Məhkəmə qərarları › İş №3(005)-4928/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4928/2025

02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4928/2025 02.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1990-cı il tarixdə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Ağsu rayonu Pirhəsənli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 01 noyabr 2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nərimanov Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək qeyd etmişdir ki, barəsində tərtib olunmuş protokolla tanışdır. İçkili olmuşdur, əməlindən peşmandır. Odur ki, barəsində cərimə növündə inzibati tənbeh tədbiri seçilməsini məhkəmədən xahiş etmişdir. İnzibati protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildiriş göndərilmiş, lakin səlahiyyətli orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir İş materiallarında olan və məhkəm iclasında tədqiq edilmiş: “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” 01 noyabr 2025-ci il tarixli protokolda görünür ki, Şəxs sərxoşluq vəziyyətini təyin edən texnika ilə yoxlanılmış və onun spritli içki qəbul etdiyi müəyyən olunmuşdur. Özü tərəfindən həmin protokola qeyd yazılaraq spirtli içki içdiyini qeyd etmiş texniki cihazın götəricisi ilə razı olduğunu və narkoloji və tibbi müayinəyə ehtiyac olmadığını bildirmişdir. 01 noyabr 2025-ci il tarixli, İN 642042 saylı qəbzdən görünür ki, Şəxs alkoqolun miqdarı həmin gün saat 02:33-də 0.377 faiz olmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraatın materiallarını, o cümlədən 01 noyabr 2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolu, sərxoşluq vəziyyətinin təyin edilməsinə dair texniki vasitənin göstəricilərini, barəsində icraat aparılan şəxs Şəxs məhkəmə istintaqı zamanı verdiyi səmimi etirafını və müvafiq qanunvericiliyin normalarını hərtərəfli, tam və obyektiv şəkildə tədqiq edərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə, İXM-nin 84.1-ci maddəsinin tələbinə uyğun olaraq, sübutları öz daxili inamı ilə qiymətləndirərkən aşağıdakı nəticələrə gəlir: İşin faktiki hallarından müəyyən edilmişdir ki, Şəxs 01 noyabr 2025-ci il tarixdə, saat 02:33 radələrində “X1 minik” markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alkoqollu içkinin təsiri altında idarə edərkən səlahiyyətli orqan əməkdaşları tərəfindən saxlanılmışdır. Onun sərxoşluq vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na uyğun olaraq, xüsusi texniki vasitə ilə yoxlanılmış və qanunla müəyyən edilmiş normadan artıq alkoqol qəbul etməsi faktı təsdiqini tapmışdır. Bu fakt, Şəxs həm “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokoldakı yazılı qeydi, həm də məhkəmə iclasındakı şifahi etirafı ilə təkzibedilməz şəkildə sübuta yetirilir. Məhkəmə qeyd edir ki, nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi ictimai təhlükəliliyi yüksək olan hüquqazidd əməldir. Bu cür hərəkətlər təkcə sürücünün özünün deyil, digər yol hərəkəti iştirakçılarının – sərnişinlərin, piyadaların və digər sürücülərin həyat və sağlamlığı üçün birbaşa və ciddi risk yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda da dəfələrlə qeyd olunduğu kimi, dövlətin Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsindən (yaşamaq hüququ) irəli gələn pozitiv öhdəliklərindən biri də öz yurisdiksiyası altında olan hər kəsin yaşamaq hüququnu qorumaq üçün effektiv qanunvericilik və inzibati tədbirlər görməkdir. Sərxoş vəziyyətdə nəqliyyat vasitələrinin idarə edilməsinə qarşı sərt və qaçılmaz məsuliyyət tədbirlərinin müəyyən edilməsi və tətbiqi məhz bu pozitiv öhdəliyin yerinə yetirilməsinin vacib elementidir. Bütün bu sübutların və hüquqi arqumentlərin məcmusunu qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün elementləri – həm obyektiv cəhət (sərxoş vəziyyətdə idarəetmə), həm də subyektiv cəhət (qəsd) – tam sübuta yetirilmişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlində yüngülləşdirici hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, İXM-in 9.1-ci maddəsində təsbit olunmuş ədalətlilik prinsipini rəhbər tutaraq, törədilmiş xətanın xarakterini, yüngülləşdirici halın mövcudluğunu və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbehin tətbiqi onun islah olunması və gələcəkdə yeni inzibati xətalar törətməsinin qarşısının alınması məqsədlərinə nail olmaq üçün mütənasib və kifayətdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 333.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 400 (dörd yüz) manat cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti tərəflərə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar