Məhkəmə qərarları › İş №3(005)-4979/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-4979/2025

04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-4979/2025 04.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Hüseynova Gülsüm Üzeyir qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 464-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Şəxs MMC barəsində İXMin 464-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola görə Şəxs MMC 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə məcburi auditi aparılmamışdır. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X2 izahatında göstərdi ki, nəzərdə tutulan məcburi audit rəyi mikro və kiçik sahibkarlıq subyektlərinə aid edilmir. Belə ki, Şəxs MMC kiçik sahibkarlıq subyekti olduğu üçün onun barəsində tərtib olunan protokol qanunsuz və əsassız hesab edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, qanunvericiliyin aşağıda qeyd olunan tələblərinə əsaslanaraq hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində İXM-nin 464-cü maddəsinin tərkibi aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 03 saylı Ərazi Vergilər İdarəsi tərəfindən təqdim edilən “Mənfəət vergisinin bəyannaməsi”-dən görünür ki, Şəxs MMC-nin sahibkarlıq subyektinin meyarı qismində “kiçik” hesab olunmuşdur. Şəxs MMC-nin illik gəlirləri üzrə təqdim olunan Hesabatdan görünür ki, həmin cəmiyyətin 2023-cü il üzrə gəlirləri 772984.69 AZN pul məbləği vəsaitində olmuşdur. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.4-cü maddəsinə uyğun olaraq məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Beləliklə, "xxxx" MMC-nin kiçik sahibkarlıq subyekti olması nəzərə alınaraq, bu cəmiyyət üçün audit yoxlaması məcburi deyil. Şirkət öz istəyinə əsasən müstəqil auditor cəlb edə bilər, lakin bu, qanunla müəyyən edilmiş məcburiyyət deyil və yalnız müstəqil bir qərar olaraq həyata keçirilə bilər. Bu səbəbdən, "xxxx" MMC-nin barəsində tərtib olunan 20 noyabr 2025-ci il tarixli protokol əsassızdır. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; İXM-nin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; İXM-nin 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tərtib xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar