Məhkəmə qərarları › İş №3(005)-4870/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4870/2025

11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4870/2025 11.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Gülsüm Üzeyir qızının katibliyi ilə, "xxxx" MMC-nin nümayəndəsi X1 iştiarı ilə "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" MMC barəsində İXMnin 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola görə "xxxx" MMC ********.91 Rusiya rublu məbləğində olan vəsaiti bank hesabından 17 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddətin keçməsinə baxmayaraq, 826819.85 Rusiya rublu hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəməyə təqdim edilən protokolda qeyd edilir ki, "xxxx" MMC ********.91 Rusiya rublu məbləğində vəsaiti 17 oktyabr 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müdət keçsə də, 826819.85.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan mallar (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi X2 çıxış edərək bildirmişdir ki, Mallar gəlmiş, lakin mexaniki səhv baş verərək sürüşdürmə edilib. Bununla bağlı zəruri sənədləri məhkəməyə təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. "xxxx" MMC tərəfindən Kapital Bank ASC-yə təqdim olunmuş xx.xx.2025 nömrəli məktubdan görünür ki, "xxxx" MMC ilə "Rusal Marketing GmbH" şirkəti arasında artıq 8 ildən artıq geniş ticarət əməkdaşlığı mövcuddur. Bu əməkdaşlıq çərçivəsində alınan xammal yalnız en kəsiyi 9,5 mm olan alüminium məftildir və adı çəkilən şirkətlə başqa heç bir xammal üzrə əməkdaşlığımız yoxdur. 2017-ci ildən bu günə qədər alınan xammalın ümumi dəyəri 14 363 045 (on dörd milyon üç yüz altmış üç min qırx beş) ABŞ dolları təşkil edir. Digər tərəfdən, hər ilin sonunda göndərici şirkətlə alqı-satqı müqaviləmizi yeniləyirik. "Rusal Marketing GmbH" şirkətinə aşağıdakı ödənişlər edilmişdir: xx.xx.2023-cü il tarixində (RM-Goknur-2022/xx.xx.2023 tarixli müqaviləyə əsasən) 18 608 054,91 (on səkkiz milyon altı yüz səkkiz min əlli dörd dollar 91 sent) rubl məbləğində; bundan (qalıq 826 819,85 (səkkiz yüz iyirmi altı səkkiz yüz on doqquz, 85) rubl açıq qalan məbləğ. xx.xx.2023-cü il tarixində (RM-Goknur-2022/xx.xx.2023 tarixli müqaviləyə əsasən) 6 020 000 (altı milyon iyirmi min) rubl məbləğində; xx.xx.2023-cü il tarixində (RM-Goknur-2022/xx.xx.2023 tarixli müqaviləyə əsasən) 9 232 600 (doqquz milyon iki yüz otuz iki min altı yüz) rubl məbləğində; xx.xx.2023-cü il tarixində (RM-Goknur-2022/xx.xx.2023 tarixli müqaviləyə əsasən) 9 315 000 (doqquz milyon üç yüz on beş min) rubl məbləğində; xx.xx.2023-cü il tarixində (RM-Goknur-2022/xx.xx.2023 tarixli müqaviləyə əsasən) 11 500 000 (on bir milyon beş yüz min) rubl məbləğində. xx.xx.2023-cü il tarixində (RM-Goknur- 2022/xx.xx.2023 tarixli müqaviləyə əsasən) 12 578 474,87 (on iki milyon beş yüz yetmiş səkkiz min dörd yüz yetmiş dörd,87) rubl məbləğində. xx.xx.2023-cü il tarixində (RM- Goknur-2022/xx.xx.2023 tarixli müqaviləyə əsasən) 10 868 936,03 (on milyon səkkiz yüz altmış səkkiz min doqquz yüz otuz altı, 03) rubl məbləğində. Bütün bu ödənişlərə əsasən mallar ölkəmizə idxal edilmişdir. Lakin sözügedən ödənişlərə asasən malların idxalı "xxxx" MMC ilə "Rusal Marketing GmbH" arasında xx.xx.2018-ci il tarixində bağlanmış "RM- Goknur-2019" saylı müqaviləyə əsasən səhvən rəsmiləşdirılmışdır. Hal-hazırda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Mərkəzi Bank "xxxx" MMC barəsində bir neçə protokol tərtib edərək Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir. Bu protokollar ölkə xaricinə çıxarılan pul məbləğlərinin müqabilində malın gəlməməsi səbəbi ilə cərimə tətbiq edilməsini tələb edir. Lakin "xxxx" MMC tarafindən ölkə xaricinə çıxarılan pul məbləğlərinin müqabilində mallar gəlmiş və müvafiq gömrük bəyannamələri mövcuddur. Gömrük bəyannamələri tərtib edilərkən ciddi səhvlərə yol verilmişdir, bu səbəbdən Kapital Bank ASC bu köçürmələri bağlanmamış kimi qəbul etmişdir. "xxxx" ASC-nın 10 dekabr 2025-ci il tarixli 21627 saylı cavab məktubundan görünür ki, bank valyuta nəzarəti agenti kimi ödəniş zamanı təqdim edilən sənədlərlə təsdiqedici sənədlərdə qeyd olunan məlumatları əlaqəli şəkildə yoxlayaraq eyniləşdirməli və "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 5-ci bəndinin tələblərinə uyğun icra etməlidir. "xxxx" MMC tərəfindən “Ruslan Marketing GMBH” şirkətinin xeyrinə əvvəlcədən 826819.85 Rusiya rublu ödənişin edilməsi öz təsdiqini tapmışdır. Bağlanmamış ödənişlərin sırasında göstərilən məbləğ öz əksini tapmamışdır. Azərbaycan Respublikası Mərkəzi X3 xx.xx.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-nin 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmədə tədqiq edilən sübutlara sasən "xxxx" MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, protokolda göstərilən məbləğ üzrə malların ölkəyə idxal edilməsi bank tərəfindən təqdim edildiyindən barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 43, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar