Məhkəmə qərarları › İş №3(005)-4810/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4810/2025

26.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4810/2025 26.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Bakı Nəqliyyat Agentliyinin xx.xx.2021-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Nəqliyyat Agentliyinin xx.xx.2021-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ona məxsus “Mercedes Benz” markalı, 10RF107 dövlət qeydiyyat nişanlı avtomobilə BNA tərəfindən 2021-ci ildə qərarsız cərimə yazılmışdır. Həmin cərimənin seriya və nömrəsi BNA 1959205-dir və həmin cərimə 2022-ci ildə qərarsız statusunda olduğu üçün silinmişdir. Lakin DİN-in əməkdaşı xx.xx.2025-ci il tarixində texniki baxış məntəqəsində avtomobil yoxlanışında olduğu zaman həmin məntəqənin əməkdaşı qanunsuz olaraq sistem üzərindən həmin cəriməni bərpa edərək ödənilməsini tələb etmişdir. Qeyd olunanlara əsasən qanunsuz olaraq yazılmış qərarın ləğv olunmasını xahiş edir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 şikayətin dəlillərinə uyğun şəkildə çıxış edib bildirmişdir ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın əsassız olduğunu, həmin inzibati xəta törədilərkən ölkə xaricində olduğunun nəzərə alınaraq xx.xx.2021-ci il tarixli BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Səlahiyyətli orqan olan Bakı Nəqliyyat Agentliyinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Asan Pay” ödəniş sistemindən əldə olunan çıxarışdan görünür ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X2 xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 20 (iyirmi) manat cərimə edilmiş, hazırda 2 (iki) manat endirim məbləği nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 57.6-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: 57.6.1-cı maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.6.2-cı maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi bu Məcəllənin 125.2.1ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); 57.6.3-cü maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, yaxud nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərarın verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); 57.6.4-cü maddəsinə əsasən bu Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərar verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). 124.6-cı maddəsinə əsasən bu Məcəllənin 346.1 346.2, 346.4–346.9, 346-1.1–346- 1.4 və 346-1.6–346-1.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar bu Məcəllənin 124.4-cü maddəsində nəzərdə tutulmuş qaydada operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir. 138.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar aşağıdakı hallarda qanuni qüvvəyə minir; 150.11-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. 346.1-ci maddəsinə əsasən bu Məcəllənin 346.2 - 346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cərimə edilir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayət və ona əlavə olunan sənədləri tədqiq edərək qeyd edir ki, “Asan Pay” ödəniş sistemindən əldə olunan çıxarışdan da göründüyü kimi X2 xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə onun barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən BNA ******* nömrəli inzibati tənbeh vermə elektron qərar qanunda nəzərdə tutulduğu qaydada, yəni inzibati xətanın törədildiyi gündən bir il müddətində deyil, dörd ilə yaxın müddət sonra nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmişdir. Hazırda onun cərimə məbləğinin 10 faiz hissəsindən azad olunması nəzərdə tutulduğuna görə İXM-in 150.11-ci maddəsinə istinadən hesab edilir ki, qərar hazırda ya qüvvəyə minməmiş, ya da qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddət keçməmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-in 38.1 və 53.1.6-cı maddələrinin tələblərinə əsasən bu Məcəllənin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri baxımından X1 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməli, qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 38.6, 40, 53.1.11, 105, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. X1 barəsində Bakı Nəqliyyat Agentliyinin xx.xx.2021-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar