Məhkəmə qərarları › İş №3(005)-4887/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-4887/2025

20.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-4887/2025 20.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, məhkəmə, MÜƏYYƏN ETDİM: X2 tərəfindən İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Təqdim olunmuş sənədlərdən göründüyü kimi, inzibati xəta haqqında protokol X2 barəsində tərtib edilmiş və həmin şəxsin barəsində İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsinə görə inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola sübut kimi əlavə edilmiş fotoşəkillərə əsasən “Krone Hotel” obyektinin açıq məkanda reklam yerləşdirdiyi müəyyən edilir. Bununla bağlı məhkəmə qeyd edir ki, “Krone Hotel” adlı obyektin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 aid olmasını təsdiq edən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir, bu da hazırki inzibati material üzrə inzibati xətanı törədən şəxsin müəyyən edilməsini mümkünsüz edir. Belə ki, obyekt və vəzifəli şəxsin eyniləşdirmə əlamətləri iş materiallarında əks etdirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 428.7 və 428.7.1-ci maddələrinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunduğundan və işə baxılarkən tamamlanması mümkün olmadığından X2 barəsində İXM-in 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş şəxsə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 43, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X2 barəsində İXM-in 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Dövlət Agentliyi Bakı şəhər Reklam İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Reklam İdarəsinə geri qaytarılsın. Qərar qətidir, şikayət və protest verilə bilməz. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar