Məhkəmə qərarları › İş №3(005)-4769/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4769/2025

25.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4769/2025 25.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Bakı ŞBPİ-nin X7 İdarəsinin nümayəndəsi X1, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X2 iştirakı ilə, Bakı BPİ-nin X7 İdarəsinin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Bakı BPİ-nin X7 İdarəsinin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayətlə müraciət edərək qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən əvvəlki şikayəti əsasında qəbul edilmiş qərara əsasən onun İXM-in 327.2-ci maddəsi ilə cərimə olunmasına dair Bakı şəhər X7 İdarəsi tərəfindən İXP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərar ləğv edilməklə işə yenidən baxılması Bakı şəhər X7 İdarəsi tapşırılmışdır. Qeyd olunan qərar əsasında BDYPİ tərəfindən təkrar olaraq xx.xx.2025-ci il tarixdə yenidən inzibati xəta haqqında qərar çıxarılmışdır. Qərar çıxarılarkən işin araşdırılması onun iştirakı olmadan həyata keçirilmişdir, halbuki o, qərardan narazı idi. Qərar təkrar çıxarıldıqda ona heç bir məlumat verilməmiş və o, bir neçə həftə keçdikdən sonra öz təşəbbüsü ilə DYPİ-nə yaxınlaşdıqda bundan xəbər tutmuşdur. O, protokolda qeyd olunan qayda pozuntusuna yol verməmişdir. Qayda pozuntusunun kamera görüntüləri səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir, halbuki sübutetmə yükü məhz həmin tərəfin üzərinə düşür. BDYPİ əməkdaşları İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, barəsində inzibati xəta haqqında qərar qəbul edərək, hüquqlarını təkrar olaraq pozmuşdur. Bu səbəbdən TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməklə icraata xitam verilməlidir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X4 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, inzibati tənbeh vermə haqqında müvafiq qərarın ləğv edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, həmin vaxt avtomobilin surəti 20-30 km/saat olmuşdur. Məhkəmə iclasında Bakı ŞBPİ-nin X7 İdarəsinin nümayəndəsi X3 bildirmişdir ki, məhkəməyə təqdim olunan videogörüntüdən göründüyü kimi X4 işıqforun hərəkəti qadağan edən sarı işıq siqnalında dayanmalı olduğu halda, hərəkətini davam etdirmişdir. Hazırda şikayət əsassız olduğuna görə inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı BPİ-nin X7 İdarəsinin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 xx.xx.2025-ci il saat 16:23-də Bakı şəhəri, Xətai prospekti, 42 ünvanında “HONDA ACCORD” minik markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. İnzibati xəta hadisəsini əks etdirən videogörüntüdən görünür ki, “HONDA ACCORD” minik markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il saat 16:23-də Bakı şəhəri, Xətai prospekti, 42 ünvanında hərəkətdə olan zaman nəqliyyat vasitəsini idarə edərkən svetoforun qadağanedici sarı rəngli işıq siqnalı verilərkən hərəkətini davam etdirmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlir ki, X4 tərəfindən inzibati xətanın törədilmədiyi bildirilsə də, şəxs bu barədə məhkəməyə əsaslı dəlil təqdim edə bilməmişdir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti” haqqında Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən: 11) yolayrıcı – yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir; 12) nizamlanan yolayrıcı – hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyənləşdirilən yolayrıcıdır; 13) nizamlanmayan yolayrıcı – nizamlayıcının olmadığı, svetoforun qurulmadığı və ya söndürüldüyü, yaxud yanıb-sönən sarı rəngli işıq siqnalının işlədiyi yolayrıcıdır; 59-cu maddəsinə əsasən: İ. Yollarda, yolayrıclarında və digər yerlərdə yol hərəkətini nizama salmaq üçün svetoforlardan istifadə olunur. Svetoforların vasitəsi ilə verilən siqnallarda yaşıl, sarı, qırmızı və ağ-sarımtıl rənglər tətbiq edilir (3 saylı Əlavə). İİİ. Svetoforun dairəvi siqnallarının aşağıdakı mənaları vardır: 3) sarı rəngli işığın yanması - bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir; 4) sarı rəngli işığın yanıb-sönməsi - hərəkətə icazə verir və nizamlanmayan yolayrıcının və ya piyada keçidinin olduğunu bildirir, təhlükə barədə xəbərdarlıq edir; 5) qırmızı rəngli işığın yanması və ya yanıb-sönməsi - bu siqnal hərəkəti qadağan edir; Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X4 şikayət ərizəsində inzibati xəta törətmədiyini bildirsə də, iş materiallarına əlavə edilmiş inzibati xəta hadisəsini özündə əks etdirən videogörüntüyə əsasən müəyyən edilir ki, X4 xx.xx.2025-ci il saat 16:23-də Bakı şəhəri, Xətai prospekti, 42 ünvanında “HONDA ACCORD” minik markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati tənbeh vermə haqqında qərardan göründüyü kimi X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin normalarını və inzibati xəta haqqında iş materiallarını, Azərbaycan Respublikası İXM-in 135-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün digər əsasların mövcud olmadığını nəzərə alaraq nəticəyə gəlir ki, X4 şikayəti təmin edilməməli, Bakı ŞBPİ-nin X7 İdarəsinin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137- ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı ŞBPİ-nin X7 İdarəsinin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar