Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-499/2022 04.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PB-nin EPQ ******* nömrəli, 24 sentyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PB-nin EPQ ******* nömrəli, 24 sentyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 23.07.2021 tarixində barəsində EXP ******* nömrəli protokol tərtib edilmişdir və 100 azn cərimə yazılmışdır. Qeyd edilən protokolla bağlı elektron formada DİNin rəsmi səhifəsindən şikayət ünvanlamış, şikayətinin səbəbi yazılan protokolda heç bir şəklin və ya video qeydin olmaması idi. Çünki baş verən cərimənin nə zaman, necə yazılması haqqında məlumatı yoxdur və belə bir hal xatırlamır. 05.02.2022-ci il tarixində ünvan 1 ünvanına göndərilmiş cavab məktubunda heç bir şəkil və ya təsdiq edici sənəd göstərilməmişdir. Sadəcə olaraq protokol məktuba əlavə edilmişdir. Barəsində tərtib edilən EXP ******* nömrəli protokolun təsdiqedici sənədləri (foto və ya video) olmadığından qeyd edilən protokolun ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən X3 şikayəti müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən şikayətə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PB-nin EPQ ******* nömrəli, 24 sentyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 İXM-in 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir; Bakı şəhəri Nərimanov RPİ-nin X2 ünvanlanmış 24.12.2021-ci il tarixli məktubdan görünür ki, 02.12.2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanladığı müraciət aidiyyəti üzrə araşdırıldı və araşdırma zamanı məlum oldu ki, “Xüsusi karantin rejimi dövründə tətbiq olunan hərəkət məhdudiyyətlərinə riayət edilməsinə nəzarət qaydalarının təsdiq edilməsi barədə” qərarın tələblərini pozduğuna görə 23.07.2021-ci il tarixdə barəsin də fiziki şəxs qismində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə protokol tərtib olunaraq 100 manat inzibati cərimə tətbiq edilmişdir “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyi Azərbaycan Respublikası ərazisində adamların sağlamlığının qorunmasında və möhkəmləndirilməsində, cismən və ruhən inkişafında, fəal uzunömürlüyündə vətəndaşların və cəmiyyətin hüquq və mənafelərini həyata keçirməyin zəruri şərti kimi əhalinin sanitariyaepidemioloji salamatlığı sahəsində ictimai münasibətləri tənzimləyir; 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikası sanitariya qanunvericiliyinin əsas vəzifələri aşağıdakılardır: - dövlət orqanlarının, ictimai birliklərin, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, təşkilatların, idarələrin, vəzifəli şəxslərin və vətəndaşların bu sahədə hüquq və vəzifələri sisteminin müəyyən edilməsi; - insanların sağlamlığını ətraf mühit amillərinin mənfi təsirindən qorumaq və möhkəmləndirmək məqsədilə onların sanitariya-epidemioloji salamatlığının təmin edilməsi; - sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməsinə, eləcə də sanitariya-gigiyena və epidemiya əleyhinə tədbirlərin görülməsinə nəzarət sisteminin yaradılması; - gigiyena tənzimlənməsi və epidemioloji tənzimləmə qaydasının müəyyənləşdirilməsi, sanitariya normalarının və qaydalarının hazırlanması; - əhalinin sanitariya-epidemioloji salamatlığını təmin edən iqtisadi mexanizmin yaradılması; - sanitariya normalarını və qaydalarını, gigiyena normativlərini pozmağa görə məsuliyyət dərəcələrinin müəyyən edilməsi; - vətəndaşların salamatlığının qorunması hüququnu təmin etməyə yönəldilən qanunvericilik, hüquqi və təşkilati tədbirlər kompleksinin yaradılması; 25-ci maddəsinə əsasən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyri-yoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər; 38-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqədar vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır. Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər; “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2020-ci il tarixli, 189 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə sosial məsafə gözlənilməli (insanlar arası məsafə 1,5-2 metr), tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) (tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə) istifadə edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərarda işə baxılarkən müəyyən edilmiş hallar öz əksini tapmamış və göstərilən qərardan X3 tərəfindən törədilən inzibati xətanın konkret olaraq nədən ibarət olması aydın deyildir. X1 epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə İXM-in 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı töörətməsinə görə inzibati məsuliyyətə cəlb edilsə də, şikayətçiyə ünvanlanmış məktubda onun tərəfindən “Xüsusi karantin rejimi dövründə tətbiq olunan hərəkət məhdudiyyətlərinə riayət edilməsinə nəzarət qaydalarının təsdiq edilməsi barədə” qərarın tələblərini pozduğu qeyd edilmişdir. Bununla da X3 tərəfindən inzibati məsuliyyətə cəlb olunmasına səbəb olmuş hansı hərəkətə yol verməsi müəyyən olunmur. Şikayət verən şəxsin izahatından göründüyü kimi, nə inzibati xəta haqqında protokol tərtib edilərkən, nə də həmin protokola baxılıb inzibati tənbeh haqqında qərar qəbul edilərkən onun iştirakı təmin edilməmişdir. Bununla da səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi zamanı X1 hüquqlarının aşkar surətdə pozması inzibati icraatın qanunvericiliyin tələblərinə əməl edilmədən aparıldığını təsdiq edir. Belə ki, İXM-in: 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır; 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Göstərilən inzibati xəta haqqında protokol baxılıb iş üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilsə də, qərarın qəbul edilməsi zamanı da X1 inzibati icraatda iştirakı təmin edilməmiş, bununla da səlahiyyətli vəzifəli şəxs qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. İXM-in: 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: - inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); - inzibati xəta törətmiş şəxs; - inzibati xəta törətməkdə şəxsin təqsiri; - inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; - inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; - inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; - işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə – fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, səlahiyyətli orqan inzibati xəta haqqında protokola baxarkən X1 iştirakını təmin etməmiş, ziddiyyətli məqamları aradan qaldırmamışdır. Bununla yanaşı, səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir ki, qərarın əsaslılığını məhkəmədə sübuta yetirsin. Halbuki, həmin halları sübutetmə vəzifəsi bilavasitə qərarı qəbul etmiş orqanın üzərinə düşür. Beləliklə, məhkəmə iclasında xüsusi karantin rejimi çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması, həmçinin əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə tətbiq edilən tələblərin X3 tərəfindən pozulub-pozulmamasını müəyyən etmək mümkün deyildir. Sadalananları nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-in tələblərini işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozmuş, X1 barəsində onun iştirakı olmadan İXM-in 211.2-ci maddəsilə inzibati xəta haqqında protokol və həimn protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Təqdim olunmuş sənədlər əsasında X1 İXM-in 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmasının, ümumiyyətlə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması ilə bağlı hansı hərəkətə yol verməsinin müəyyən edilməsi mümkün deyil və bu səbəbdən o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş nöqsanlarla bağlı iş üzrə yenidən araşdırma aparılmaqla müvafiq qərar qəbul edilməsi üçün X1 barəsində Bakı şəhəri Nərimanov RPİ 18-ci PB-nin EPQ ******* nömrəli, 24 sentyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin orqana göndərilməlidir. İXM-in: 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PB-nin EPQ ******* nömrəli, 24 sentyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin orqana göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-499/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-499/2022
04.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver