Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4702/2025 18.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Barəsində protokol tərtib olunan qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 31660673 saylı “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X2 şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hadisə vaxtı istifadəsində olan “Mercedes Benz 230” markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhər Nərimanov rayonu ətbriz kçüəsində hərəkətdə olan zaman maşınınında yaranmış texniki nasazlıq səbəbindən yolun hərəkət hissəsində dayanmalı olmuş, texniki nasazlığı bir neçə dəqiqə ərzində aradan qaldırdıqdan sonra hərəkəti dava etdirmişdir. Bu səbəbdən barəsində tətbiq edilmiş qərar qanunsuzdur və ləğv edilməlidir. Məhkəmə iclasında iştirak etmiş X3 şikayətin məzmununa uyğun çıxış edərək, qərarın qanunsuz olduğunu, nasazlığın piyada maşından düşdükdən dərhal sonra aradan qalxdığını və hərəkəti davam etdirdiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında inzibati qərar qəbul edən qurumun nümayəndəsi iştirak etməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 31660673 saylı “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində 80 manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş videogörüntülərə baxış zamanı görünür ki, X3 istifadəsində olan “Mercedes Benz e230” markalı nəqliyyat vasitəsini yolun hərəkət hissəsində dayandıraraq avtomobildən bir nəfər şəxsi düşürdür və həmin şəxs onunla sağollaşdıqdan dərhal sonra hərəkətə davam edir. Həmin vaxtı arxadan nəqliyyat vasitələrinin gəlməsi müşahidə edilir və hərəkət axını şəxs tərəfindən bir müddət dayandırılır. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 346.4-ci maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, iş üzrə təqdim edilmiş sübutları, xüsusilə inzibati xəta hadisəsini əks etdirən videogörüntünü hərtərəfli, tam və obyektiv tədqiq edərək, sübutların məcmusunu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq öz daxili inamı əsasında qiymətləndirərək belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməli, mübahisələndirilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. X1 əsas dəlili ondan ibarətdir ki, o, nəqliyyat vasitəsini texniki nasazlıq səbəbindən, yəni məcburi dayandırmışdır. Bu iddianın hüquqi qiymətləndirilməsi üçün məhkəmə ilk növbədə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində təsbit edilmiş “dayanma” və “məcburi dayanma” anlayışlarının fərqləndirilməsini zəruri hesab edir. Həmin Qanunun 1-ci maddəsinin 29-cu bəndinə görə, dayanma – adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir. Həmin Qanunun 1-ci maddəsinin 30-cu bəndi isə məcburi dayanmanı – texniki nasazlıq və ya aparılan yükün, sürücünün (sərnişinin) vəziyyətinin və ya yolda maneə yaranmasının doğurduğu təhlükə üzündən nəqliyyat vasitəsinin hərəkətinin dayandırılması kimi müəyyən edir. Göründüyü kimi, qanunverici bu iki anlayışı aydın şəkildə fərqləndirir: "dayanma" iradi və planlaşdırılmış hərəkət olduğu halda, "məcburi dayanma" sürücünün iradəsindən kənar, gözlənilməz və təhlükəli hallarla şərtlənir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş videogörüntünün təhlili isə şikayətçinin dəlillərini tamamilə təkzib edir. Belə ki, videogörüntüdən açıq-aydın görünür ki, “Mercedes Benz e230” markalı nəqliyyat vasitəsi yolun hərəkət hissəsinin ikinci cərgəsində dayanır, avtomobildən sərnişin düşür, sürücü ilə sağollaşır və bundan sonra nəqliyyat vasitəsi hərəkətini davam etdirir. Görüntülərdə nəqliyyat vasitəsinin hər hansı bir texniki nasazlıq əlaməti müşahidə edilmir. Sürücünün və sərnişinin hərəkətləri tamamilə planlaşdırılmış və sərnişinin düşürülməsi məqsədinə yönəlmişdir. Bu hərəkətlərin məcmusu, "Yol hərəkəti haqqında" Qanunun 1-ci maddəsinin 29-cu bəndində təsbit edilmiş “dayanma” anlayışının təzahürüdür və 30-cu bənddəki “məcburi dayanma” halının heç bir əlamətini özündə ehtiva etmir. Məhkəmə həmçinin qeyd edir ki, şikayətçi texniki nasazlığın baş verməsi ilə bağlı öz iddiasını heç bir mötəbər sübutla əsaslandıra bilməmişdir. İXM-nin 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipi inzibati orqanın üzərinə təqsirliliyi sübut etmə vəzifəsi qoyduğu halda, barəsində icraat aparılan şəxs öz müdafiə mövqeyini, xüsusilə də məsuliyyətdən azad edən halların mövcudluğuna dair iddiasını əsaslandırmaq üçün dəlillər təqdim etmək imkanına malikdir. Hazırkı işdə inzibati orqan tərəfindən videogörüntü kimi təkzibedilməz sübut təqdim edildiyi halda, şikayətçi öz iddiasını heç bir sübutla dəstəkləməmişdir. İXM-nin 346.4-cü maddəsi imperativ qaydada yanqoşqusu olmayan ikitəkərli nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasını və ya durmasını qadağan edir. Bu normanın məqsədi, yol hərəkətinin maneəsiz və təhlükəsiz axınını təmin etmək, ikinci cərgədə dayanmaqla yarana biləcək tıxacların və qəza şəraitinin qarşısını almaqdır. Videogörüntüdən də göründüyü kimi, şikayətçinin nəqliyyat vasitəsini ikinci cərgədə saxlaması arxadan gələn nəqliyyat axınının hərəkətinə maneə yaratmışdır. Beləliklə, məhkəmə tam sübuta yetirilmiş hesab edir ki, X3 istifadəsində olan nəqliyyat vasitəsini yolun hərəkət hissəsinin ikinci cərgəsində qəsdən dayandıraraq sərnişin düşürməklə İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisələndirilən qərarın ləğv edilməsi üçün heç bir maddi və ya prosessual əsas mövcud deyildir və qərar qanuni olmaqla qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 129.1.1, 130.1, 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 31660673 saylı “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X2 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №3(005)-4702/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4702/2025
18.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver