Məhkəmə qərarları › İş №3(005)-505/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-505/2023

03.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-505/2023 03.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X3” MMC-nin rəhbəri Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində MN seriyalı, ******* nömrəli, 09 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında borclu “X3” MMC-nin rəhbəri Şəxs “X3” MMC-nin borclu olduğu icra sənədi üzrə borclu vəzifəli şəxs kimi tələb olunmuş, lakin “X3” MMC-nin rəhbəri Şəxs borcu ödəyə bilmədiyini bildirmiş və icra məmurunun qanuni tələblərini icra etməmişdir. Bununla da borclu “X3” MMC-nin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru tərəfindən 09 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X2 tərtib etmiş olduğu protokolun məzmununa uyğun çıxış edərək bildirmişdir ki, Bakı şəhəri 3 saylı Notariat Ofisinin 8İ-4396 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, borclu “X3” MMC-dən 26253,77 manat məbləğində pul vəsaiti tələbkar "Bakcell” MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2021-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərarlar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu “X3” MMC-nə göndərilmiş, borclunun rəhbəri tərəfindən rəsmi qaydada xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. İcra sənədini könüllü icra etmədiyinə görə borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədilə "Elektron İcra” İnformasiya Sistemindən məlumat çıxarılmış, borclunun adına hər-hansı əmlak və ya gəlirlər aşkar edilməmişdir. Eyni zamanda borcluya məxsus bank hesabları ilə bağlı inkasso sərəncamları qəbul edilərək icra olunması üçün müvafiq banklara göndərilmiş, lakin borcluya aid bank hesablarında vəsait olmadığı üçün inkasso sərəncamlarının icrası mümkün olmamışdır. xx.xx.2022-ci il tarixdə “X3” MMC-nin rəhbəri Şəxs izahat alınmış, Şəxs izahatında pandemiya dövründə işlərin dayandığını, borcu hal-hazırda ödəyə bilmədiyini, maddi vəziyyətinin ağır olduğunu, borcu yalnız hər ay müəyyən məbləğlərdə hissə-hissə ödəyə biləcəyini izahatında qeyd etmişdir. Bununla da borclu “X3” MMC-nin rəhbəri Şəxs vəzifəli şəxs kimi icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə riayət etməmiş və icra sənədinin icrasını təmin etməmişdir. Göstərilənlərə əsasən, borclu “X3” MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Yekunda “X3” MMC-nin rəhbəri Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X3” MMC-nin rəhbəri Şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, icra sənədi üzrə ödəniş edə bilmir. Belə ki, ayağı sınmış və müalicə almışdır. Həmin müddət işə yararsız olmuşdur. Maddi imkanı ilə əlaqədar icra sənədini icra edə bilmir. Zərərçəkmiş hüquqi şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, zərərçəkmiş hüquqi şəxs məhkəmə iclasına gəlməmişdir. Buna görə də məhkəmə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri 3 saylı notariat ofisinin 8İ-4396 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu “X3” MMC-dən 26253,77 manat məbləğində pul vəsaiti tələbkar "Bakcell” MMC-nin xeyrinə ödənilməlidir. “İcraata başlamaq haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri 3 saylı notariat ofisinin 8İ-4396 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu “X3” MMC-yə göndərilmişdir. “X3” MMC-nin rəhbəri Şəxs müvafiq bildirişi və qərarı xx.xx.2021-ci il tarixdə rəsmi qaydada qəbul etmişdir. “Elektron İcra” İnformasiya Sisteminin vergi məlumatlarından əldə edilmiş məlumata əsasən borclu "X3" MMC-nin rəhbərinin Şəxs olduğu göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu “X3” MMC-nin direktoru Şəxs icra qeydi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək, icra vərəqəsinin icrasını tam şəkildə təmin etməmiş, icra sənədinin icrasının təmin edilməsinə hərəkətsizlik göstərmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə işin digər hallarını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: “X3” MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 (bir min iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar