Məhkəmə qərarları › İş №3(005)-4948/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4948/2025

05.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4948/2025 05.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və direktoru X1 iştirakları ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində İXMnin 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola görə Şəxs MMC 20178.85 Avro məbləğində olan vəsaiti bank hesabından xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddətin keçməsinə baxmayaraq, 20178.85 Avro hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Xəta 02 noyabr 2025-ci il tarixdə törədilmişdir. Məhkəməyə təqdim edilən protokolda qeyd edilir ki, Şəxs MMC 20178.85 Avro məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 20178.85 Avro məbləğində vəsait hesabına alınan mallar (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi və direktoru X2 çıxışında protokola etiraz edərək bildirmişdir ki, protokolla razı deyildirlər. Belə ki, İtaliya Respublikasının “Novalux S.R.L” şirkəti ilə Şəxs MMC arasında xx.xx.2020-ci il tarixli, ***-**** NVL nömrəli Müqavilə (bundan sonra-Müqavilə) bağlanılmışdır. Müqaviləni “Novalux S.R.L” şirkəti adından direktor Aiessandro Sgrinyoü və Şəxs MMC adından X6 imzalamışdır. “Novalux S.R.L" şirkəti ilə bir neçə müddətdir ki, əməkdaşlıq edirlər, həmin şirkətdən elektrik məhsullarının alışını həyata keçirlər. Qeyd edilən müqavilə çərçivəsində “Novalux S.R.L” şirkətindən elektrik avadanlıqları almaq məqsədilə 01 noyabr 2023-cü il tarixində Şəxs MMC-nin "xxxx" ASC-nin İçərişəhər filialında olan bank hesabından (SVVİFT/BİC AHBAZ2X) “Novalux S.R.L" şirkəti adından təqdim edilmiş saxta bank hesabına (SWİFT: CCCMPTPL, İBAN: PT********************357, Bank Address: R.Dr. X9 Coefho 19, 2675-337 Odivelas Portugal, Bank: X7, Beneficiary name: Novalux Sri) 20178,85 Avro məbləğində vəsait köçürülmüşdür. Vəsait köçürüləndən sonra aparılan araşdırma zamanı təqdim olunan bank hesabının “Novalux S.R.L” şirkətinə aid olmadığı müəyyən edilmiş və bu əməliyyat üzrə Şəxs MMC kibercinayətin qurbanına çevrilmişdir. “Novalux S.R.L” şirkəti ilə malların çatdırılma müddəti və ödəniş şərtləri barədə email vasitəsilə yazışmalar, danışıqlar aparılmış, lakin bu yazışmalara naməlum şəxslər tərəfindən kiberhücum həyata keçirilmiş və nəticədə “Novalux S.R.L” şirkətinin email adresinə oxşar adresdən (“Novalux S.R.L" şirkəti adından təqdim edən saxta məlumatlar) bank məlumatları göndərilmiş, ödənişin bu bank məlumatlarına əsasən aparılmalı olması bildirilmiş və nəticədə təqdim edilmiş saxta bank hesabına 20178,85 avro məbləğində vəsait köçürülmüşdür. Bununla da, Şəxs MMC-yə maddi zərər dəymişdir, maliyyə itkisinə məruz qalmışdır. Kiberhücumla bağlı xx.xx.2023-cü il tarixdə Şəxs MMC-nin həmin dövrdə qanuni təmsilçisi olmuş Eldar Hüseynov tərəfindən Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermiş və Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinin 22 dekabr 2023-cü il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 178.2.4- cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. Şəxs MMC-nin həmin dövrdə Direktoru olmuş X8 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Polis orqanının 22 dekabr 2023- cü il tarixli qərarı, ********* nömrəli cinayət işinin açılması, Şəxs MMC-nin həmin dövrdə qanuni təmsilçisi olmuş Eldar Hüseynovun zərərçəkmiş şəxs qismində tanınması bir daha onu təsdiq edir ki, Şəxs MMC kiberdələduzların hədəfinə çevrilmişdir. Kiberhücum nəticəsində 20178,85 Avro məbləğində vəsaitin ələ keçirilməsi hüquqi və məntiqi baxımdan malların ölkəyə idxalını və ya qabaqcadan ödənilmiş məbləğin geri qaytarılmasını mümkünsüz edir. Təkrar olaraq qeyd edir ki, yuxanda qeyd edilmiş əsaslara görə Şəxs MMC kiberdələduzluğun hədəfinə çevrildiyinə, habelə Şəxs MMC-nin iradəsindən asılı olmayan səbəblərdən malların idxal edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi mümkün olmadığına görə məhkəmə işin bütün hallarını nəzərə almaqla iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, həmin ödənişdən sonra yenidən müştərilər qarşısında öhdəliklərini yerinə yetirmək üçün yenidən ödəniş etmişlər və mallar ölkə ərazisinə idxal edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli köçürmə haqqında ərizədən görünür ki, Şəxs MMC 20178.85 Avro məbləğində pulun ölkə xaricinə köçürülməsi üçün "xxxx" ASC-yə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş **********0196 nömrəli bəyənnaməsindən görünür ki, açıq olan avans 20178.85 Avro bəyan edilmişdir. 22 dekabr 2023-cü il tarixli cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 178.2.4- cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. Zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X8 zərərçəkmiş şəxs qismində tanınmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mərkəzi X5 xx.xx.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən, iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi qərarında qeyd olunduğu kimi, Buna görə yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, iş materiallarında mövcud olan sənədləri, o cümlədən inzibati xəta haqqında protokolu, bank köçürmələrinə dair sənədləri və cinayət işindən əldə edilmiş materialları hərtərəfli tədqiq edərək hesab edir ki, "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi mövcud deyildir. İXM-nin 3-cü maddəsinə əsasən, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün əməlində təqsirin (qəsd və ya ehtiyatsızlıq) mövcudluğu imperativ şərtdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin tətbiqi barədə" 19 dekabr 2019-cu il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, valyuta tənzimi qaydalarının pozulmasına görə məsuliyyət, yalnız şəxsin təqsirli davranışı (valyutanı ölkədən çıxarmaq və ya geri qaytarmamaq niyyəti) olduqda yaranır. Əgər valyuta vəsaitinin geri qaytarılmaması şəxsin iradəsindən asılı olmayan səbəblərdən baş vermişsə, inzibati məsuliyyət istisna olunur. Məhkəmə, işin faktiki hallarını qiymətləndirərkən, tətbiq edilən normanın hərfi mənasından daha çox, onun hüquqi təyinatını və qanunvericiliyin ümumi prinsiplərini rəhbər tutmağı zəruri bilir. İXM-nin 430.4-cü maddəsi Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinin mühüm elementlərindən olan valyuta tənzimi və nəzarətinin təmin edilməsinə yönəlmişdir. Bu normanın məqsədi rezidentlər tərəfindən idxal əməliyyatı adı altında valyuta vəsaitlərinin əvəzsiz və geri qaytarılmamaq şərtilə ölkədən çıxarılmasının, yəni pərdələnmiş kapital axınının qarşısını almaqdır. Hazırkı işdə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli 20.178,85 Avro məbləğindəki birinci ödəniş, hüquqi şəxsin iradəsindən kənar olaraq, kiberdələduzluq nəticəsində mənimsənilmişdir. Bu fakt, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində başlanmış ********* nömrəli cinayət işi və şirkətin rəhbəri X3 zərərçəkmiş şəxs qismində tanınması barədə qərarlarla təsdiq olunur. Məhkəmə qeyd edir ki, "xxxx" MMC birinci ödənişin itirilməsinə baxmayaraq, xarici tərəfdaş qarşısında öhdəliyini yerinə yetirmək və malı ölkəyə gətirmək məqsədilə təkrar ödəniş həyata keçirmişdir. İş materiallarına əlavə edilmiş gömrük bəyannaməsi və bank sənədlərinin müqayisəli təhlili göstərir ki, həm itmiş ödəniş, həm də sonradan edilən ödəniş eyni müqavilə və eyni təyinat üzrə həyata keçirilmişdir, habelə köçürülmüş məbləğlər eynidir. Bu faktlar məcmusu sübut edir ki, hüquqi şəxsin niyyəti valyuta sərvətlərini ölkədən çıxarmaq yox, real xarici ticarət əməliyyatını həyata keçirmək olmuşdur. Birinci ödənişin müqabilində malın gəlməməsi şirkətin təqsirli hərəkətsizliyi deyil, ona qarşı törədilmiş cinayətin nəticəsidir. Şirkətin təkrar ödəniş edərək malı idxal etməsi onun vicdanlı davranışını təsdiq edir. İXM-nin 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən, şəxsin təqsirli olması barəsində aradan qaldırılması mümkün olmayan şübhələr onun xeyrinə həll edilir. Hazırkı işdə şirkətin dələduzluq qurbanı olması və malın son nəticədə ölkəyə gətirilməsi faktı, onun təqsirsizliyinə dəlalət edən təkzibedilməz sübutlardır. Dövlətin iqtisadi maraqlarına faktiki olaraq zərər dəyməmişdir. Yuxarıda göstərilənləri ümumiləşdirərək, məhkəmə belə qənaətə gəlir ki, "xxxx" MMC-nin əməlində İXM-nin 430.4-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan inzibati xəta tərkibinin subyektiv cəhəti (təqsir) mövcud deyildir. Valyuta vəsaitinin geri qaytarılmaması şirkətin qəsdi və ya ehtiyatsızlığı nəticəsində deyil, üçüncü şəxslərin cinayətkar əməlləri nəticəsində baş vermişdir. İXM-nin 53.1.2-ci maddəsinin tələbinə görə, əməldə inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 43, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin əməllərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar