Məhkəmə qərarları › İş №3(005)-4943/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4943/2025

05.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4943/2025 05.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə EP seriyalı ******* nömrəli, 21 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC 12875.00 ABŞ dolları məbləğində vəsaiti 03 noyabr 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 12875.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 04 noyabr 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş hüquqi şəxsin nümayəndəsi və direktoru X1 izahatında qeyd etmişdir ki, sözügedən xətanı törətməkdə təqsirləri yoxdur. Belə ki, hüquqi şəxsin əvvəlki direktoru Əlizadə Cəfər tərəfindən şirkətə məxsus pul vəsaitləri qanunsuz olaraq 2023-cü il tarixdə müxtəlif hesablara göndərilmiş, o cümlədən təqdim edilmiş müqavilə və digər sənədlər saxta olmuşdur. Bununla əlaqədar, bank əməkdaşlarının da cinayətkar əməlləri olmuşdur. Hazırda sözügedən xüsusat ilə bağlı Bakı şəhər Prokurorluğuna müraciət etmişlər və həmin material araşdırılması üçün Nərimanov rayon prokurorluğuna göndərilmişdir. Şirkəti 2023-cü il tarixdə, həmin ərəfələrdə almışlar və bu barədə 2 il ərzində məlumatları olmamışdır. Qeyd olunanları nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndələri hazırkı məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və səlahiyyətli orqanın nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Bank Respublika” ASC-nin 07 noyabr 2025-ci il tarixli, KB-83/2-358/2025 nömrəli Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış məktubundan görünür ki, banklarda avans köçürmə aparan müştərilər “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydarının 4.3.1.3 bəndinə müvafiq olaraq 30.10-06.11. 2023-cü il tarixlərdə Azərbaycan Respublikasından kənara qabaqcadan aparılmış ödəniş müqabilində malla (xidmətlərin) idxalını təsdiq edən sənədlərini təqdim etməyən müştərilərin adları və köçürməyə aid bütün təsdiqedici sənədləri Banka təqdim edirlər. Müştərilərin ödəniş əməliyyatlarının siyahısında Şəxs MMC-də göstərilmişdir. xx.xx.2023-cü il tarixli köçürmə haqqında ərizədən görünür ki, Şəxs MMC 12875.00 ABŞ dolları məbləğində pulun ölkə xaricinə köçürülməsi üçün «Bank Respublika” ASC-yə müraciət etmişdir. Bakı şəhər prokurorluğunun 28 noyabr 2025-ci il tarixli məktubundan görünür ki, Şəxs MMC-nin əmlakının mənimsənilməsi barədə müraciət aidiyyəti üzrə araşdırılması üçün Nərimanov rayon prokurorluğuna göndərilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir.Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 45/1 nömrəli 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydarının: 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda (xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən) bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edir. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X2 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın: 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulmuş “270 (iki yüz yetmiş)” sözləri “02 (iki) il” sözləri ilə əvəz edilmişdir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, iş materiallarında mövcud olan sənədləri, o cümlədən Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati xəta haqqında protokolunu, bank sənədlərini və tərəflərin izahatlarını araşdıraraq, "X4" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin mövcudluğu qənaətinə gəlir. İXM-nin 430.4-cü maddəsinin dispozisiyası, inzibati məsuliyyətin yaranması üçün iki alternativ şərtdən birinin baş verməməsini tələb edir: avans yolu ilə ödənilmiş valyuta vəsaiti müqabilində qanunla müəyyən edilmiş müddətdə malların (xidmətlərin) idxal edilməsi, yaxud ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılması. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubu və xx.xx.2023cü il tarixli ödəniş tapşırığı birmənalı şəkildə təsdiq edir ki, hüquqi şəxs tərəfindən 12875.00 ABŞ dolları məbləğində valyuta vəsaiti xaricə avans qismində köçürülmüşdür. "Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü bəndinə (xx.xx.2020-ci il tarixli dəyişikliklərlə) əsasən, həmin əməliyyat üzrə idxal və ya vəsaitin qaytarılması öhdəliyi 2 (iki) il müddətində, yəni xx.xx.2025-ci il tarixinədək icra edilməli idi. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, qeyd olunan müddət ərzində və protokolun tərtib edildiyi tarixədək nə mal idxal olunmuş, nə də valyuta vəsaiti geri qaytarılmışdır. Bu fakt, inzibati xətanın obyektiv cəhətinin tam şəkildə formalaşdığını sübut edir. İXM-nin 12-ci və 17-ci maddələrinə əsasən, hüquqi şəxslərin inzibati məsuliyyəti, onların vəzifəli şəxslərinin təqsirli hərəkətləri (hərəkətsizliyi) ilə şərtlənir. Hüquqi şəxsin nümayəndəsi və hazırkı direktoru Sevinc Baharova məhkəmə iclasında verdiyi izahatda xətanın baş verməsini əvvəlki direktorun qanunsuz əməlləri ilə əlaqələndirmiş və hazırkı rəhbərliyin bu barədə məlumatsız olduğunu bildirmişdir. Lakin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, valyuta tənzimi qaydalarının pozulmasına görə məsuliyyət, iqtisadi fəaliyyət subyektinin valyuta sərvətlərinin ölkədən çıxarılmasına və geri qaytarılmamasına yönəlmiş təqsirli davranışı olduqda yaranır. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin rəhbərliyinin dəyişməsi, onun dövlət qarşısında yaranmış öhdəliklərini aradan qaldırmır. Hüquqi varislik prinsipinə və Mülki Məcəllənin müvafiq normalarına müvafiq olaraq, hüquqi şəxs öz orqanlarının (direktorun) hərəkətlərinə görə üçüncü şəxslər və dövlət qarşısında birbaşa məsuliyyət daşıyır. Şirkətin hazırkı rəhbərliyinin "2 il ərzində məlumatımız olmayıb" arqumenti, əslində İXM-nin 18.2.4-cü maddəsində nəzərdə tutulan "nəzarətin həyata keçirilməməsi" faktını təsdiq edir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyekt, öz maliyyə-təsərrüfat əməliyyatlarına, xüsusilə də valyuta əməliyyatlarına dair ciddi uçot və nəzarət mexanizmi qurmağa borcludur. 12.875 ABŞ dolları həcmində məbləğin taleyi ilə 2 il müddətində maraqlanmamaq, kobud ehtiyatsızlıq kimi qiymətləndirilir və məsuliyyəti aradan qaldıran hal kimi nəzərdən keçirilmir. Hazırkı işdə hüquqi şəxsə özünün təqsirsizliyini sübut etmək imkanı yaradılmış, lakin o, valyuta vəsaitinin qaytarılması üçün hər hansı real və təsirli hüquqi addımın (məsələn, xarici tərəfdaşa qarşı iddia qaldırılması, pul vəsaitlərini geri tələb etməsi və s.) atıldığını təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Yalnız protokol tərtib edildikdən sonra prokurorluq orqanlarına edilən müraciət, xətanın qarşısını almaq üçün vaxtında görülmüş tədbir hesab edilə bilməz. Hüquqi şəxsin nümayəndəsinin "əvvəlki direktorun əməlləri barədə prokurorluğa müraciət edilməsi" arqumenti, hazırkı inzibati xəta tərkibini istisna etmir. Direktorun şirkət əmlakını mənimsəməsi onun şirkət qarşısında cinayət və ya mülki məsuliyyətini yaradır. Lakin İXM-nin 430.4-cü maddəsi ilə qorunan ictimai münasibət dövlətin valyuta ehtiyatlarının qorunması və kapital axınının qarşısının alınmasıdır. Bu münasibətdə cavabdeh subyekt fiziki şəxs (direktor) yox, məhz valyuta əməliyyatını aparan hüquqi şəxsdir. Şirkət daxilində baş verən sui-istifadə halları, şirkətin dövlət qarşısındakı öhdəliyindən azad etmir. Şirkət inzibati cəriməni ödədikdən sonra, həmin zərərin əvəzini təqsirli vəzifəli şəxsdən reqress qaydada iddia vermək yolu ilə tələb etmək hüququna malikdir. İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh, hüquqpozmanı törədən şəxsi qanunlara riayət ruhunda tərbiyə etmək və yeni xətaların qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, müəyyən edilmiş faktiki hallara hüquqi qiymət verərkən, tətbiq edilən normanın təkcə hərfi mənasını deyil, həm də onun hüquqi təyinatını, qanunvericinin iradəsini və qoruduğu ictimai münasibətlərin mahiyyətini əsas götürür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi valyuta tənzimi sahəsində dövlətin iqtisadi siyasətinin mühüm alətlərindən biridir. Bu normanın məqsədi sadəcə formal bir prosedur tələbini müəyyən etmək deyil, daha fundamental məqsədlərə xidmət edir. Normanın əsas təyinatı, idxal əməliyyatı adı altında pərdələnmiş, əslində isə geri qayıtmayan valyuta vəsaitlərinin ölkədən çıxarılmasının qarşısını almaqdır. Ölkədən çıxan və geri qayıtmayan hər bir valyuta vahidi dövlətin tədiyyə balansına mənfi təsir göstərir. Qanunverici bu müddəti müəyyən etməklə, iqtisadi subyektləri valyuta əməliyyatlarına məsuliyyətlə yanaşmağa və ölkənin makroiqtisadi sabitliyini təmin etməyə sövq edir. Valyuta vəsaitlərinin hərəkətinə nəzarət, həm də çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi kimi transmilli cinayətlərin qarşısının alınmasında mühüm rol oynayır. İnzibati xətanın obyektiv cəhəti, qanunla müəyyən edilmiş qaydaların pozulması ilə ifadə olunan ictimai təhlükəli əməldə (hərəkət və ya hərəkətsizlikdə) təzahür edir. Bu iş üzrə obyektiv cəhət, hüquqi şəxsin hərəkətsizliyi, yəni valyuta vəsaitinin köçürüldüyü andan etibarən qanunvericiliklə müəyyən edilmiş 2 (iki) illik müddət ərzində idxal əməliyyatını təsdiq edən sənədləri səlahiyyətli banka təqdim etməməsi və ya ödənilmiş vəsaiti geri qaytarmaması ilə tam şəkildə formalaşmışdır. Şəxs bir hüquqi şəxs olaraq, öz fəaliyyətində, xüsusilə də valyuta əməliyyatları kimi ciddi nəzarətdə olan bir sahədə qanunvericiliyin tələblərini bilməli və onlara riayət etmək üçün bütün zəruri tədbirləri görməli idi. Öhdəliyin icrası üçün qanunvericiliklə verilmiş 2 illik kifayət qədər uzun müddət ərzində heç bir tədbir görülməməsi, hüquqi şəxsin öz öhdəliklərinə laqeyd yanaşdığını göstərir. Hazırkı iş üzrə İXM-nin 32 və 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar bu işdə müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilən faktiki halların və hüquqi əsasların məcmusunu qiymətləndirərək, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin tam sübuta yetirildiyi qənaətinə gəlir. Buna görə də həmin hüquqi şəxsə Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinin sanksiyası həddində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin faizi məbləğində cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 12875.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 2575.00 ABŞ dolları (qərar icra edilən günə manatın məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar