Məhkəmə qərarları › İş №3(005)-4695/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4695/2025

27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4695/2025 27.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Akademik C.M.Abdullayev adına X2 Publik Hüquqi şəxsin nümayəndəsi X4 iştirakı ilə, X8 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X14 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Bakı şəhər idarəsi onun barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə xx.xx.2025-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmiş və onun əsasında qərar qəbul etmişdir. Həmin qərara əsasən, o, inzibati qaydada 1.800 (bir min səkkiz yüz) manat məbləğində cərimə olunmuşdur. Belə ki, qərarda göstərilir ki, X17 ilə xx.xx.1989-cu ildə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə, həmçinin X15 ilə xx.xx.1981-ci ildə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinin tələbləri pozularaq, həmin Məcəllənin 70-ci maddəsinə əsasən xitam verilmişdir. Bu çərçivədə qeyd edilir ki, X9 fəaliyyəti araşdırılmış və müəyyən edilmişdir ki, o, Elmi şöbədə elmi işçi vəzifəsində çalışmasına baxmayaraq, İnstitutun elmi-tədqiqat və metodoloji işlərində iştirak etməmiş, elmi məqalələrin hazırlanmasında, tədqiqat layihələrində və digər elmi fəaliyyətlərdə yer almamış, elmi tədbirlərdə iştirak etməmişdir və elmi məqalələrin hazırlanması, yerli və beynəlxalq simpoziumlarda çıxış, yeni tədqiqat istiqamətlərinin təşəbbüsü və tətbiqi ilə bağlı fəaliyyəti müşahidə olunmamışdır. Əməkdaşın elmi istiqamətdə hər hansı real nəticəyə imza atmasına dair rəsmi qeyd və sənədləşdirilmiş material təqdim edilməmişdir. Bu hallar onun İnstitutun funksional strukturunda elmi baxımdan faydalı fəaliyyət göstərmədiyini sübut edir. Eyni zamanda qeyd edilir ki, X10 fəaliyyəti ilə bağlı aparılmış təhlillər nəticəsində məlum olmuşdur ki, o, ixtisası üzrə keçirilmiş sertifikasiya imtahanlarında iki dəfə müvəffəqiyyət əldə etməmişdir. Bu isə mövcud normativ-hüquqi aktlara əsasən, səhiyyə müəssisəsində müvafiq sahədə fəaliyyətini davam etdirmək üçün tələb olunan minimal peşə səriştəsinə malik olmadığını göstərir. Əlavə olaraq müəyyən edilmişdir ki, əməkdaş tibbi-profılaktik fəaliyyətə cəlb olunmamış, xəstələrin diaqnostika və müalicəsi prosesində iştirak etməmiş, stasionar şəraitdə xəstələrin müalicəsi ilə məşğul olmamışdır. Onun klinik biliklərinin tətbiqi, tibbi qərarların qəbulu, sübutlara əsaslanan tibbi praktika və bu sahədə peşəkar fəaliyyətinə dair heç bir sənəd, məlumat və ya izahat təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən Akademik C.M.Abdullayev adına X2 Publik Hüquqi şəxsin nümayəndəsi X6 izahat verərək bildirmişdir ki, Kardiologiya İnstitutuna heç bir bildiriş daxil olmamış və onların izahatları alınmamışdır. İnzibati icraat pozuntularla aparılmışdır. Bu səbəbdən də, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, şikayətçi və inzibati xəta haqqında qərarı qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Eyni zamanda şikayət vermiş şəxs xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, işə şikayət vermiş şəxsin və inzibati xəta haqqında qərarı qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ləğv edilməli və iş yenidən araşdırma aparılması üçün həmin orqana göndərilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında MN seriyalı, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, vətəndaş X9 xx.xx.1981-ci il tarixli əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 4.3 maddəsinin tələbləri pozularaq xx.xx.2025-ci il tarixdə bu məcəllənin 70 e bındinə əsasən xitam verilməli olduğu qeyd ounmuşdur. xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərarın surətindən görünür ki, X17 ilə xx.xx.1989-cu ildə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə, X15 ilə ilə xx.xx.1981-ci ildə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə AR ƏM-nin 4.3-cü maddəsinin tələbləri pozularaq həmin Məcəllənin 70-nin ç maddəsinə əsasən xitam verilmişdir. X5 İXM-in 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1800 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmişdir. Məhkəmə, hazırki şikayətin dəlillərini araşdırarkən ilk əvvəl X8 təqsirli bilindiyi inzibati xətalara dair münasibət bildirməyi zəruri hesab edir: Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsinin c və ç bəndinə əsasən Əmək müqaviləsi işəgötürən tərəfindən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə və işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. İXM-in: 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir; Qeyd edilən normalardan göründüyü kimi, İXM-in 192.6-cı maddəsinin tərkib əlamətlərinin yaranması üçün işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinə zidd şəkildə xitam verilməsinə yol verilməlidir. Hazırki iş üzrə vəzifəli şəxs kimi X14 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən işçinin əmək müqaviləsinə xitam verilən zaman hansı qanun pozuntusuna yol verilməsi aydın deyil. Məhkəmə hesab edir ki, X18 tərəfindən intibati protokol tərtib edilərkən qeyd edilən hallara münasibət bildirilməmişdir. İnzibati xəta haqqında protokolda adları qeyd edilən vətəndaşlar X13 ünvanladığı şikayətində onların qanunazidd işdən çıxarıldıqlarını qeyd etsələr də onların bu dəlilləri məhkəmə iclasında hər hansı sübutla öz təsdiqini tapmamışdır. Belə ki, səlahiyyətli orqan tərəfindən obyektiv araşdırma aparılmamış, araşdırma üçün izahatları əhəmiyyət kəsb edəcək zəruri şəxslər çağırılaraq izahatları alınmamış və qiymət verilməmişdir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə qeyd edir ki, X14 tərəfindən işəgötürən kimi işçi X17 ilə xx.xx.1989-cu ildə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə, X15 ilə ilə xx.xx.1981-ci ildə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə AR ƏM-nin 4.3-cü maddəsinin tələbləri pozularaq həmin Məcəllənin 70-nin ç maddəsinə əsasən xitam verilməsi müəyyən edərkən X18 tərəfindən natamam, səthi araşdırma aparılmış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. X18 vəzifəli şəxs kimi X8 İXM-in 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi barədə nəticəyə gəlsə də, bu mövqeyini kifayət qədər tutarlı sübutlarla əsaslandıra bilməmiş, X8 bununla bağlı izahatı alınmamışdır. İş üzrə müəyyən edilən sübutlar isə X8 göstərilən maddələrlə təqsirliliyini şübhə altına alır. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (İXM, Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi). Qanunvericiliyin məzmununa əsasən müəyyən edilir ki, inzibati xətanın baş verməsini sübutetmə yükü hazırki işdə məhz Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin üzərinə düşür. Qeyd edilən orqan X8 İXM-in 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə nəticəyə gələrkən yalnız şikayət vermiş şəxslərin izahatına istinad etmişdir ki, həmin izahat, başqa sübutlar olmadan şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün əsas ola bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan X14 tərəfindən işçilərin əmək müqaviləsinə əmək qanunvericilyinə zidd xitam verilməsi qənaətinə gəldiyi halda, bu mövqeyini sübutlarla əsaslandırmalı idi. Lakin qeyd edilən orqan yalnız ehtimallara əsaslanaraq X11 inzibati məsuliyyətə cəlb etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dəfələrlə öz qərarlarında vurğulamışdır ki, təqsirsizlik prezumpsiyası hüququna görə məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirli şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı bir şübhə onun xeyrinə həll olunmalıdır. İXM-in: 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Beləliklə, məhkəmə hesab edir ki, X14 tərəfindən X10 və X9 əmək müqavilələrinə xitam verilməsi ilə bağlı hər hansı hüquqlarının pozulması təqdim edilmiş sübutlarla müəyyən olunmur, səlahiyyətli orqan X10 və X9 şikayətində göstərilən halları müəyyən etmədən və yalnız ehtimallara əsaslanaraq X8 İXM-in 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qənaətinə gəlmişdir ki, bu barədə qəbul edilən qərar qanuni və əsaslı hesab edilə bilməz. Buna görə də iş üzrə inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar ləğv edilməli, qərarın surəti yenidən araşdırma aparılması üçün həmin orqana qaytarılmalıdır. Araşdırma zamanı inzibati orqan X10 və X9 şikayətində göstərilən halların təsdiq edilməsi üçün mötəbər sübutlar əldə etməli və əldə edilmiş sübutlara əsasən qərar qəbul edilməlidir. İXM-in: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar sırasına daxildir. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi qərarından verdiyi şikayət qismən təmin olunsun və həmin qərar ləğv edilsin. Qərarın surəti yenidən araşdırma aparılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar