Məhkəmə qərarları › İş №3(005)-4860/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4860/2025

18.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4860/2025 18.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1961-ci il tarixdə Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Zəngilan rayon Ağakişilər kəndində qeydiyyatda olmaqla Bakı şəhər Xətai rayonu Xudu Məmmədov 29/42 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru məmuru X5 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-238/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 60.000 manat pul məbləği tutularaq X2 ödənilməlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X5 protokolun məzmumuna uyğun izahat verərək bildirdi ki, protokolda qeyd olunan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-238/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclunun 60.000 manat borcu yaranmışdır, bu günə qədər heç bir ödəniş etməmişdir.Tələbkar borcun ödənilməsini tələb edir. Məhkəmədən onun barəsində müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, zərərçəkmiş yaşlı olması səbəbindən məhkəmə iclasında iştirak edə bilmir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, icra sənədindən məlumatlı olsa da, borcun hissə-hissə ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Müraciəti təmin edilməsə də, həmin qərardan apellyasiya şikayəti verəcəkdir. Belə ki, hazırda borcu tam şəkildə ödəməyə imkanı yoxdur. Hissə-hissə ödənişi də onun yerinə ailə üzvləri edə bilər. Hazırda şəkər xəstəsidir və işləmir. Bununla bağlı sənədləri təqdim edərək əlillik dərəcəsi almaq istəyir. İcra sənədinin icrasından yayınmır və imkanı olacağı təqdirdə ödəməyi öhdəsinə götürür. Məhkəmədən qeyd olunanları nəzərə alaraq, yüngül cəza təyin edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 238/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxsdan 60.000 manat və 185 manat məbləğində ödənilmiş dövlət rüsumi pul X1 xeyrinə tutulması qərara alınmışdır. Məhkəmədə tədqiq edilmiş “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-238/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin Şəxs tərəfindən könüllü icra edilməsi barədə borcluya məlumat verilmişdir. Hüquqi məsələlər «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs yuxarıda qeyd edilən icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. İnzibati məsuliyyətin əsasını təşkil edən İXM-nin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 528.1-ci maddəsinin dispozisiyası icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən edir. Bu inzibati xətanın obyekti idarəçilik qaydaları, xüsusilə məhkəmə hakimiyyətinin nüfuzunun təmin edilməsi və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburi icrası ilə bağlı yaranan ictimai münasibətlərdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədinə dair qanuni tələblərini yerinə yetirmir. Həmçinin icra işinin materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş xəbərdarlıq məktubu ilə cavabdehin icra sənədinin icrasından yayınmasının hüquqi nəticələrinin izah olunduğu aydın olur. Buna görə də məhkəmə Şəxs hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz presedent hüququnda dəfələrlə vurğulamışdır ki, İnsan Hüquqlarının və X4 haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit olunmuş ədalətli məhkəmə araşdırılması hüququnun tərkib hissəsi olan "məhkəməyə müraciət etmək hüququ", məhkəmə tərəfindən çıxarılmış yekun və məcburi qərarın icrasını da əhatə edir (Hornsby Yunanıstana qarşı, 19 mart 1997-ci il tarixli Qərar). Məhkəmə qərarının tam şəkildə icra edilməməsi Konvensiyanın 6-cı maddəsinin mahiyyətini anlamsız edərdi. Məhkəmə, icra işinin materialını və inzibati xəta haqqında protokolu nəzərdən keçirib, tərəflərin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-nin 9.1-ci və 21-ci maddələrinin tələblərinə uyğun olaraq, inzibati tənbeh ədalətli olmalı, şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək və yeni xətaların törədilməsinin qarşısını almaq məqsədi daşımalıdır. Məhkəmə, tənbeh növü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır: Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qəbul edir və əməllərində məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə, bir tərəfdən, xətanın ictimai təhlükəliliyini, onun məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirməsini, digər tərəfdən isə barəsində icraat aparılan şəxsin maliyyə vəziyyəti ilə bağlı iddialarını nəzərə alaraq, inzibati həbs tətbiqinin hazırkı mərhələdə son çarə kimi nəzərdən keçirilməli olduğunu və cərimə tənbehinin tətbiqinin daha mütənasib olacağı qənaətindədir. Tətbiq edilən cərimə həm cəzalandırıcı, həm də gələcəkdə bu cür hüquqazidd davranışdan çəkindirici xarakter daşımalıdır Qeyd olunanlara əsasən və İXM-nin 40.0.1, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar