Məhkəmə qərarları › İş №3(005)-4833/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4833/2025

09.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4833/2025 09.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Şikayət vermiş şəxs Mustafayeva (Qasımova) Dilarə Şahmar qızının, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, Mustafayeva (Qasımova) Dilarə Şahmar qızı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qəbul edilmiş 07 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi Mustafayeva (Qasımova) Dilarə Şahmar qızı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qəbul edilmiş 07 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan şikayət ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək qərarın ləgv olunması və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Mustafayeva (Qasımova) Dilarə Şahmar qızının barəsində İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə MN1788624 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qəranın əsası kimi guya o, icazəsiz yaşayış evi tikmişdir. Halbuki, o, tək yaşayır və 2014-cü ildən ona aid tikiliyə bitişik toyuqlar üçün nəzərdə tutulmuş hin tikmişdir. Hesab edir ki, bu baxımdan qərar tamamilə qanunsuz olduğundan ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs Mustafayeva (Qasımova) Dilarə Şahmar qızı vermiş olduğu şikayətin məzmununa uyğun çıxış edərək məhkəmədən şikayətin təmin edilməsini və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qəbul edilmiş 07 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqanın nümayəndəsi X2 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, şikayətin əsassız olduğunu və rədd edilməsini xahiş etmişdir. Belə ki, Sabunçu rayonunun inzibati ərazisinin daxilində Abşeron rayonu, Maştağa qəsəbəsində subtropik sovxozu ərazisində D.Ş.Qasımovanın icarəsinə verilmiş KTT-lı torpaq sahəsində fərdi yaşayış evi inşa edilərək torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilmişdir. Odur ki, tərəflərindən qəbul edilmiş qərar əsaslıdır və məhkəmədən şikayətin təmin edilməməsini xahiş edirlər. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qəbul edilmiş 07 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli qərarından görünür ki, Sabunçu rayonunun inzibati ərazisinin daxilində Abşeron rayonu, Maştağa qəsəbəsində subtropik sovzou ərazisində D.Ş.Qasımovanın icarəsinə verilmiş KTT-lı torpaq sahəsində fərdi yaşayış evi inşa edilərək torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilmişdir. Nəticədə Mustafayeva (Qasımova) Dilarə Şahmar qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 500 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin: 247.2-ci maddəsinə əsasən bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə icraata xitam verilməsi üçün İXM-də nəzərdə tutulmuş hallar yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sənədlərin tədqiqi zamanı, həmçinin səlahiyyətli orqan tərəfindən təqdim edilmiş fotoşəkillərə baxış zamanı müəyyən edilmişdir ki, həqiqətən də şikayət vermiş şəxs tərəfindən Sabunçu rayonunun inzibati ərazisinin daxilində Abşeron rayonu, Maştağa qəsəbəsində subtropik sovzou ərazisində D.Ş.Qasımovanın icarəsinə verilmiş KTT-lı torpaq sahəsində fərdi yaşayış evi inşa edilərək torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilmişdir. Tikilini Mustafayeva (Qasımova) Dilarə Şahmar qızı inşa etdiyi etiraf etsə də onun yaşayış üçün deyil saxladığı ev heyvanları üçün nəzərdə tutduğunu bildirmişdir. Lakin tikilinin ev heyvanları üçün tikilməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilməmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayətçi Mustafayeva (Qasımova) Dilarə Şahmar qızının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qəbul edilmiş 07 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar