Məhkəmə qərarları › İş №3(005)-4862/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4862/2025

09.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4862/2025 09.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Gülsüm Üzeyir qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin nümayəndələri X3, Barəsində inzibati icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 428.10-cu maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Şəxs MMC barəsində İXM-in 428.10-cu maddəsi ilə MN seriyalı ******* nömrəli, 13 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mustafayeva 27 ünvanında yerləşən Şəxs MMC tərəfindən xx.xx.2025-ci il tarixdə “İnstagram” sosial şəbəkəsində “lazeraparat.az” səhifəsində Şəxs-yə məxsus “AZC” markalı lazer epilyasiya ən yaxşısı və digərlərindən daha az ağrılı olması barədə reklam yayımlanmışdır. Nəticədə Şəxs MMC tərəfindən İXM-in 428.10-cu maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X6 bildirmişdir ki, Zərərçəkmiş şəxs MMC-nin Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Agentliyinə (bundan sonra - Agentlik) daxil olmuş xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli müraciətlərinə (daxiloma qeydiyyatları: 3-54/1-17621/2025, xx.xx.2025-ci il və 3- 54/1-25004/2025, xx.xx.2025-ci il) "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq aidiyyəti üzrə baxılmışdır. Müraciətdə "instagram” sosial şəbəkəsində “lazerapart.az" adlı səhifədə (profildə) “Azcosmetics" MMC-yə məxsus "AZC” markalı lazer epilyasiya cihazları barədə yayımlanmış reklamlarda haqsız reklama yol verildiyi bildirilmiş və məsələnin araşdırılaraq müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Qeyd olunan məsələ ilə əlaqədar "X9" MMC tərəfindən təqdim edilmiş məlumatların və "lazeraparat.az" adlı "İnstagram" sosial şəbəkə səhifəsinin Agentlik tərəfindən araşdırılması zamanı yayımlanmış reklamlarda “Belə düşünürəm ki, siz və sizin müştəriləriniz ən yaxşısına layiqdir buna görə də müştəri bazasını artırmaq istəyən lazeroloqlar köhnə cihazlarınızı barter edərək AZC modelinə keçin, yaxud bu sahəyə yeni başlamaq istəyirsinizsə ən ideal, ən yaxşı cihazla bu sahəyə başlayın” və “Digər cihazlardan 80% az ağrı ilə" məzmunlu ifadələrin səsləndirildiyi, həmçinin sözügedənsəhifəyə baxış zamanı “2025 in ən çox bəyənilən cihazı Nexgendir” məzmunlu reklamların yayımlandığı müəyyən edilmişdir. Müraciətdə göstərilən məsələyə münasibət bildirilməsi, habelə "AZC” markalı lazer epilyasiya cihazının ən yaxşı, ən ideal və digər cihazlardan 80% az ağrılı olmasını, eyni zamanda "Nexgen” markalı cihazın 2025-ci ilin ən çox bəyənilən cihazı olmasını təsdiq edən sənəd və məlumatların təqdim edilməsi üçün "Azcosmetics” MMC-yə Agenliyin xx.xx.2025-ci il tarixli 3-54/2-7991/2025 nömrəli məktubu göndərilmişdir. Lakin Agentliyin qeyd olunan məktubuna cavab verilməmiş, habelə “Azcosmetics’' MMC tərəfindən həmin sənəd və məlumatlar təqdim edilməmişdir. Eyni zamanda “X9" MMC-nin Agentliyə daxil olmuş xx.xx.2025-ci il tarixli (daxilolma qeydiyyatı: 3-54/1-27499/2025, xx.xx.2025-ci il) məktubunda qeyd olunan reklamın "lazeraparat.az” adlı “İnstagram" sosial şəbəkə səhifəsində hazırkı tarixdə yayımlandığı bildirilmiş və bunu təsdiq edən videoçarx təqdim edilmişdir. Təqdim edilmiş məlumatlara əsasən Agentlik tərəfindən aparılmış araşdırma zamanı sözügedən reklamın yayımının “lazeraparat.az" adlı “instagram" sosial şəbəkə səhifəsində hazırkı tarixdə davam etdiyi və həmin reklamda “AZC" modelini sizlərə distributoru “Azcosmetics" MMC təqdim edir" ifadəsinin səsləndirildiyi müəyyən edilmişdir. Bununla əlaqədar reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə "AZCOSMETİCS” MMC barəsində tərtib olunan inzibati xəta haqqında protokolu müdafiə edərək, məhkəmədən Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs MMC-nin Şəxs MMC-nin nümayəndəsi X4 iş üzrə bildirmişdir ki, Şəxs MMCnin özünə məxsus sosial platforması, əlaqə nömrələri var. Həmin məlumatın yayıldığı səhifəni MMC olaraq tanımırıq, tanımadığımız hər hansı səhifədə isə reklam yerləşdirə bilmərik. Heç bir sənət-sübut olmadan təəssüf ki, MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokolda göstərilən faktiki hallar və hüquqi qiymətləndirmə ilə razı deyilik. Bu əsasla hüquqi şəxs barəsində tərtib olunmuş inzibati protokolun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sübut qismində hesb edilən DVD diskə baxış zamanı MN seriyalı ******* nömrəli, 13 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolda öz əksini tapan inzibati xətanın Şəxs MMC tərəfindən törədilməsi təsdiq olunur. Reklamı həyata keçirən şəxs X1 ilə Şəxs MMC arasında əmək müqaviləsi bağlanmışdır. DVD diskə əlavə edilmiş video görüntüdən aydın olur ki, X1 ilə Şəxs MMC-yə məxsus avadanlıqların reklamını qanunvericiliyin tələblərinə zidd olaraq həyata keçirmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 428.10-cu maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi tam sübuta yetir və sonuncu, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Reklam haqqında” Azərbaycan Respublikasının qanununun 4-cü maddəsinə əsasən, Reklam bu Qanunla qadağan edilməyən üsul və vasitələrlə reklam istehlakçılarının diqqətini əmtəəyə cəlb etməli, əmtəə barədə məlumat vermək və rəy formalaşdırmaqla ona tələbat yaratmalıdır. Reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalı, rəqiblərinin istehsal etdiyi, reklam edilən əmtəə ilə eyni, yaxud onun əvəzedicisi olan başqa əmtəələrin bazar nüfuzuna xələl gətirməməlidir. Həmin qanunun 6.1.1 və 6.1.3-cü maddəsinə müvafiq olaraq reklam olunan əmtəə ilə eyni funksiyaları yerinə yetirən yaxud yetirə bilən, başqa istehsalçıların yaxud satıcıların əmtəəsinin keyfiyyət və (və ya) kəmiyyət göstəriciləri arasında digər bazar iştirakçılarının adını çəkməklə və (və ya) əmtəəni göstərməklə müqayisə aparılması, əmtəə barədə bilərəkdən həqiqətə uyğun olmayan reklam verilməsi haqsız reklam hesab edilir. Həmin qanunun 39.1-ci maddəsinə əsasən, Reklamverici təqdim etdiyi məlumatın məzmununa və həqiqiliyinə, reklam istehsalçısı reklamın bu Qanunun tələblərinə uyğun hazırlanmasına, reklam yayıcısı, rəqəmsal platforma təsirçisi reklamın bu Qanunla müəyyən edilmiş yerdə, vaxtda, vasitələr və üsullarla yayımlanmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar. Haqsız, qeyri-dəqiq və gizli reklama yol verən reklamverici, reklam yaradıcısı, reklam istehsalçısı, rəqəmsal platforma təsirçisi, reklam yayıcısı və reklam agenti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyır. “Rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinə əsasən, məhsulun mənşəyi, hazırlanma üsulu və texnologiyası, istifadə üçün yararlılığı, keyfiyyəti, çəkisi, qiyməti və ya başqa xassələri, habelə təsərrüfat subyekti və ya onun sahibkarlıq fəaliyyətinin xüsusiyyəti barədə müştərini çaşdıra və ya aldada bilən hər hansı məlumatlardan istifadə olunması; məhsulun satışı, yaxud danışıqlar zamanı müştərinin sərbəst seçim hüququna təsir göstərən qanunsuz reklam üsullarından istifadə olunması; müştərini çaşdıra bilən tərzdə öz məhsulunun rəqibin məhsulu ilə müqayisə edilməsi, habelə bu müqayisənin reklam və ya media məhsulu kimi təqdim olunması; məhsulun istehlak xassələri və digər mühüm xüsusiyyətləri barədə həqiqətə uyğun olmayan göstəricilərdən (o cümlədən fərqləndirici nişan, marka və ya işarələrdən) istifadə edilməsi və bununla əlaqədar reklamın verilməsi; məhsulun standartlara və ya texniki reqlamentlərə uyğunluğu barədə yanlış məlumat verməklə (bəyan etməklə) təklif edilməsi, yaxud məhsulun öz təyinatına və ya ona qoyulan tələblərə uyğun olmadığının gizlədilməsi müştəriləri çaşdırmağa, yaxud aldatmağa yönəldilmiş hərəkətlər hesab edilir. Məhkəmə inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur Şəxs MMC barəsində düzgün olaraq İXM-nin 428.10-cu maddəsi protokol tərtib edilmişdir. Əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmədə tədqiq edilən video görüntüdən və foto şəkillərdən də aydın olur ki, Şəxs MMC tərəfindən İXM-nin 428.10-cu maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi tam sübuta yetir və sonuncu, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 3-cü maddəsinə əsasən yalnız İXMlə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsinə əsasən, Bu Məcəllənin 428.1- 428.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İXMin 428.10-cu maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1000 (min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İXM-in 129cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar