Məhkəmə qərarları › İş №3(005)-5059/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-5059/2025

11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-5059/2025 11.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X7 iştirakları ilə, X8 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş 17 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş 17 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan şikayət ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək qərarın ləgv olunması və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, X9 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən X5 barəsində İnzibati Xətalar Məcəlləsinin 555-ci maddəsi ilə 17 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Nüşabə Hüseynova onun rəhbəri olduğu müəssisədən çıxarılması isə bağlı DƏMX-ə şikayətlə müraciət etmişdir. DƏMX tərəfindən tələb olunan sənədlər onun tərəfindən səlahiyyətli orqana təqdim edilmişdir. Bütün yazışmaları prosessual qaydalara riayət etməklə aparmışdır. xx.xx.2025-ci il tarixində tələb olunan sənədlər təkrarən göndərilmişdir. Hesab edir ki, bu baxımdan qərar tamamilə qanunsuz olduğundan ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqanın nümayəndəsi X12 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, şikayətin əsassız olduğunu və rədd edilməsini xahiş etmişdir. Belə ki, araşdırma zamanı şikayət əsasında ortaya çıxan məsələlər ilə bağlı sənədlər tərəflərindən tələb olunsa da işəgötürən tərəfindən DƏMX-ə təqdim edilməmişdir. Odur ki, inzibati tənbeh vermə haqqında qərar qanunidir və şikayətin təmin edilməməsini xahiş edirlər. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, şikayət vermiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 142.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş 17 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli qərarından görünür ki, X4 şikayəti əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən X6 xx.xx.2025-ci il tarixli məktub göndərilərək, tələb olunan sənədləri 7 iş günü ərzində idarəyə təqdim edilməsi tələb edilsə də, poçt izlənilməsinə baxış zamanı məktubun çatdırıldığı və tələb olunan sənədlərin təqdim edilmədiyi müəyyən edilmişdir. X3 tərəfindən İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 539.3-cü maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə -vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmçinin, məhkəmə qeyd edir ki, hazırki iş üzrə icraata xitam verilməsi üçün İXM-də nəzərdə tutulmuş hallar yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, şikayət vermiş şəxs X4 şikayəti əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən ona göndərilmiş xx.xx.2025-ci il tarixli məktubu cavablandırdığını bilsə də buna dair məhkəməyə heç bir sübut təqdim edə bilməmiş və məhkəmə iclasında iştirak etməmiş, bu mövqeyini əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilməmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş 17 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar