Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4951/2025 05.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində İXMnin 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola görə Şəxs MMC 36366.32 Avro məbləğində olan vəsaiti bank hesabından xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddətin keçməsinə baxmayaraq, 36366.32 Avro hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Xəta 04 noyabr 2025-ci il tarixdə törədilmişdir. Məhkəməyə təqdim edilən protokolda qeyd edilir ki, Şəxs MMC 36366.32 Avro məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 36366.32 Avro məbləğində vəsait hesabına alınan mallar (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X3 çıxışında protokola etiraz edərək bildirmişdir ki, müqavilə üzrə qarşı tərəfə 36366.32 Avro məbləğində pul köçürülüb, bunun qarşılığında alınmış mallar ölkə ərazisinə idxal olunmadan eyni qaydada “Ralados Plus” şirkətinə satılmışdır. Əməllərində inzibati xəta tərkibi olmadığından məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Həmin müqaviləyə əlavə də mövcuddur və dəyişiklik qanuna uyğun şəkildə edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs MMC 36366.32 Avro məbləğində pulun ölkə xaricinə köçürülməsi üçün "xxxx" ASC-yə müraciət etmişdir. UAB «Boluto trade” JSC tərəfindən Şəxs MMC -yə təqdim olunan xx.xx.2023-cü il tarixli invoice dən görünür ki, xx.xx.2023-cü il tarixdə bağlanmış müqavilə üzrə mallar alınmışdır. Şəxs şirkəti ilə ЗАО “Электроплан” ТНС arasında bağlanılmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Tərəflər arasında ümumi dəyəri 900000 avro olan müqavilə bağlanılmışdır. Şəxs tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, sözügedən avans köçürəsi ilə bağlı köçürülmüş vəsait ölkə ərazisinə qaytarılmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mərkəzi X2 xx.xx.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən, iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi qərarında qeyd olunduğu kimi, Buna görə yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraatın hərtərəfli, tam və obyektiv aparılması prinsipini rəhbər tutaraq, işdə olan sənədləri və tərəflərin mövqelərini tədqiq edərək aşağıdakı hüquqi nəticələrə gəlir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 20 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolda Şəxs MMC-nin əməlində İXM-nin 430.4-cü maddəsinin pozulması iddiası irəli sürülür. Protokolun formal əsası ondan ibarətdir ki, şirkət tərəfindən xx.xx.2023-cü il tarixdə avans olaraq xaricə köçürülmüş 36366.32 Avro məbləğində vəsaitin müqabilində "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları" ilə müəyyən edilmiş 2 illik müddət ərzində ya malların ölkəyə idxalını təsdiq edən sənəd təqdim edilməmiş, ya da həmin vəsait geri qaytarılmamışdır. Lakin, inzibati məsuliyyətin yaranması üçün yalnız əməlin xarici, formal əlamətlərinin mövcudluğu kifayət deyildir. İXM-nin 3-cü maddəsində təsbit edilmiş inzibati məsuliyyətin əsası tələb edir ki, şəxsin məsuliyyətə cəlb edilməsi üçün onun əməlində təqsirin, yəni xətanın subyektiv cəhətinin olması müəyyən edilsin. Bu prinsip, həmçinin İXM-nin 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası və ondan irəli gələn in dubio pro reo (bütün şübhələr şəxsin xeyrinə həll edilir) prinsipi ilə ayrılmaz vəhdət təşkil edir. Məhz bu kontekstdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun İXM-nin 430.4-cü maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqe xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli Qərarında birmənalı olaraq göstərilmişdir ki, məhkəmələr bu kateqoriyadan olan işlərə baxarkən, inzibati xətanı törədən şəxsin təqsirini İXM-nin tələblərinə uyğun olaraq dəqiq müəyyən etməlidirlər. Bu o deməkdir ki, məhkəmə formal pozuntu faktı ilə kifayətlənməməli, bu pozuntunun arxasında duran səbəbləri, şəxsin niyyətini və iradəsindən asılı olmayan halları araşdırmalıdır. İş materiallarının tədqiqi zamanı məhkəmə müəyyən edir ki, Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixdə UAB «Boluto trade” JSC şirkətinə köçürülmüş 36366.32 Avro vəsait həqiqətən də mal idxalı məqsədi daşımışdır. Lakin sonradan kommersiya şəraitinin dəyişməsi ilə əlaqədar olaraq, həmin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmadan, 06 iyun 2023-cü il tarixli müqavilə əsasında üçüncü bir şirkətə – “Электроплан” ТНС”-yə satılmışdır. Təqdim edilmiş bank çıxarışları isə sübut edir ki, bu ikinci satış əməliyyatından əldə olunan vəsaitlər Şəxs MMC-nin Azərbaycan Respublikasındakı bank hesabına daxil olmuşdur. Beləliklə, məhkəmə qənaətə gəlir ki, valyuta tənzimi haqqında qanunvericiliyin əsas məqsədi olan ölkədən valyuta axınının qarşısının alınması və iqtisadi dövriyyənin təmin edilməsi prinsipi pozulmamışdır. Xaricə köçürülən vəsaitin əvəzində ya mal idxal edilməli, ya da vəsaitin özü geri qayıtmalıdır. Hazırkı işdə, birbaşa həmin mallar idxal edilməsə də, həmin malların satışından əldə olunan vəsait ölkəyə qaytarılmışdır. Bu, bir-biri ilə bağlı olan vahid kommersiya əməliyyatları zənciridir və bu zəncirin yekununda dövlətin valyuta maraqlarına heç bir zərər dəyməmişdir. Şirkətin hərəkətləri valyuta vəsaitini qanunsuz olaraq xaricdə saxlamaq məqsədi daşımamış, əksinə, mürəkkəb, lakin qanuni beynəlxalq ticarət əməliyyatının həyata keçirilməsinə yönəlmişdir. Yuxarıda göstərilən faktiki və hüquqi əsasların məcmusunu qiymətləndirərək, məhkəmə bu qənaətə gəlir ki, Şəxs MMC tərəfindən həyata keçirilən əməliyyat ölkənin iqtisadi maraqlarına zərər vurmamış, valyuta vəsaiti kommersiya dövriyyəsi nəticəsində ölkəyə geri qayıtmış və bu əməldə şirkətin təqsiri olmamışdır. Buna görə də, Şəxs MMCnin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi mövcud deyildir. Məhz bu səbəbdən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, Şəxs MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 43, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №3(005)-4951/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4951/2025
05.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver