM-nin 8-ci maddəsində tapmışdır. Həmin maddəyə əsasən, şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədikdə o, təqsirsiz hesab edilir və inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində aradan qaldırılması mümkün olmayan şübhələr onun xeyrinə həll edilməlidir (in dubio pro reo). Bu prinsipdən irəli gəlir ki, inzibati xətanın törədilməsini və şəxsin təqsirliliyini sübut etmək vəzifəsi inzibati xəta haqqında protokol tərtib etmiş inzibati orqanın üzərinə düşür. Hazırkı işdə cəmiyyət İXM-nin 464-cü maddəsi ilə, yəni məcburi auditdən yayınmaqda ittiham olunur. İnzibati xəta haqqında protokolun mahiyyəti, hüquqi şəxsin 2023-cü il üzrə maliyyə hesabatlarının auditini 2024-cü il ərzində aparmaması faktına, yəni hərəkətsizliyinə əsaslanır. Bununla belə, məhkəmə iclasında cəmiyyətin direktoru Ümidvar Ağayev bu iddianı qətiyyətlə təkzib etmiş və öz mövqeyini təsdiq etmək üçün məhkəməyə birbaşa və təkzibedilməz yazılı sübutlar təqdim etmişdir. Belə ki, hüquqi şəxs ilə Auditorlar Palatasının üzvü olan “Global and Legal Audit” LLC arasında bağlanmış 23 oktyabr 2024cü il tarixli müqavilə və həmin müqavilə əsasında tərtib edilmiş, 03 dekabr 2024-cü il tarixli müstəqil auditor rəyi cəmiyyətin 2023-cü il üzrə maliyyə hesabatlarının auditinin həyata keçirildiyini birmənalı şəkildə sübuta yetirir. Bu sənədlər, İXM-nin 76.1-ci maddəsinə əsasən, işin düzgün həlli üçün əhəmiyyətli olan halları müəyyən edən mötəbər sübutlardır. İnzibati orqanın mövqeyi isə, direktorun da qeyd etdiyi kimi, ehtimal ki, audit rəyinin müvafiq elektron sistemdə əks olunmaması kimi dolayı məlumata əsaslanır. Lakin məlumatın hər hansı bir elektron sistemdə olmaması, xüsusilə birbaşa ilkin sənədlərlə təkzib edildiyi halda, özü-özlüyündə hüquqi faktı təkzib etmir və şəxsin təqsirliliyini sübut etmək üçün yetərli deyil. Məlumatın sistemə daxil olmaması texniki səbəblərdən, auditor təşkilatının hərəkətlərindən və ya cəmiyyətin təqsiri ilə əlaqəsi olmayan digər amillərdən irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz presedent hüququnda dəfələrlə qeyd etmişdir ki, İnsan Hüquqlarının və X3 haqqında Konvensiyanın 6-cı maddəsi ilə təminat altına alınan ədalətli məhkəmə araşdırması hüququ, inzibati icraatlara da şamil olunur. Bu hüququn tərkib hissəsi olan təqsirsizlik prezumpsiyası tələb edir ki, məhkəmə şəxsin təqsirliliyinə dair hər hansı ehtimala və ya gümana deyil, yalnız mötəbər, mübahisəsiz və kifayət qədər sübutlar məcmusuna əsaslanmalıdır. Mövcud iş üzrə cəmiyyət tərəfindən auditin keçirilməsini təsdiq edən birbaşa sübutların (müqavilə və yekun rəy) inzibati orqanın dolayı dəlilləri ilə ziddiyyət təşkil etməsi, cəmiyyətin təqsirli olması barəsində aradan qaldırılması mümkün olmayan şübhələr yaradır. İXM-nin 8.3-cü maddəsinin imperativ tələbinə əsasən, bu şübhələr barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll edilməlidir. Beləliklə, inzibati orqan cəmiyyətin məcburi auditdən yayınması faktını, yəni İXM-nin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv cəhətini təşkil edən hərəkətsizliyi sübuta yetirə bilməmişdir. Əksinə, təqdim olunmuş sübutlar cəmiyyətin qanunvericiliyin tələbini yerinə yetirdiyini göstərir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinin tələbinə görə, əməldə inzibati xəta tərkibi olmadıqda, başlanmış icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməllərində İXM-nin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibini mövcud olmadığından, onun barəsində tərtib olunmuş MN seriyalı ******* nömrəli, 30 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində tərtib olunmuş MN seriyalı ******* nömrəli, 30 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata əməllərində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №3(005)-4680/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4680/2025
12.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver