Məhkəmə qərarları › İş №3(005)-484/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-484/2022

24.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-484/2022 24.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, 18.01.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X6 İdarəsinin TP ******* nömrəli, 18.01.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün Bakı Şəhəri X6 İdarəsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, özünə məxsus olan **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Nərimanov rayonu, Ə. Rəcəbli küçəsində geriyə dönmə hərəkətini yerinə yetirərkən qarşıdan gələn avtomobili buraxıb geriyə dönmüşdür. Lakin DYP-nin əməkdaşı əlində heç bir əsas olmadan onun barəsində protokol tərtib etmişdir. O, sonra DYP-nə yaxınlaşdıqda onlar ona heç bir sübut, dəlil göstərə bilməmişlər. Bununla bağlı bir dəfə məhkəməyə müraciət etmiş və məhkəmə iclasında iştirak etmişdir. Lakin qarşı tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmənin qərarı ilə vermiş olduğu şikayət ərizəsi təmin edilmiş, qərar ləğv edilərək araşdırma aparılması üçün polis idarəsinə göndərilmişdir. Buna baxmayaraq DYPİ-in polis mayoru E. Qasımov qərarı ləğv etməmiş, qərar qüvvədə qalmışdır. Həmin hadisə 04.09.2021-ci il tarixdə saat 16:45-də baş vermişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 şikayətin dəlillərinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X6 İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X6 İdarəsinin polis mayoru X3 tərəfindən qəbul edilmiş 18.01.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 “HYUNDAİ SANTA FE” minik markalı **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolayrıcını keçmə qaydalarını pozduğuna görə İXM-in 327.2ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 60 manat məbləğində cərimə edilmişdir; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02.11.2021-ci il tarixli, 3(005)- 2609/2021 nömrəli qərarından görünür ki, şikayət təmin edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X6 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X1 İXM-in 327.2-ci maddəsi ilə cərimə olunmasına dair TP ******* nömrəli, 18.01.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X7 İdarəsinə tapşırılmışdır. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, X1 İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, 18.01.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Baş Polis İdarəsinin X7 İdarəsinə tapşırılmalıdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X2 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, İXM-in: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4.-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə qeyd edir ki, X2 üstün keçid hüququ olan nəqliyyat vasitəsinin sürücüsü kimi yol hərəkətinin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamaq şərtilə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun tələblərindən kənara çıxara bilmək hüququ vardır. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs işin bu hallarına qiymət vermədən onun svetaforun qadağanedici işarəsi verilərkən hərəkətinin davam etdirməsini pozuntu kimi qiymətləndirərək İXM-nin 327.2-ci maddəsinə nəzərdə tutulan inzibati xətanı törətməsi nəticəsinə gəlmişdir. Halbuki, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun: 37-ci maddəsinin İ hissəsinin 7-ci bəndinə əsasən üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsi yaxınlaşdıqda, sağa dönmə işıq göstəricisini yandırmalı, həmin nəqliyyat vasitələri üçün zolağı boşaltmalı və ya yol qırağına mümkün qədər yaxın hərəkət etməli, zərurət olduqda isə nəqliyyat vasitəsini dayandırmalıdır, üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət etməməlidir 74-ci maddəsinin 1-ci hissəsinə əsasən Üstün keçid hüququ olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkətinin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamaq şərtilə bu Qanunun tələblərindən kənara çıxara bilər. Üstün keçid hüquqi olan operativ nəqliyyat vasitələrinin xüsusi səs siqnalı və sayrışan işıq siqnalı olmalıdır. İXM-in: 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X1 barəsində inzibati xəta haqqında protokol tərtib etmiş və həmin protokol əsasında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X2 üstün keçid hüququna malik nəqliyyat vasitəsini idarə etdiyindən iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X6 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X1 İXM-in 327.2-ci maddəsi ilə cərimə olunmasına dair TP ******* nömrəli, 18.01.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X2 barəsində işə yenidən baxılması Bakı şəhəri X6 İdarəsinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X6 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X1 İXM-in 327.2-ci maddəsi ilə cərimə olunmasına dair TP ******* nömrəli, 18.01.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X7 İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar