Məhkəmə qərarları › İş №3(005)-4963/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4963/2025

24.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4963/2025 24.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat:18:10 Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis şöbəsinin sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Gürcüstan Respublikasında anadan olmuş, Gürcüstan Respublikası vətəndaşı, evli, usta işləyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nərimanov RPİ 16-cı polis şöbəsinin sahə inspektoru X4 tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 24 noyabr 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli, 24 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında həmin protokolda göstərilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə narkotik vasitədən istifadə etdiyi və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığı müəyyən olunmuşdur. Nəticədə Şəxs İXM-in 206 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis şöbəsinin sahə inspektoru X4 inzibati xəta haqqında protokolda qeyd olunanlara uyğun çıxış edərək müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq, şəxsin barəsində hazırda CM-nin 234.1-ci maddəsi ilə cinayət işi istintaq olunduğunu bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 206-cı maddəsi ilə təqsirli bilərək qeyd etmişdir ki, narkotik vasitə istifadə etmişdir, lakin bir daha bu hallara yol verməyəcəkdir. Polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaq halı isə mövcud olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli, 24 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə narkotik vasitədən istifadə etdiyi və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığı müəyyən olunmuşdur. Nəticədə Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Nəticədə Şəxs İXM-in 206 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsin Ambulator X1 haqqında xx.xx.2025-ci il tarixli, 7344 nömrəli rəyindən görünür ki, Şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Şəxs xx.xx.2025-ci il tarixdən Bakı şəhəri NM-də (F19.2) diaqnozu ilə dispanser qeydiyyatdadır. xx.xx.2025-ci il tarixli “İnzibati xəta törətmiş şəxsi tutmaq haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 14:49 radələrində inzibati qaydada tutulmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 206-cı maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə - iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə iş materiallarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmiş, lakin İXMnin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam şəkildə sübuta yetirilmişdir. Belə ki, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxsnın polisin qanuni tələblərinə tabe olmamasını təsdiq edən heç bir sübut göstərilməmiş, bununla belə məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Bu səbəblə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bundan başqa barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İşin faktiki hallarından müəyyən edilmişdir ki, Şəxs narkotik vasitələrdən qanunsuz olaraq istifadə etmişdir. Bu fakt onun məhkəmədəki səmimi etirafı ilə yanaşı, daha da əhəmiyyətlisi, iş materiallarına əlavə edilmiş və heç bir şübhə doğurmayan Respublika Narkoloji Mərkəzinin rəsmi tibbi rəyi ilə tam sübuta yetirilir. Həmin rəyə əsasən, Şəxs bioloji materiallarının müayinəsi zamanı onun orqanizmində bir neçə növ narkotik maddənin (kannabinoidlər, o cümlədən THC+, MET+ izləri aşkar edilmişdir. Bu, təkcə birdəfəlik istifadə faktını deyil, həm də polinarkomaniya, yəni eyni zamanda bir neçə növ psixoaktiv maddədən sui-istifadə halını göstərir ki, bu da öz növbəsində əməlin ictimai təhlükəliliyini və şəxsin sağlamlığı üçün yaratdığı riski artırır. Məhkəmə, inzibati tənbeh növünü və həddini müəyyən edərkən İXM-in 31-ci maddəsinin tələblərini, yəni xətanın xarakterini, təqsirkarın şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları rəhbər tutur. İXM-in 32.1.1-ci maddəsinə əsasən, Şəxs törətdiyi əməldən səmimi peşmançılığını bildirməsi və gələcəkdə bu cür hərəkətlərə yol verməyəcəyini vəd etməsi məhkəmə tərəfindən məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir. Bununla yanaşı, İXM-in 33cü maddəsi ilə müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 206-cı maddəsinin sanksiyası alternativ xarakter daşıyır və cərimə ilə yanaşı, bu tədbirin kifayət sayılmadığı hallarda iki ayadək müddətə inzibati həbsin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, hazırkı işin konkret hallarında cərimə tənbehinin tətbiqi İXM-in 21-ci maddəsində nəzərdə tutulan tənbehin məqsədlərinə – həm xətanı törətmiş şəxsin islah olunmasına, həm də yeni xətaların törədilməsinin qarşısının alınmasına nail olmaq üçün kifayət qədər təsirli və adekvat tədbir deyildir. Bu qənaət aşağıdakı fundamental əsaslara söykənir: Birincisi, Respublika Narkoloji Mərkəzinin rəyində təkcə narkotik istifadəsi faktı deyil, həm də Şəxs "asılılıq sindromu (narkomaniya xəstəliyi)" diaqnozunun qoyulmasıdır. Bu, onun əməlinin təsadüfi bir hərəkət olmadığını, davamlı və patoloji xarakter daşıyan bir xəstəlikdən irəli gəldiyini göstərir. Belə bir vəziyyətdə cərimənin tətbiqi yalnız formal xarakter daşıyacaq və xəstəliyin kökündə duran səbəbləri aradan qaldırmayacaqdır. İkincisi, İXM-in 21-ci maddəsinin tələbinə görə, inzibati tənbehin məqsədlərindən biri şəxsin islah edilməsi və tərbiyələndirilməsidir. Narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin islahı isə təkcə cəzalandırma ilə deyil, həm də məcburi müalicə və reabilitasiya ilə mümkündür. İXM-in 37-ci maddəsi məhz inzibati həbs tənbehi ilə yanaşı, narkomaniyadan məcburi müalicənin təyin edilməsini nəzərdə tutur. İnzibati həbs tədbiri, bu halda, həm cəza funksiyasını yerinə yetirir, həm də şəxsi narkotik maddələrin əldə oluna biləcəyi mühitdən təcrid edərək məcburi müalicənin effektivliyini təmin etmək üçün zəruri bir ilkin mərhələ rolunu oynayır. Cəza çəkib qurtardıqdan sonra onun dərhal ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilməsi, müalicə prosesinin fasiləsizliyini və dövlət nəzarətini təmin edir. Üçüncüsü, İXM-in 9.1-ci maddəsində təsbit edilmiş ədalətlilik prinsipi tətbiq olunan tənbehin həm də ictimai mənafelərə uyğun olmasını tələb edir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi və istehlakı cəmiyyət üçün yüksək təhlükə mənbəyidir. Narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslərin islah olunmadan cəmiyyətdə sərbəst qalması yeni hüquq pozuntularının törədilməsi üçün real risk yaradır. Bu baxımdan, Şəxs cəmiyyətdən müvəqqəti təcrid edilməsi və məcburi müalicəyə cəlb olunması təkcə onun öz şəxsi sağlamlığının bərpası üçün deyil, həm də ictimai təhlükəsizliyin təmini üçün zəruri və mütənasib bir tədbirdir. Bütün bu halları məcmusunda qiymətləndirən məhkəmə, yüngülləşdirici halın mövcud olmasına baxmayaraq, törədilmiş inzibati xətanın xarakteri, onun ictimai təhlükəliliyi, Şəxs şəxsiyyəti və sağlamlıq vəziyyəti barədə tibbi rəylə təsdiqlənmiş hallar nəzərə alınmaqla, onun barəsində İXM-nin 206-cı maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbehin və İXM-nin 37-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsini ədalətli, qanuni və tənbehin məqsədlərinə nail olmaq üçün yeganə effektiv vasitə hesab edir. Bundan əlavə, məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli 22 noyabr 2025-ci il tarixdən saat 14:49-dan hesablanmalıdır. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator X1 haqqında xx.xx.2025-ci il tarixli, 7344 nömrəli rəyini nəzərə alaraq Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Şəxs Bakı şəhəri Narkoloji Mərkəzdə qeydiyyatda olması nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 30, 55, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206- cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 22 noyabr 2025-ci il tarixdən saat 14:49-dan hesablansın. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və Narkoloji Mərkəzdə qeydiyyatda olması nəzərə alınsın. Şəxs inzibati həbs cəzasını çəkdikdən sonra Respublika Narkoloji Mərkəzinə yerləşdirilməsi təmin edilsin. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X3 Mərkəzinə, məcburi müalicə ilə bağlı qərarın icrası Respublika Narkoloji Mərkəzinə tapşırılsın. Şəxs barəsində başlanılmış İXM-nin 535.1-ci maddəsi ilə iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar