Məhkəmə qərarları › İş №3(005)-4767/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4767/2025

25.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4767/2025 25.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə Azərbaycan Respublikası ƏƏSMN yanında X2 Xidmətinin Bakı şəhər idarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər idarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokol baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X1 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinə əsasən Şəxs MMC-yə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “ASİS” sistemi vasitəsilə göndərilmiş xx.xx.2025-ci il tarixli 3-17-5/2-64892/2025 nömrəli məktubda qeyd olunan sənədləri 7 iş günü ərzində DƏMX-nin BŞİ-nə təqdim edilməsi tələb olunmuş, lakin sənədlər xx.xx.2025-ci il tarixədək təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakı təmin edilməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə hüquqi şəxsin və səlahiyyətli orqanın nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, vətəndaş X1 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin əsasən Şəxs MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli, 3-17-5/2-64892/2025 nömrəli məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində DƏMX-nin BŞİ-nə tam, düzgün və vaxtında təqdim olunması tələb olunmuş, lakin məktubun çatdırılmasına baxmayaraq MMC-dən tələb olunan sənədlər hazırkı vaxtadək təqdim edilməmişdir. Bu fakt Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “ASİS” sistemi ilə təsdiq edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-5/2-64892/2025 nömrəli məktubun məzmunundan görünür ki, qeyd olunmuş müvafiq sənədlərin (əmək müqaviləsinin surəti (elektron əmək müqaviləsi olmadığı təqdirdə), kollektiv müqavilə, əmək müqaviləsinə xitam veriləcəyi təqdirdə müvafiq sənədlərin surəti, əmək müqaviləsinə xitam veriləcəyi təqdirdə son haqq-hesabın hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surəti, iş vaxtının uçotu və əmək haqqı hesablanması cədvəllərinin surəti (son on iki ay üzrə), vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubu) 7 iş günü ərzində X2 Xidməti Bakı şəhər idarəsinə təqdim edilməsi tələb olunmuşdur. SS929389153AZ kodlu poçt göndərişinin “www.azems.az” internet səhifəsindən izlənməsinə dair çıxarışdan görünür ki, məktub xx.xx.2025-ci il saat 09:40-da AZ1114 poçt məntəqəsi tərəfindən qəbul edilərək xx.xx.2025-ci il saat 17:05-də AZ9095 mübadilə məntəqəsinə təqdim edilmiş, xx.xx.2025-ci il saat 11:09-da AZ1008 poçt məntəqəsinə daxil olmuş, xx.xx.2025-ci il saat 14:08-də AZ1008 poçt məntəqəsi tərəfindən çatdırma cəhdi uğursuz olduğuna görə göndəriş geri qaytarılmaqla xx.xx.2025-ci il saat 11:09-da AZ9095 mübadilə məntəqəsinə, oradan xx.xx.2025-ci il saat 09:58-də AZ1113 poçt məntəqəsinə daxil olmuş və xx.xx.2025-ci il saat 12:13-də AZ1113 poçt indeksi üzrə “Azərbaycan Respublikası ƏƏSMN yanında X2 Xidməti”-nə çatdırılmış, yəni məktub geri qaytarılmışdır. Materiala əlavə olunmuş “Məktub” adlı sənədə əsasən “sənədin tarixi” qrafasında xx.xx.2025, “icra tarixi” qrafasında xx.xx.2025, “məzmun” qrafasında müəssisəyə sorğu məktubu, “hüquqi şəxsin adı” qrafasında Şəxs MMC göstərilmiş, “qəbul edilən sənədin tarixi” və “qəbul edilən sənədin nömrəsi” qrafaları isə boşdur, məktubun xx.xx.2025-ci il tarixli 3-17-5/2-64892/2025 nömrəli olmasına dair isə hər hansı qeyd yoxdur. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətindən daxil olmuş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokolu və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, materiala əlavə olunmuş “Məktub” adlı sənədə əsasən “sənədin tarixi” qrafasında xx.xx.2025, “icra tarixi” qrafasında xx.xx.2025, “məzmun” qrafasında müəssisəyə məktub, “hüquqi şəxsin adı” qrafasında Şəxs MMC göstərilmiş, “qəbul edilən sənədin tarixi” və “qəbul edilən sənədin nömrəsi” qrafaları isə boşdur, məktubun 3-17-5/2-64892/2025 nömrəli olmasına dair isə hər hansı qeyd yoxdur. Həmçinin poçt göndərişlərinin izlənilməsinə aid olan çıxarışdan da göründüyü kimi məktub Şəxs MMC-nin hüquqi ünvanına çatmamışdır. Göründüyü kimi inzibati xəta haqqında protokolda xx.xx.2025-ci il tarixli, 3-17-5/2- 64892/2025 nömrəli sorğu məktubunun hüquqi şəxsə çatdırılması qeyd olunsa da məhkəmə həmin faktın sübuta yetirilmədiyi, əksinə bunun yalnız şübhədən ibarət olduğu qənaətinə gəlir ki, bütün şübhələr qanunvericiliyin tələbinə uyğun olaraq hüquqi şəxsin xeyrinə həll edilməlidir. Şəxs Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən mötəbər sübutlar iş materiallarına əlavə edilmədiyi və məhkəmə iclasında təqdim edilmədiyi üçün hüquqi şəxsin həmin maddə ilə təqsirli olması qənaətinə gəlinməsi mümkün deyildir. Şərh olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmiş və sübut qismində yalnız iş materiallarında olan inzibati xəta haqqında protokola istinad etməklə kifayətlənmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar digər zəruri sübutlarla təsdiq olunmalıdır. Göstərilən bu hallar, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinin sübuta yetirilməməsinə və inzibati xətanın mötəbər sübutlarla təsdiq edilməməsinə dəlalət edir. Beləliklə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.2, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar