Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4841/2025 09.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Hüseynova Gülsüm Üzeyir qızının katibliyi ilə, X1 Bakı şəhəri Baş Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı 29846810 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Bakı şəhəri Baş Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı 29846810 saylı “İnzibati tənbeh vermə haqqında” qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində X2 tərəfindən Fortel qeydiyyat nişanı **-HZ-*** olan Mercedes-Benz markalı avtomobil Nəsib bəy Yusifbəyli küçəsində, Xan Şuşinski küçəsi ilə kəsişməyə yaxın ərazidə saxlanılmışdır. X. Şuşinski küçəsindən N. Yusifbəyli küçəsinə dönərkən həmin ərazidə dayanma və durmanı qadağan edən hər hansı yol nişanının olmaması nəzərə alınaraq, sağa dönüb təxminən 15–20 metr irəlilədikdən sonra avtomobil yolun sağ tərəfində saxlanılmış və “OMİD” mağazasına daxil olunmuşdur. X2 öz hərəkətlərinin yol hərəkəti qaydalarına zidd olmadığından əmin olmuşdur. Belə ki, onun 10 ildən artıq sürücülük təcrübəsi vardır, bu müddət ərzində heç bir yol-nəqliyyat hadisəsində iştirak etməmiş, demək olar ki, ciddi inzibati xəta törətməmişdir və yol hərəkəti qaydalarına daim əməl etmişdir. Buna baxmayaraq, ertəsi gün — xx.xx.2025-ci il tarixində Asanpay portalında ona qarşı İXM-nin 346.1-ci maddəsi (dayanma və durma qaydalarının pozulması) əsasında inzibati cərimə tətbiq edildiyi barədə məlumat verilmişdir. Haqlı olduğuna əmin olmaq məqsədilə həmin gün X2 yenidən hadisə baş vermiş əraziyə getmiş, qadağanedici yol nişanının olmadığını təsdiq edən fotoşəkillər çəkmiş və elə həmin gün Asanpay portalı vasitəsilə qərarın ləğv edilməsi üçün şikayət təqdim etmişdir. Lakin bir müddət sonra cərimə məbləği üzrə əlavə borc hesablanmağa başlanmışdır. Bununla əlaqədar olaraq Asanpay portalı vasitəsilə yenidən şikayət göndərilmiş, həmçinin Badamdar qəsəbəsində yerləşən DYP idarəsinə müraciət edilmiş və məsul zabitlə görüş keçirilmişdir. Buna baxmayaraq, məsələ öz həllini tapmamışdır. Daha sonra X2 bir neçə dəfə yenidən həmin idarəyə müraciət etmiş, eyni məsul zabitlə görüşmüşdür. Lakin bütün bu müraciətlərə baxmayaraq, sadə və əsaslandırılmış bu məsələ indiyədək həll olunmamışdır. Bunu nəzərə alaraq barəsində verilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı 29846810 saylı qərarından görünür ki, xx.xx.2025-ci il tarixində X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə görə barəsində 20 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, şikayət verən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X1 İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Bakı şəhəri Baş Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı 29846810 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin orqana göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı X1 İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədib törətməməsini müəyyən etmək mümkün deyil. Belə ki, səlahiyyətli orqanın nümayəndəsi tərəfindən məhkəmə iclasında avtomobilin kim tərəfindən idarə edilməsi ilə bağlı məhkəməyə hər hansı sənəd təqdim edə bilməmişdir. Halbuki, həmin halları sübutetmə vəzifəsi bilavasitə qərarı qəbul etmiş orqanın üzərinə düşür. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-nin tələblərini işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozmuş, təqdim olunmuş sənədlər əsasında X1 İXM-nin nin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmasının, ümumiyyətlə dayanma və ya durma qaydalarının pozulmasına yol verməsinin müəyyən edilməsi mümkün deyil və bu səbəbdən o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də iş üzrə yenidən araşdırma aparılmaqla müvafiq qərar qəbul edilməsi üçün X1 barəsində Bakı şəhəri Baş Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı 29846810 saylı tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin orqana göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; Qeyd olunanlara əsasən və İXM-nin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin nin 346.1 maddəsi ilə cərimə olunmasına dair Bakı şəhəri Baş Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı 29846810 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin orqana göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-4841/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4841/2025
09.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver