Məhkəmə qərarları › İş №3(005)-4973/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4973/2025

05.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4973/2025 05.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə MN ******* nömrəli, 19 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, hüquqi şəxs Şəxs tərəfindən 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə auditi aparılmamışdır və buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 çıxış edərək bildirmişdir ki, şirkət faktiki olaraq 2023-cü ilin noyabr ayından etibarən fəaliyyət göstərmir. Həmin il şirkətin gəlirləri 3 milyon manatı keçsə də, 2024-cü il üzrə hər hansı işçiləri və ya dövriyyələri olmamışdır. Bu da müvafiq vergi sənədləri ilə təsdiq edilir. Şirkət fəaliyyət göstərmədiyi üçün audit keçirmək öhdəliyi də yoxdur. Lakin, şirkətin hazırda passiv statusda olsa da, ləğv edilmədiyini bildirmişdir. Tərtib edilmiş protokolla bağlı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 05 noyabr 2025 il tarixli bildirişindən görünür ki, Şəxs MMC 2023-cü il üzrə maliyyə hesabatlarının auditinin 2024-cü ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı qismində 19 noyabr 2025-ci il tarixdə saat 15:35-də Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinə çağırılmışdır. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tərtib olunmuş MN ******* nömrəli, 19 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs Şəxs MMC tərəfindən 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə auditi aparılmamışdır və buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mənfəət vergisinin bəyannaməsindən görünür ki, Şəxs MMC 2023-cü ildə gəliri 3.661.820.46 manat olmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə -vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. “Audit xidməti haqqında” Azərbaycan Respublikasının qanununun: 2-ci maddəsinə əsasən Audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. 3-cü maddəsinə əsasən təsərrüfat subyektlərində müqavilə əsasında maliyyətəsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və yazılı rəy vermək, mühasibat uçotu qurmaq, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək və auditorun peşə fəaliyyətinə (auditor təşkilatının nizamnamə məqsədlərinə) uyğun olaraq maliyyətəsərrüfat münasibətləri sahəsində digər xidmətləri göstərmək auditor xidməti hesab edilir. Auditor xidməti dövlət orqanlarının öz səlahiyyətləri daxilində təsərrüfat subyektlərinin fəaliyyətini yoxlamasını istisna etmir. 16-cı maddəsinə əsasən auditor xidməti bir tərəfdən sərbəst auditor və ya auditor təşkilatı, digər tərəfdən isə sifarişçi arasında bağlanmış və yoxlamanın məzmununu, aparılması müddətlərini, məsləhət xidmətlərinin həcmini, ödəniş məbləğini və qaydasını, eləcə də tərəflərin məsuliyyətini nəzərdə tutan müqavilə əsasında göstərilir. 17-ci maddəsinə əsasən təsərrüfat subyektinin rəhbərliyi (mülkiyyətçisi) auditin aparılması üçün zəruri olan bütün sənədləri, registrləri və hesabatları auditora təqdim etməlidir və onların düzgünlüyünə məsuliyyət daşıyır. O, auditorun sorğusuna dair yazılı və şifahi izahatlar verməyə borcludur. Bununla yanaşı təsərrüfat subyektləri özləri auditor seçməkdə sərbəstdirlər. Təsərrüfat subyektləri maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə sərbəst və ya auditor təşkilatı ilə hər hansı müddətdə müqavilə bağlamaq hüququna malikdirlər. Bu cür müqavilələr yoxlama xarakteri daşıdıqda, auditor yoxlamanın nəticələrinə görə müəyyən olunmuş qaydada akt tərtib edilir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1.7-ci maddəsinə əsasən maliyyə hesabatları - mühasibat uçotu subyektinin, yəni mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır; 11-ci maddəsinə əsasən kommersiya təşkilatlarının illik maliyyə hesabatları üçün aşağıdakı hesabat dövrləri müəyyən edilir: - il ərzində oktyabr ayının 1-dək yeni yaradılan mühasibat uçotunun subyektləri üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i də daxil olmaqla; - oktyabr ayının 1-dən sonra yeni yaradılmış mühasibat uçotunun subyektləri üçün isə birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-i də daxil olmaqla; - digər mühasibat uçotunun subyektləri üçün hesabat dövrü yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq hüquqi şəxslər kommersiya, qeyri-kommersiya və publik hüquqi şəxslər formasında yaradıla bilər. Kommersiya hüquqi şəxslərə isə təsərrüfat ortaqlıqları və təsərrüfat cəmiyyətləri daxildir. Təsərrüfat cəmiyyətləri də öz növbəsində məhdud və ya əlavə məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında yaradıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: “Hüquqi şəxslər” adı altında təsnifatlaşdırılmış 4-cü fəslində öz əksini tapmış müddəalara görə hüquqi şəxslər təşkilati hüquqi formasına görə kommersiya, qeyrikommersiya və publik hüquqi şəxslər növlərinə ayrılır. Kommersiya hüquqi şəxslərə isə təsərrüfat ortaqlıqları və təsərrüfat cəmiyyətləri daxildir. Təsərrüfat cəmiyyətləri də öz növbəsində məhdud və ya əlavə məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında yaradıla bilər. 91-ci maddəsininin 4 və 5-ci bəndlərinə görə məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, cəmiyyətin işlərinin aparılması nəticələri haqqında cəmiyyət tərəfindən məlumatların dərc edilməsi (açıq hesabat) tələb olunmur. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, hüquqi şəxsin nümayəndəsinin izahatını, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək, təqdim olunmuş sübutları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsində təsbit edilmiş daxili inam və sübutların məcmusu əsasında qiymətləndirərək Şəxs İXM-nin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin sübuta yetirildiyi qənaətinə gəlir Beləliklə, yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektləri öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri sırasına daxildirsə və ya qanunvericilikdə birbaşa olaraq məcburi audit yoxlamasının keçirilməsinə dair göstəriş mövcuddursa, həmin təsərrüfat subyektlərində imperativ qaydada məcburi audit yoxlaması keçirilməlidir. Bu cür məcburi audit yoxlanılmasından yayınma isə İXM-in 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Qanunun qeyd olunan müddəalarından aydın olduğu kimi, məhdud məsuliyyətli cəmiyyət hər ötən ilə dair maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq üçün müstəqil auditor cəlb etməyə borcludur. Qanunvericilikdə maliyyə hesabatlarının təqdim edilməsinin son tarixi göstərilsə də (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli, 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30dan gec olmayaraq təqdim etməlidirlər), həmin hesabatlara auditor rəyinin əlavə edilməsi və ya hər ötən il üçün auditor cəlb edilə biləcəyi son müddət öz əksini tapmamışdır. Belə olduğu halda məhkəmənin gəldiyi qənaətə görə 91-ci maddəsininin 4 və 5-ci bəndlərinə görə məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir. Mülki Məcəlləsinin 91-ci maddəsinin anlamından həmin maddədə məhdud məsuliyyətli cəmiyyətin illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq məqsədilə müstəqil auditor cəlb etməli olduğu subyektlər sırasında orta sahibkarlıq subyekti istisna kimi nəzərdə tutulmadığından, hazırkı vəziyyətdə “ALAZAN FARM» Məhdud Məsuliyyətli Cəmiyyəti İXM-nin 464-cü maddəsinin subyektidir. Məhkəmə iclasında hüquqi şəxsin nümayəndəsi tərəfindən irəli sürülən əsas müdafiə arqumenti ondan ibarət olmuşdur ki, "xxxx" MMC 2023-cü ilin noyabr ayından etibarən faktiki fəaliyyətini dayandırmış, 2024-cü ildə hər hansı dövriyyəyə malik olmamışdır və bu səbəbdən audit keçirmək öhdəliyi yoxdur. Məhkəmə bu arqumenti əsassız hesab edir: Belə ki, "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun və Mülki Məcəllənin tələblərinə əsasən, məcburi auditin keçirilməsi zərurəti hüquqi şəxsin auditin aparıldığı (cari) ildəki fəaliyyət statusu ilə deyil, audit olunan hesabat dövrünün (maliyyə ilinin) nəticələri ilə müəyyən edilir. Hazırkı işdə auditin predmeti 2023-cü maliyyə ilinin yekunlarına dair hesabatlardır. İş materiallarında olan vergi bəyannamələrindən görünür ki, 2023-cü il ərzində "xxxx" MMC aktiv təsərrüfat fəaliyyəti göstərmiş və 3.661.820,46 manat həcmində gəlir əldə etmişdir. Bu göstərici hüquqi şəxsi qanunvericiliklə müəyyən edilmiş "orta sahibkarlıq subyekti" kateqoriyasına aid edir və onun 2023-cü il üzrə maliyyə hesabatlarının auditini tələb edir. Məhkəmə iclasında hüquqi şəxsin nümayəndəsi tərəfindən irəli sürülən əsas müdafiə arqumenti ondan ibarət olmuşdur ki, "xxxx" MMC 2023-cü ilin noyabr ayından etibarən faktiki fəaliyyətini dayandırmış, 2024-cü ildə hər hansı dövriyyəyə malik olmamışdır və bu səbəbdən audit keçirmək öhdəliyi yoxdur. Məhkəmə bu arqumenti əsassız hesab edir: Belə ki, "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun və Mülki Məcəllənin tələblərinə əsasən, məcburi auditin keçirilməsi zərurəti hüquqi şəxsin auditin aparıldığı (cari) ildəki fəaliyyət statusu ilə deyil, audit olunan hesabat dövrünün (maliyyə ilinin) nəticələri ilə müəyyən edilir. Hazırkı işdə auditin predmeti 2023-cü maliyyə ilinin yekunlarına dair hesabatlardır. İş materiallarında olan vergi bəyannamələrindən birmənalı şəkildə görünür ki, 2023-cü il ərzində "xxxx" MMC aktiv təsərrüfat fəaliyyəti göstərmiş və 3.661.820,46 manat həcmində gəlir əldə etmişdir. Bu göstərici hüquqi şəxsi qanunvericiliklə müəyyən edilmiş "orta sahibkarlıq subyekti" kateqoriyasına aid edir və onun 2023-cü il üzrə maliyyə hesabatlarının auditini tələb edir. İş materiallarından görünür ki, hüquqi şəxs ləğv edilməmişdir və hüquq qabiliyyətini saxlayır. Mövcud olan və ləğv edilməyən hüquqi şəxs, aktiv və ya passiv statusundan asılı olmayaraq, qanunla müəyyən edilmiş meyarlara cavab verdiyi təqdirdə (hazırkı halda 2023-cü ilin nəticələrinə görə) illik maliyyə hesabatlarını tərtib etməli və auditdən keçirməlidir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin 2023-cü ilin sonlarında fəaliyyətini dayandırması, onu həmin il üzrə yaranmış məcburi audit öhdəliyindən azad etmir və İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibini istisna etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs MMC barəsində İXM-in 464-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar