Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-473/2025 25.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Şikayət vermiş şəxs – X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 Bakı şəhər X4 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayətlə müraciət edərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 23 yanvar 2025-ci il tarixində, Bakı şəhəri, N.Nərimanov rayonu, Ağa Neymətulla küçəsi ilə hərəkət zamanı (N.Nərimanov mt/s istiqamətindən ATS64 adlanan istiqamətdə) küçənin sonunda, İnzibati Xətalar Məcəlləsinin 327-ci maddənin 1-ci bəndinin tələblərini pozduğuna görə xx.xx.2025-ci il tarixli, EQ 25687686 nömrəli elektron protokol tərtib olunmuşdur. Aşağıdakılara əsasən hesab edir ki, sözügedən qərar ləğv edilməlidir. Bildirir ki, onun idarə etdiyi ** XA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə inzibati xəta haqqında protokol tərtib olunan ərazidə - Ağa Neymətulla küçəsində hərəkət zamanı, daha əvvəllər olduğu kimi küçənin sonunda geri-dönmə manevri icra edərək, H.Əliyev prospekti istiqamətində hərəkət etmişdir. Hərəkət zamanı yol boyunca müxtəlif yol nişanların tələblərinə onun tərəfindən tam şəkildə riayət olunmuşdur. 23 yanvar tarixində EQ 25687686 protokolu ilə bağlı məlumat aldıqda, elektron protokolda qeyd olunmuş-geri dönmə qadağasını əks etdirən yol nişanını hərəkət zamanı görməmişdir. Məsələyə tam aydınlıq gətirmək üçün 3.19 geri dönmə qadağa nişanının quraşdırılmış əraziyə gəldikdə, yol nişanının quraşdırılmasına dair bir sıra uyğunsuzluqların olduğunu və eləcə də quraşdırılma tələblərinin kobud şəkildə pozulmasını müşahidə etmişdir. Belə ki, nişanın quraşdırılmasına dair tələblər aşağıdakı kimidir: 1) 3.19 yol nişanı yol ayrıcından şəhərdaxili yollarda ən azı 25-50 metr məsafədə quraşdırılmalı; 2) 3.19 yol nişanının 100 metr məsafədən açıq şəkildə görünməsi mümkün olmadıqda, əlavə-təkrarlanan yol nişanı qurulmalıdır; 3) 3.19 yol nişanının aydın şəkildə görünüb-oxunması üçün şəhərdaxili yollarda nişanın ölçüsü 600 mm (60 sm) olmalıdır. Sözügedən ərazidə isə yol nişanın yoldan cəmisi 10-12 metr məsafədə, həm də standartlara uyğun olmayan ölçüdə - daha kiçik və aydın görünüb-oxunmayacaq halda quraşdırılmışdır. Eləcə də nişanın şəhərdaxili hərəkət zamanı aydın görsənməsi üçün də tələblər pozulmuşdur. Belə ki, nişanın hətta 50 metr məsafədən aydın görsənməsinə ərazidə əkilmiş ağaclar mane olur. Şikayət vermiş X2 verilmiş şikayət ərizəsinin məzmununa uyğun şəkildə çıxış edərək şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Buna görə də, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AR DİN-in Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X2 öz şikayət ərizəsində inzibati xəta törətmədiyini irəli sürmüşdür. Halbuki təqdim edilmiş sənədlərə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, X2 xx.xx.2025-ci il tarixdə idarə etdiyi “Kia Sorento’’ markalı, ** XA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən yol nişanının tələbini pozmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, X2 tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməməli, barəsində AR DİN-in Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137- ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X1 AR DİN-in Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-473/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-473/2025
25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver