Məhkəmə qərarları › İş №3(005)-473/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-473/2023

07.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-473/2023 07.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş xx.xx.2023-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC 15993.00 ABŞ dolları məbləğində vəsaiti 21 yanvar 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 15993.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 22 yanvar 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankın Hüquq departamentinin direktoru X1 tərəfindən tərtib edilən EP seriyalı ******* №-li İnzibati xəta haqqında protokol ləğv edilməli və Protokol əsasında ‘"NİMEX” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şəxs MMC tərəfindən 21 yanvar 2021-ci il tarixdə “X4 Computer-room Equipment Co., Ltd” adlı Çin Şirkətinə kalsium sulfat tərkibli panellər üçün 28419,18 ABŞ dolları məbləğində vəsait ödənilmişdir. Bu malların bir hissəsinin "xxxx" MMC ilə bağlanılan podrat müqaviləsi üzrə “X8” layihəsi üzrə tikinti-quraşdırma işlərinin icrasında istifadə edilməsi nəzərdə tutulmuşdur. Lakin, "xxxx" MMC tərəfindən həyata keçirilən “X9” layihəsinin icrası dayandırıldığından "xxxx" MMC sifariş verdiyi mallardan imtina etmişdir. Bununla bağlı, Şəxs MMC “X4 Computer-room Equipment Co., Ltd” adlı Çin Şirkətinə müraciət edərək “X8” layihəsi üçün nəzərdə tutulmuş malların təchizatının dayandırılmasını xahiş etmiş və həmin mallara görə ödənilmiş vəsaitin geri qaytarılmasını xahiş etmişdir. “X4 Conıputer-room Equipment Co., Ltd” tərəfimizdən ödənilən vəsait hesabına artıq təchiz edilmiş malların dəyərini özündə saxlamaqla təchizatı dayandırılmış malların dəyərini geri qaytarmışdır. Beləliklə, “X4 Computer-room Equipment Co., Ltd” tərəfindən 02 noyabr 2021-ci il tarixində 88 522,45 ABŞ dolları məbləğində vəsait "xxxx" Azərbaycan QSC-dəki hesabımıza geri qaytarılmışdır. Bu məbləğ digər geri qaytarılan məbləğlərlə birlikdə cəm şəkildə qaytarıldığına görə "xxxx" QSC tərəfindən 15993,00 ABŞ dolları məbləğində vəsait geri qaytarılmış məbləğ kimi qeydə alınmamışdır. "xxxx" QSC ilə apardığımız çoxsaylı danışıqlar bir nəticə verməmişdir. Əlavə edilmiş 07 dekabr 2021-ci il tarixli "xxxx" QSC tərəfindən verilmiş bank hesabından çıxarışdan görünür ki, Şəxs MMC 28419,18 ABŞ dolları məbləğində vəsait 21 yanvar 2021-ci il tarixdə “X4 Computer-room Equipment Co., Ltd”ə ödənilmişdir. "xxxx" QSC tərəfindən verilmiş Qəbzdən görünür ki, “X4 Computer-room Equipment Co., Ltd” tərəfindən 88 522,45 ABŞ dolları məbləğində vəsait Şəxs MMC-nin "xxxx" Azərbaycan QSC-dəki hesabımıza geri qaytarılmışdır. Şəxs MMC və “X4 Computer-room Equipment Co., Ltd” arasında olan yazışmadan görünür ki, “X4 Computer-room Equipment Co., Ltd” tərəfindən geri qaytarılan 88 522,45 ABŞ dolları məbləğində vəsaitə 21 yanvar 2021-ci il tarixdə Şəxs MMC tərəfindən ödənilmiş 28419,18 ABŞ dolları məbləğində vəsaitin bir hissə, yəni "xxxx" Azərbaycan QSC tərəfindən bağlanmamış 15993,00 ABŞ dolları məbləğində vəsait daxildir. Bu məbləğ digər geri qaytarılan məbləğlərlə birlikdə cəm şəkildə qaytarıldığına görə və pul vəsaiti xaricdən geri qaytarıldıqda “X4 Computer-room Equipment Co., Ltd” tərəfindən konkret hansı məbləğin qaytarılması qeyd edilmədiyinə görə faktiki geri qaytarılan 15993,00 ABŞ dolları məbləğində vəsait banda açıq qalmışdır. Məhkəmə, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan "xxxx" QSC-nin 26 yanvar 2023-cü il tarixli, 00014 nömrəli Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış məktubundan görünür ki, ödəniş aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi (və ya qismən təqdim edən) sənədləri və ya idxal olunan xidmətlərin göstərlməsini təsdiq edən sənədləri banka təqdim etməyən (və ya qismən təqdim edən) müştərilərin ödəniş əməliyyatlarının siyahısında Şəxs MMC göstərilmişdir. İş materiallarında olan 21 yanvar 2021-ci il tarixli köçürmə ərizəsindən görünür ki, Şəxs MMC 28419.18 ABŞ dolları məbləğində pulun ölkə xaricinə köçürülməsi üçün "xxxx" QSC-yə müraciət etmişdir. İş materiallarında olan Şəxs MMC tərəfindən “X4 Computer-room Equipment Co., Ltd” şirkətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, həmin məkubda “Bildiyiniz kimi, layihəmiz ləğv olunub. Bununla əlaqədar olaraq, 2021-ci ilin oktyabr ayında istehsalın dayandırılması və imtina etdiyimiz mallara görə ödənilmiş məbləğlərin bizə qaytarılması tələbi ilə sizə müraciət etdik. 2021-ci ilin noyabr ayında 88522,45 ABŞ dolları məbləğində məbləği qaytardınız. Amma ödənişi geri qaytararkən ödədiyimiz məbləğlərin hansı məbləğlər üzrə geri qaytarıldığını qeyd etmədiyiniz üçün layihənin ləğvi ilə əlaqədar imtina etdiyimiz mallara görə ödənilmiş məbləğlərin geri qaytarıldığına dair banklarımıza sübut təqdim edə bilmirik. Zəhmət olmasa, geri qaytarılan 88522.45 ABŞ dolları məbləğə ödədiyimiz tarixlər üzrə hansı məbləğlərin daxil olduğunu göstərin.” sözləri göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 45/1 nömrəli 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda (xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən) bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X5 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulmuş “270 (iki yüz yetmiş)” sözləri “02 (iki) il” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.4-cü bəndinə görə Azərbaycan Respublikasına idxal olunan mallar və xidmətlər müdafiə və milli təhlükəsizlik ehtiyacları üçün nəzərdə tutulduqda və bu Qaydaların 4.3.1-ci yarımbəndində göstərilən köçürmələrin (avans ödənişləri daxil olmaqla) icrası üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi tapşırığı (qərarı, sərəncamı, müraciəti, dərkənarı) olduqda köçürmə əməliyyatları idxal müqaviləsi, gömrük bəyannaməsi və hər hansı digər sənəd tələb olunmadan icra edilir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə, Şəxs MMC ilə “X4 Computer-room Equipment Co., Ltd” şirkəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Satıcı (““X4 Computer-room Equipment Co., Ltd”) göstərilən malları Alıcıya (Şəxs MMC-yə) təhvil verməyi öz öhdəsinə götürsə də, sonuncu tərəfindən müqavilə üzrə öhdəliklərinə riayət edilməməsini, bu barədə “X4 Computer-room Equipment Co., Ltd” şirkətinə ünvanlanmış məktubu, lakin malların göndərilməməsini nəzərə alaraq Şəxs MMC-nin təqsirliliyi sübuta yetirilmədiyindən, barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 125,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhər Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar