Məhkəmə qərarları › İş №3(005)-4865/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-4865/2025

19.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-4865/2025 19.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Babayev Kamal Yunis oğlu, Şəxs MMC barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlərə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs MMC barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətin tərəfindən 12 noyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş, material 19 noyabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol nəzərdən keçirilərkən müəyyən edilir ki, Şəxs MMC tərəfindən vətəndaş X1 müraciəti əsasında sənədlərin təqdim edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli, 3-17-5/2-72481/2025 nömrəli məktub çatdırılmış, eyni zamanda Avtomatlaşdırılmış Sosial İnformasiya Sistemi vasitəsilə tələb edilmiş, lakin tələb olunan sənədlər bu günədək təqdim edilməmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmin inzibati xəta ilə bağlı toplanmış materiallardan görünür ki, inzibati xəta haqqında material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, Əmək Müfəttişliyi tərəfindən protokolda hüquqi şəxsə ünvanlanmış məktubun icra edilmədiyi qeyd edilmişdir. Lakin, protokolda və iş materiallarında məktub göndərildiyi qeyd edilsə də, iş materiallarına buna dair sübut, yəni məktubun özü və çatdırılmasını təsdiq edən xəbərnaməli poçt qəbzi və ya çatdırılmanı təsdiq edən digər sənəd əlavə edilməmişdir. Xidmət sorğunun “ASİS” elektron sistemi vasitəsilə də cəmiyyətin elektron kabinetinə yerləşdirilməsi iddiası da hüquqi əsasa malik deyil. Sənədlərin elektron qaydada rəsmi verilməsi yalnız qanunvericiliklə xüsusi olaraq tənzimlənmiş hallarda və qaydada mümkündür (məsələn İXM-də olduğu kimi “Asanpay” portalı). Bununla da, hüquqi şəxsə ünvanlandığı qeyd edilən məktubun həqiqətən çatdırılmasını müəyyən etmək və hansı tarixdə çatdırılmasını mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-in 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. İXM-in 130.1-ci maddəsinə görə qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İXM-in 138.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir. İXM-in 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. İXM-in 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göründüyü kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş materiallar natamamdır və işə baxılarkən tamamlamaq mümkün deyildir. İş materiallarını araşdıraraq belə qənaətə gəlirəm ki, Şəxs MMC -nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında olan material natamam olduğundan İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən onu tərtib etmiş orqana, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər natamam olduğundan geri qaytarılsın. Qərardad qətidir, şikayət və protest verilə bilməz. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar