Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-5023/2025 06.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Şikayət vermiş şəxs X4 və onun nümayəndəsi və vəkili “İsmayılbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X8 iştirakları ilə, X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin ******* MN nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X9 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 700 manat məbləğində cərimə edilmişdir. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, həmin qərar qanunsuz və əsassız olduğuna görə ləğv edilməli, inzibati xəta hadisəsi olmadığı ücün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati qərar qəbul etmiş şəxs tərəfindən heç bir araşdırma aparmağa lüzum bilmədən əsassız olaraq cərimə edilmişdir. İnzibati xəta haqqında qərarda və prokolda qeyd edilmişdir ki, işçi Nemət Qasımovun 2025-ci ilin aprel may avları üzrə əmək haqqları AR Əmək Məcəlləsinin 164.2-ci maddəsinin tələbləri pozularaq düzgün hesablanmayaraq ödənilmişdir. Geofizika və geologiya İdarəsinin (GGİ) 2025-ci il üçün nəzərdə tutulmuş illik iş planına və GGİ ilə "Azneft" İstehsalat Birliyi arasında bağlanmış 19 fevral 2024-cü il tarixli 14-2-4/3-xx-xx/2024 nömrəli müqaviləsinə əsasən, Xəzəryanı-Quba NQR və onunla həmtomas şimal tranzit zonada 2D (ikiölçülü) seysmik kəşfiyyat işlərinin yerinə yetirilməsi "Kəşfiyyatgeofizika" istehsalat bölümünün (KGİB) Dəniz seysmik ekspedisiyasına və Quru seysmik ekspedisiyasına həvalə olunmuşdur. GGİ-nin xx.xx.2025-ci il tarixli 14-2-4/3-1İ-120/2025 nömrəli əmri ilə Kompleks mühəndisi axtarış istehsalat bölümünün Mühəndisi-geoloji qazma ekspedisiyasının Mühəndisi geoloji qazma üzrə kəşfiyyat partiyasının böyük geodezisti X10 istehsalat zərurəti ilə əlaqədar, həmçinin öz işlədiyi iş yerində ekspedisiyanın iş həcminin olmaması səbəbindən 0'1.03.2025-ci il tarixindən Geofizika ekspedisiyasının Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 96-cı maddəsi - "İş vaxtının cəmlənmiş uçotu" tətbiq edilməklə təsdiq edilmiş iş qrafikinə uyğun olaraq, layihə müddəti bitənə qədər layihə üzrə işlərə cəlb edilmişdir. Uçot dövrü üzrə tərtib olunmuş mart-iyul aylarının iş qrafikinə əsasən qanunvericiliklə müəyyən olunmuş 754 norma iş saatına qarşı N.Qasımovun qrafik üzrə 750 saat işləməsi nəzərdə tutulmuşdur. İstehsalat zəruriyyəti ilə (geodezistə olan tələbatla) əlaqədar olaraq, onun iş saatları aprel və may aylarında (hər birində) 73,5 saat və iyun ayında 84 saat artırılaraq uçot dövrü mart-sentyabr ayları olmaqla iş qrafikinə müvafiq dəyişiklik edilmişdir. Bununla əlaqədar uçot dövründə (mart-sentyabr aylarında) qanunvericiliklə müəyyən edilmiş 1098 norma iş saatına qarşı 1098,5 saatlıq iş qrafiki tərtib edilmişdir. "Sifarişçi" ilə əldə olunmuş razılıq əsasında, Xəzəryanı-Quba NQR və onunla həmtəmas şimal tranzit zonada 2D seysmik kəşfiyyat işlərinin davamı olaraq quruda, Əmirxanlı sahəsində 2D seysmik kəşfiyyat işlərinin başlanması ilə əlaqədar (GGİ-nin xx.xx.2025-ci il tarixli 14-2-4/3-1İ-353/2025 nömrəli əmri) xx.xx.2025-ci il tarixdən uçot dövrü noyabr ayınadək uzadılaraq mart-noyabr ayları üzrə qanunvericiliklə müəyyən olunmuş 1425 norma saata qarşı 1423,5 saatlıq iş qrafiki tərtib edilmişdir. X6 hər iki layihə üzrə işlədiyi 1423,5 saat üzrə əmək haqqı tam məbləğdə ödənilmişdir. Həmçinin qrafik üzrə mart və may aylarına düşən 1 bayram gününə (2x10,5 saat = 21 saat), iyun ayına düşən 4 bayram gününə (4x10,5 saat = 42 saat) görə ARƏMin 164.1 maddəsi əsas götürülməklə işçiyə həmin saatlar üçün əmək haqqı ikiqat məbləğdə ödənilmişdir. Bundan başqa N.Qasımova "Ezamiyyə xərclərinin normaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarına əsasən çöl şəraitində işlədiyi hər gün üçün 20,0 manat əlavə vəsait, həmçinin "Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında" 22 avqust 2002-ci il tarixli 137 nömrəli qərarının 8-ci bəndinə əsasən susuz ərazilərində daimi içməli su mənbəyindən uzaqda yerləşən iş yerlərində çalışdığı günlər üçün onun əmək haqqına artım əmsalı (1,2) tətbiq edilərək ödənilmişdir. Bundan əlavə, MN ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolan görünür ki, inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi vaxt və bu xətanın mahiyyəti, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməmiş, hüquqları və vəzifələri izah edilməmiş, protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən imzalanmamışdır. Protokolda protokolu imzalamaqdan imtina etmədiyini halda necə imzalamaqdan imtina edə bilərdim. Burdan da görünür ki, inzibati xəta haqqında protokol və qərar heç bir araşdırma aparılmadan tərtib edilmişdir. Bakı ərazi idarəsi tərəfindən inzibati işə qeyri-ciddi yanaşılmışdır. Bakı ərazi idarəsi inzibati işi lazımi qaydada araşdırsa idi, işçinin əməkjhaqqısının verilməsinə hesablanmasına görə heç bir məsuliyyəti olmayan mənini, İdarə rəisinin barəsində inzibati xəta haqqında protokol və qərar tərtib edilməzdi. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs və vəkili şikayəti müdafiə edərək məhkəmədən X13 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2025ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının əsassız olduğunu və ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X14 çıxış edərək bildirmişdir ki, vətəndaş X7 2025-ci ilin aprel, may, iyun ayları üzrə əmək haqları AR Əmək Məcəlləsinin 164-cü maddəsinin tələbləri pozularaq düzgün hesablanmayaraq ödənilmişdir. Belə ki, istirahət günləri görülən işlərə görə əmək haqqı iki qat hesablanmamışdır. Odur ki, qərar əsaslıdır və şikayətin təmin edilməməsini xahiş edirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında göstərmişdir ki, o, hüquqi şəxsin mühasibatçısı işləyir. Tərəflərindən hesablamalar tam qanuni aparılmışdır. Hər hansı səhvə yol verilməmişdir. Belə ki, şikayət vermiş şəxs hazırda da onlarla birgə işləyir. Hesablamalar Əmək Məcəlləsinə uyğun aparılıb. Qasımov Nemət həmin tarixlərdə, yəni noyabr ayına qədər 1423 saat işləyib və həmin iş saatına uyğun əmək haqqı almışdır. Məhkəməyə müvafiq sənədləri təqdim edir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ləğv edilməli və iş yenidən araşdırma aparılması üçün həmin orqana göndərilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərarın surətindən görünür ki, vətəndaş X7 2025-ci ilin aprel, may, iyun ayları üzrə əmək haqları AR Əmək Məcəlləsinin 164-cü maddəsinin tələbləri pozularaq düzgün hesablanmayaraq ödənilmişdir. Belə ki, istirahət günləri görülən işlərə görə əmək haqqı iki qat hesablanmamışdır. X3 İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 700 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmişdir. Məhkəmə, hazırki şikayətin dəlillərini araşdırarkən ilk əvvəl X4 təqsirli bilindiyi inzibati xətalara dair münasibət bildirməyi zəruri hesab edir: Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 164-cü maddəsinə əsasən İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla; aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.
2. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər. İXM-in: 192.4-cü maddəsinə əsasən İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; Qeyd edilən normalardan göründüyü kimi, İXM-in 192.4-cü maddəsinin tərkib əlamətlərinin yaranması üçün əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə yol verilməlidir. Hazırki iş üzrə vəzifəli şəxs kimi X9 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən işçinin əmək haqqının hesablanması zaman hansı qanun pozuntusuna yol verilməsi aydın deyil. Məhkəmə hesab edir ki, X13 tərəfindən intibati protokol tərtib edilərkən qeyd edilən hallara münasibət bildirilməmişdir. İnzibati xəta haqqında protokolda adları qeyd edilən vətəndaş X11 ünvanladığı şikayətində onun əmək haqqının düzgün hesablanmadığını qeyd etsə də onun bu dəlilləri məhkəmə iclasında hər hansı sübutla öz təsdiqini tapmamışdır. Belə ki, səlahiyyətli orqan tərəfindən obyektiv araşdırma aparılmamış, araşdırma üçün izahatları əhəmiyyət kəsb edəcək zəruri şəxslər çağırılaraq izahatları alınmamış və qiymət verilməmişdir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə qeyd edir ki, X9 tərəfindən işəgötürən kimi işçinin əmək haqqının ödənilməsi ilə bağlı hər hansı hüquqlarının pozulmasını müəyyən edərkən X13 tərəfindən natamam, səthi araşdırma aparılmış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. X13 vəzifəli şəxs kimi X4 İXM-in 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə nəticəyə gəlsə də, bu mövqeyini kifayət qədər tutarlı sübutlarla əsaslandıra bilməmişdir. İş üzrə müəyyən edilən sübutlar isə X4 göstərilən maddələrlə təqsirliliyini şübhə altına alır. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (İXM, Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi). Qanunvericiliyin məzmununa əsasən müəyyən edilir ki, inzibati xətanın baş verməsini sübutetmə yükü hazırki işdə məhz Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin üzərinə düşür. Qeyd edilən orqan X4 İXM-in 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə nəticəyə gələrkən yalnız şikayət vermiş şəxsin izahatına istinad etmişdir ki, həmin izahat, başqa sübutlar olmadan şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün əsas ola bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dəfələrlə öz qərarlarında vurğulamışdır ki, təqsirsizlik prezumpsiyası hüququna görə məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirli şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı bir şübhə onun xeyrinə həll olunmalıdır. İXM-in: 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Beləliklə, məhkəmə hesab edir ki, X9 tərəfindən X5 qızının əmək haqqının ödənilməsi ilə bağlı hər hansı hüquqlarının pozulması təqdim edilmiş sübutlarla müəyyən olunmur, səlahiyyətli orqan işçinin şikayətində göstərilən halları müəyyən etmədən və yalnız ehtimallara əsaslanaraq X4 İXM-in 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qənaətinə gəlmişdir ki, bu barədə qəbul edilən qərar qanuni və əsaslı hesab edilə bilməz. Buna görə də iş üzrə inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar ləğv edilməli, qərarın surəti yenidən araşdırma aparılması üçün həmin orqana qaytarılmalıdır. Araşdırma zamanı inzibati orqan işçinin şikayətində göstərilən halların təsdiq edilməsi üçün mötəbər sübutlar əldə etməli və əldə edilmiş sübutlara əsasən qərar qəbul edilməlidir. İXM-in: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar sırasına daxildir. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi qərarından verdiyi şikayət qismən təmin olunsun və həmin qərar ləğv edilsin. Qərarın surəti yenidən araşdırma aparılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim : Gültəkin Əsədova