Məhkəmə qərarları › İş №3(005)-5066/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-5066/2025

11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-5066/2025 11.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, xx.xx.1970-ci il tarixdə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay,ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Bakı şəhəri Nərimanov rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon prokurorluğundan daxil olmuş “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Nərimanov rayon prokurorunun köməkçisi X3 19 noyabr 2025-ci il tarixli qərarından və “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” Nərimanov rayon prokuroru vəzifəsini icra edən Tural Haverdiyevin xx.xx.2025ci il tarixli qərarından görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində idarə etdiyi “Toyota Rav 4” minik markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Nərimanov rayonu ərazisində X1 idarə etdiyi “Hyundai Elantra” minik markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə X1 xəsarət alıması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı qəbul etmiş tərəf və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı qəbul etmiş şəxsin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X6 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 16 sentyabr 2025-ci il tarixli, 969 nömrəli rəyindən görünür ki, X1 adına tərtib edilmiş tibbi sənədlərdə qeyd edilən xəsarət - sol əlin İ barmağının ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan hematoması – küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2025-ci il tarixdə yol nəqiliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və dərəcəsində görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 noyabr 2025-ci il tarixli, 8/2297 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Toyota Rav 4 markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hərəkət üçün təhlükə yaranan anda Hyundai Elantra markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 34,6 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü X1 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda Hyundai Elantra markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 34,6 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü X1 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. “Video görüntüyə baxış keçirilməsi haqqında” 05 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Nərimanov rayonu, F.Məmmədov küçəsi ilə Təbriz küçəsinin kəsişməsində X2 idarə etdiyi Hyundai Elantra markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəxs idarə etdiyi “Toyota Rav 4” markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə sonuncunun işıqforun qadağan edici işığında keçməsi səbəbindən toqquşma baş vermişdir. Toqquşma baş verən zaman hər iki avtomobil yerində dayanmışdır. Sərxoşluq hallarının bütün növlərinin təyini barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs alkoqol aşkar olunmadı. İşdə olan xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş barışıq sazişindən görünür ki, Şəxs X4 dəymiş zərərlə bağlı 2435 manat pul ödəmişdir. Qeyd olunan barışıq sazişindən görünür ki, tərəflər arasında barışıq olduğu üçün birbirlərinə qarşı iddia, şikayət və tələbləri yoxdur, gələcəkdə də olmayacaq. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 19 noyabr 2025-ci il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın Şəxs barəsində İXM-in 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşin hüquqi məsələləri və tətbiq edilən hüquq norması: Məhkəmə qeyd edir ki, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının: 2-ci bəndində qeyd edilir ki, Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” 08 noyabr 1968-cı il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 60-cı maddəsinin 2-cü hissəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs ilk dəfə inzibati xəta tərətməsini, iş üzrə dəymiş zərəri tam ödəməsini məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, əməldə ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hlları, ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar