Məhkəmə qərarları › İş №3(005)-4795/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4795/2025

14.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4795/2025 14.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan xx.xx.1966-cı il tarixdə Ağsu rayonunda anadan olmuş, evli, orta təhsilli, "Respublika Gigiyena və Epidemiologiya Mərkəzi" PHŞ-də sürücü kimi çalışan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhər Xətai rayonu Ş.Şikarov UPP-16-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 14 noyabr 2025-ci protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 14 noyabr 2025-ci İnzibati xəta haqqında” protokoldan görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3221/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi icra edilməmişdir və icra sənədi üzrə 7000 manat aliment borcunun icrası üzrə Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X5 bildirmişdir ki, Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3221/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs iki uşağın saxlanılması üçün ər ay cəmi 700 manat aliment öhdəliyini icra etməmiş və bugünkü tarixə 7000 manat borcu vardır. Lakin, hazırda icra sənədi əmək haqqının 70 faizinə yönəldilsə də, borc məbləği tamamlanmamışdır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X3 izahatında göstərmişdir ki, icra sənədi üzrə hazırda borclunun ona 7000 manat borcu var və ödənilməsini tələb edir. Əmək haqqından tutulan vəsait onu qane etmir. Lakin, məhkəmə iclasında borclu ilə razılaşmışlar və kommunal xərcləri, o cümlədən əlavə ödəniş etməyi öhdəsinə götürmüşdür. Bu səbəbdən icraatın xitam verilməsinə etirazı yoxdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs çıxış edərək bildirmişdir ki, hazırda sürücü kimi çalışır və aylıq gəliri 400 manatdır. İşdən saat 20 radələrində gəldiyi üçün əlavə iş icra etməyə vaxtı qalmır. Hazırda zərərçəkmiş şəxs ilə birlikdə yaşayırlar və evin xərclərini qarşılamağa kömək edir. Əlavə də aylıq maaşının 70 faizi aliment öhdəliyinə tutulur. Məhkəmə iclasında zərərçəkmiş ilə razılığa gəlmişlər və əlavə evin kommunal xərclərini ödəməyi də öhdəsinə götürür. Qeyd olunanları nəzərə alaraq barəsində icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş : Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3221/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, Şəxs hər ay iki uşağa gğrə cəmi 700 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3221/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, aliment borcu borclunun əmək haqqından tutulması üçün “Bakı şəhər Dezinfeksiya Mərkəzi” PHŞ-yə göndərilmişdir. İmişli rayon İcra Hakimiyyəti başçısının İmişli şəhər İnzibati ərazi dairə nümayəndəliyinin 15 avqust 2025-ci il tarixli arayışından görünür ki, Şəxs İmişli şəhər ,Qarayev küçəsi 11 saylı ünvanda yaşayır. Hüquqi məsələlər Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən, Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraatı apararkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində təsbit olunmuş vəzifələrinə uyğun olaraq, işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmağı, toplanmış sübutları isə İXM-nin 84.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymətləndirir. Məhkəmə iclasında tədqiq edilmiş sübutları – Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmurunun tərtib etdiyi 14 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolu, Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3221/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədini, icraata başlamaq haqqında qərarı, borclunun iş yerinə yönəldilmiş icra tədbirlərinə dair sənədləri, habelə tərəflərin məhkəmədə verdiyi izahatları məcmu halında təhlil edərək aşağıdakı hüquqi nəticələrə gəlir: İXM-nin 528.1-ci maddəsinin dispozisiyası, inzibati məsuliyyətin yaranması üçün fundamental şərt kimi, icra sənədindəki tələbin məhz "üzrsüz səbəbdən" icra edilməməsini müəyyən edir. Bu, o deməkdir ki, qanunverici bu inzibati xətanın tərkibinin subyektiv cəhətini təqsirin qəsd və ya ehtiyatsızlıq forması ilə yanaşı, həm də borclunun hərəkətsizliyinin üzrsüz olması elementi ilə şərtləndirmişdir. Beləliklə, təkcə icra sənədinin icra edilməməsi faktı deyil, həm də bu icraetməmənin borclunun təqsiri ucbatından və heç bir üzrlü səbəb olmadan baş verməsi sübuta yetirilməlidir. Bu, İXM-nin 3-cü maddəsində təsbit olunmuş təqsirə görə məsuliyyət prinsipinin birbaşa təzahürüdür. Məhkəmə müəyyən edir ki, Şəxs Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə müəyyən edilmiş aliment öhdəliyini tam həcmdə icra etməməsi faktı mübahisəsizdir və yaranmış 7000 manat məbləğində borc bunu təsdiq edir. Lakin, inzibati xəta tərkibinin mövcudluğunu müəyyən etmək üçün məhkəmə bu icraetməmənin səbəblərini dərindən araşdırmalıdır. İcra materiallarından və tərəflərin izahatlarından göründüyü kimi, borclunun yeganə rəsmi gəlir mənbəyi "Respublika Gigiyena və Epidemiologiya Mərkəzi" PHŞ-də sürücü kimi çalışdığı işdən aldığı 400 manat məbləğində əmək haqqıdır. İcra məmuru tərəfindən "İcra haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, borclunun əmək haqqının mümkün olan maksimal həddinə, yəni 70%-nə yönəltmə tətbiq edilmişdir. Bu, o deməkdir ki, icra orqanı borclunun rəsmi gəlirlərindən borcun ödənilməsi üçün qanunvericiliyin imkan verdiyi bütün məcburi tədbirləri artıq görmüşdür. Borclunun əlavə gəlir mənbələrinin və ya adına qeydiyyatda olan və tələbin yönəldilə biləcəyi hər hansı digər əmlakının olması barədə iş materiallarında heç bir mötəbər sübut mövcud deyil. İcra məmuru qeyd olunan əmlakların mövcud olmadığına istinad etmişdir ki, həmin fakt da elektron portal ilə təsdiq edilir. Belə bir şəraitdə, şəxsin mövcud gəlirinin məhkəmə qərarı ilə müəyyən edilmiş aliment məbləğini tam ödəməyə imkan verməməsi, onun bu öhdəlikdən qəsdən yayınması kimi deyil, obyektiv maddi imkansızlıq kimi qiymətləndirilməlidir. Hüququn ümumi prinsipinə uyğun olaraq, şəxsin obyektiv imkanı xaricində olan bir hərəkəti etməməsinə görə onu təqsirli hesab etmək və cəzalandırmaq ədalətsizlik olardı. İcra məmurunun tələblərinin yerinə yetirilməməsi, bu halda, borclunun iradəsindən asılı olmayan, onun gəlirlərinin məhdudluğu ilə əlaqədar olan bir vəziyyətdir. Məhkəmə zərərçəkmiş şəxs X2 məhkəmə iclasındakı mövqeyini də nəzərə alır. O, borcun mövcudluğunu təsdiq etsə də, borclu ilə aralarında evin kommunal və digər xərclərinin ödənilməsi barədə razılığın əldə olunduğunu bildirmiş və nəticə etibarilə iş üzrə icraata xitam verilməsinə etiraz etməmişdir. İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbehin məqsədi şəxsi qanunlara əməl etməyə tərbiyələndirmək və yeni xətaların qarşısını almaqdır. Hazırkı vəziyyətdə, tərəflər arasında müəyyən bir anlaşmanın əldə olunması və borclunun gəlirinin artıq maksimum həddə icraya yönəldilməsi fonunda, ona qarşı cərimə və ya inzibati həbs kimi əlavə tənbeh tədbirinin tətbiqi nəinki onun maddi vəziyyətini daha da ağırlaşdırar, həm də aliment öhdəliyinin gələcəkdə icrasını daha da çətinləşdirə bilər. Belə bir tənbeh, qanunun tərbiyəvi və preventiv məqsədlərinə deyil, yalnız cəzalandırıcı xarakter daşıyaraq, ədalətlilik prinsipinə zidd olardı. Odur ki, məhkəmə hesab edir ki, Şəxs hərəkətsizliyində "üzrsüz səbəb" elementi, yəni İXM-nin 528.1-ci maddəsinin subyektiv cəhəti mövcud deyildir. Yuxarıda şərh olunanların məcmusuna əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar