Məhkəmə qərarları › İş №3(005)-4867/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4867/2025

07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4867/2025 07.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Şahverdiyeva Mehparə Mehdi qızının katibliyi ilə, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə EP seriyalı ******* nömrəli, 14 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC 6020000.00 Rusiya rublu məbləğində vəsaiti 18 oktyabr 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 6020000.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 19 oktyabr 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında iştirak edən hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi X2 protokola etiraz edərək bildirmişdir ki, "xxxx" MMC hüquqi şəxsi kabel istehsalı ilə məşğul olan, ölkə daxilində istehsal edilən məhsulları xaricə ixrac edən böyük bir hüquqi şəxsdir. Şirkətləri sözügedən hüquqi şəxs ilə dəfələrlə ticarət əlaqələri qurmuş, dəfələrlə köçürmələr etmişdir. Lakin, 2022-ci il tarixdən bəri idxal edilən bəzi avadanlıqlar üzrə bəyannamələr yanlış şəkildə başqa bəyannamələr ilə bağlanılmış, bu səbəbdən bəzi bəyannamələr açıq qalmışdır. Lakin, alınmış bütün mallar ölkə ərazisinə idxal edilmişdir. Eynilə, sözügedən protokolda qeyd edilən 6020000.00 Rusiya rublu məbləğində vəsait qarşılığında alınmış mallar xx.xx.2023-cü il tarixdə ölkə ərazisinə idxal edilmişdir. Lakin, texniki yanlışlıq olaraq bəyannamədə müqavilə nömrəsi yanlış olaraq qeyd edilmişdir. Sözügedən yanlışlığın düzəldilməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilsə də, iki aydır ki, müraciətlərinə cavab verilmir. Qeyd edilənləri və təqsirlərinin olmamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi hazırkı məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Kapital Bank” ASC-nin 22 oktyabr 2025-ci il tarixli, KB-244/2-2539/2025 nömrəli Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış məktubundan görünür ki, banklarda avans köçürmə aparan müştərilər “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydarının 4.3.1.3 bəndinə müvafiq olaraq xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə Azərbaycan Respublikasından kənara qabaqcadan aparılmış ödəniş müqabilində malla (xidmətlərin) idxalını təsdiq edən sənədlərini təqdim etməyən müştərilərin adları və köçürməyə aid bütün təsdiqedici sənədləri Banka təqdim edirlər. Müştərilərin ödəniş əməliyyatlarının siyahısında Şəxs MMC-də göstərilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs MMC 6020000.00 Rusiya rublu məbləğində pulun ölkə xaricinə köçürülməsi üçün «Kapital Bank” ASC-yə müraciət etmişdir. Hüquqi şəxs tərəfindən təqdi medilmiş gömrük bəyannaməsindən görünür ki, xx.xx.2023-cü il tarixdə 107853.60 ABŞ Dolları dəyərində mallar ölkə ərazisinə idxal edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 45/1 nömrəli 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydarının: 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda (xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən) bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edir. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın: 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulmuş “270 (iki yüz yetmiş)” sözləri “02 (iki) il” sözləri ilə əvəz edilmişdir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, inzibati xətanın törədilib-törədilməməsini müəyyən etmək üçün ilk növbədə iş üzrə təqdim edilmiş sübutlar məcmusunu qiymətləndirməyi zəruri hesab edir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 22 oktyabr 2025-ci il tarixli məktubu və ona əlavə edilmiş ödəniş sənədləri birmənalı şəkildə təsdiq edir ki, Şəxs tərəfindən 18 oktyabr 2023-cü il tarixində xarici tərəfdaşın hesabına 6020000.00 Rusiya rublu məbləğində avans ödənişi həyata keçirilmişdir. Bu əməliyyatın həyata keçirildiyi andan etibarən, adı çəkilən hüquqi şəxsin üzərinə Azərbaycan Respublikasının valyuta tənzimi qanunvericiliyindən irəli gələn konkret hüquqi öhdəliklər düşmüşdür. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 14 noyabr 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş bank məlumatları isə sübut edir ki, qanunvericiliklə müəyyən edilmiş 2 illik müddətin tamamlandığı 18 oktyabr 2025-ci il tarixinədək həmin vəsait müqabilində nə malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi, nə də xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməmiş, habelə köçürülmüş valyuta vəsaiti geri qaytarılmamışdır. Bu faktlar iş üzrə mübahisələndirilmir və sənədlərlə tam sübuta yetirilmiş hesab olunur Məhkəmə, müəyyən edilmiş faktiki hallara hüquqi qiymət verərkən, tətbiq edilən normanın təkcə hərfi mənasını deyil, həm də onun hüquqi təyinatını, qanunvericinin iradəsini və qoruduğu ictimai münasibətlərin mahiyyətini əsas götürür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi valyuta tənzimi sahəsində dövlətin iqtisadi siyasətinin mühüm alətlərindən biridir. Bu normanın məqsədi sadəcə formal bir prosedur tələbini müəyyən etmək deyil, daha fundamental məqsədlərə xidmət edir. Normanın əsas təyinatı, idxal əməliyyatı adı altında pərdələnmiş, əslində isə geri qayıtmayan valyuta vəsaitlərinin ölkədən çıxarılmasının qarşısını almaqdır. Ölkədən çıxan və geri qayıtmayan hər bir valyuta vahidi dövlətin tədiyyə balansına mənfi təsir göstərir. Qanunverici bu müddəti müəyyən etməklə, iqtisadi subyektləri valyuta əməliyyatlarına məsuliyyətlə yanaşmağa və ölkənin makroiqtisadi sabitliyini təmin etməyə sövq edir. Valyuta vəsaitlərinin hərəkətinə nəzarət, həm də çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi kimi transmilli cinayətlərin qarşısının alınmasında mühüm rol oynayır. Şəxs MMC-nin üzərinə 18 oktyabr 2023-cü il tarixindən etibarən 2 (iki) il müddətində, yəni 18 oktyabr 2025-ci il tarixinədək ya köçürülmüş vəsait müqabilində malların idxalını təsdiq edən gömrük bəyannaməsini müvəkkil banka təqdim etmək, ya da həmin vəsaiti geri qaytarmaq öhdəliyi düşmüşdür. Mərkəzi Bank tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və "xxxx" ASC-nin məktubu sübut edir ki, göstərilən müddətin bitdiyi tarixə bu öhdəliklərdən heç biri yerinə yetirilməmişdir. Bu, inzibati xətanın obyektiv cəhətinin mövcudluğuna dəlalət edir. Hüquqi şəxsin nümayəndəsi müdafiə mövqeyi olaraq, mübahisələndirilən məbləğ qarşılığında idxalın həyata keçirildiyini iddia edərək məhkəməyə 01 mart 2023-cü il tarixli gömrük bəyannaməsini təqdim etmişdir. Məhkəmə bu sübutu tənqidi qiymətləndirməyi zəruri hesab edir. Belə ki, hüquqi məntiq baxımından 18 oktyabr 2023-cü il tarixində həyata keçirilmiş bir avans ödənişi müqabilində malların təxminən yeddi ay əvvələ, yəni 01 mart 2023-cü il tarixində idxal edilməsi iddiası tamamilə əsassızdır. Avans ödənişi öz təbiətinə görə gələcəkdə təhvil veriləcək mal və ya göstəriləcək xidmət üçün edilən qabaqcadan ödənişdir. Təqdim edilən gömrük bəyannaməsi isə mübahisə predmetinə aid olmayan, tamamilə başqa bir təsərrüfat əməliyyatını təsdiq edən sənəddir və hazırkı iş üzrə sübut kimi qəbul edilə bilməz. Bundan əlavə, iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 10 dekabr 2025-ci il tarixli məktubunda açıq şəkildə göstərilir ki, təqdim olunmuş gömrük bəyannamələrinin 44cü qrafasında fərqli müqavilə qeyd olunduğu üçün avans ödənişi bağlanmamışdır. Tədqiq edilən xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsində də 10 yanvar 2022-ci il tarixli RM-GOKNUR-2022 nömrəli müqaviləyə istinad olunur. Bu isə müdafiə tərəfinin "texniki səhv" barədə iddiasını şübhə altına alır və bankın mövqeyini bir daha təsdiq edir ki, təqdim olunan sənəd mübahisəli avans ödənişinə aid deyil. İş materiallarından və tərəflərin izahatlarından görünür ki, hüquqi şəxs xarici tərəfdaş ilə dəfələrlə ticarət əlaqələri qurmuş və hazırkı müqavilə üzrə çoxsaylı partiyalar ilə mallar idxal edilmişdir. Lakin, həmin malların həqiqətən idxal edildiyini sübut etmək, yəni hərəkətsizliklə törədilən inzibati xətanın törədilmədiyini sübut etmək hüquqi şəxsin öhdəsinə düşür ki, hazırkı halda da bu fakt sübut edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 28 fevral 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə valyuta tənzimi qaydasının pozulmasına görə inzibati hüquqi məsuliyyətin müəyyən edilməsi sahibkarlıq sahəsində dövlət maraqlarının müdafiəsi, o cümlədən beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması, valyuta nəzarətinin effektivliyinin artırılması, ölkədə maliyyə sabitliyinin təmin edilməsi məqsədi daşıyır. Bu norma dövlətin iqtisadi suverenliyinin və maliyyə təhlükəsizliyinin təminatına yönəlmiş imperativ xarakterli bir tələbdir və sahibkarlıq fəaliyyəti subyektləri bu tələbə şərtsiz riayət etməyə borcludurlar. Hüquqi şəxsin təqsiri məsələsinə gəldikdə, Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2019-cu il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmələr bu kateqoriyadan olan işlərə baxarkən inzibati xətanı törədən şəxsin təqsirini müəyyən etməlidirlər. Hüquqi şəxsin təqsiri, onun qanunvericiliyin tələblərinə riayət etmək üçün bütün mümkün və zəruri tədbirləri görməməsində təzahür edir. Qanunverici tərəfindən müəyyən edilmiş 2 illik müddət, istənilən ağlabatan kommersiya əməliyyatını başa çatdırmaq və sənədləşmə işlərini qaydaya salmaq üçün kifayət qədər uzun bir dövrdür. Bu müddət ərzində Şəxs MMC tərəfindən öhdəliyin icra edilməməsi və ya vəsaitin geri qaytarılmaması, ən azı, ehtiyatsızlığa və öz fəaliyyətinə lazımi diqqəti göstərməməsinə dəlalət edir ki, bu da İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən inzibati məsuliyyətin yaranması üçün kifayətdir. Şəxs bir hüquqi şəxs olaraq, öz fəaliyyətində, xüsusilə də valyuta əməliyyatları kimi ciddi nəzarətdə olan bir sahədə qanunvericiliyin tələblərini bilməli və onlara riayət etmək üçün bütün zəruri tədbirləri görməli idi. Öhdəliyin icrası üçün qanunvericiliklə verilmiş 2 illik kifayət qədər uzun müddət ərzində heç bir tədbir görülməməsi, hüquqi şəxsin öz öhdəliklərinə laqeyd yanaşdığını göstərir. Habelə, öz işçilərinin və xidmətlərindən istifadə etdiyi şəxslərin təqsirli hərəkətlərinə görə də cavabdehlik daşıyır. İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xətaların törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bu işdə inzibati tənbehin tətbiqi, digər iqtisadi subyektlərə valyuta tənzimi qaydalarına ciddi riayət etməyin zəruriliyi barədə aydın bir mesaj verəcək və gələcəkdə bu kimi hüquq pozuntularının qarşısının alınmasına xidmət edəcəkdir. Məsuliyyətin qaçılmazlığı prinsipinin təmin edilməsi, ümumilikdə hüquq qaydasının möhkəmləndirilməsi üçün zəruridir. İXM-nin 32 və 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar bu işdə müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilən faktiki halların və hüquqi əsasların məcmusunu qiymətləndirərək, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin tam sübuta yetirildiyi qənaətinə gəlir. Buna görə də həmin hüquqi şəxsə Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinin sanksiyası həddində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin faizi məbləğində cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 6020000.00 Rusiya rublu valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 1204000.00 Rusiya rublu (qərar icra edilən günə manatın məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar