Məhkəmə qərarları › İş №3(005)-507/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-507/2024

28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-507/2024 28.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Şikayət vermiş şəxs – X1, Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər X9 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə barəsində inzibati tənbeh vermə haqqında qərar verilərək, 3 bal və 80 manat məbləğində cərimə tətbiq olunmuşdur. Sonuncu buna səbəb kimi “Lexus” markalı, 90- AA- 045 dövlət qeydiyyat nişanlı avtomobil ilə qayda pozmağı göstərilir. Halbuki, onu bu inzibati məsuliyyətə cəlb etməkləri qanunsuzdur və sözü gedən qərar ləğv olunmalıdır. Belə ki, xx.xx.2024-cü il tarixində, saat 16:40-də DYPİ-nin əməkdaşı +**********27 mobil nömrəsi ilə ona zəng edərək, özünü təqdim edib idarəyə yaxınlaşmağını bildirmişdir. Səbəbini soruşanda, sonuncu bildirdi ki, xx.xx.2024-cü il tarixində, saat 16:14-də Bakı şəhəri, Nərimanov rayonu, A.Molla Cümə küçəsində xəttin tələbini pozmusuz, 80 manat və 3 bal cəriməsi var. O, bu hadisənin üstündən 19 gün keçdiyinə görə, inzibati məsuliyyətə cəlb etməklərinin qanunsuz olduğunu bildirmişdir. Lakin heç bir nəticəsi olmadı. Bu səbəbdən, hazırki ərizə ilə, ədalət mühakiməsini həyata keçirən məhkəmə sisteminə müraciət etmək məcburiyyətində qalmış və inanır ki, məhkəmə işi obyektiv araşdırıb, ədalətli qərar qəbul edəcəkdir. Onun barəsində tərtib edilmiş inzibati xəta haqqında qərara etiraz və məhkəməyə müraciət etməyinin əsas dəlili ondan ibarətdir ki, o, əgər hər hansısa bir qayda pozmuşdursa, bu 1 gün ərzində elektron kabinetə yerləşdirilməli idi. Sistemdən görünür və DYP-i özü də etiraf edir ki, o, xx.xx.2024-cü il tarixində olan qayda pozuntusu 19 gündən sonra, yəni xx.xx.2024-cü il tarixində sistemə yerləşdirilmişdir. Bu da onun inzibati məsuliyyətə cəlb olunmağına əsas vermir. Məhkəmə iclasında iştirak edən X4 çıxış edərək bildirmişdir ki, qanunda xüsusi texniki vasitə ilə foto və video qeydiyyat aparılması qeyd edilmişdir. Barəsində qəbul edilmiş qərar üzrə İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla icraat aparılmışdır. Həmin icraat qaydasında onun barəsində inzibati tənbehvermə qərarı çıxarılmasının şikayətində göstərilən İnzibati Xətalar Məcəlləsinin tələblərinə ziddir. O, əgər hər hansısa bir qayda pozmuşdursa, bu bir gün ərzində elektron kabinetə yerləşdirilməli idi. İnzibati tənbeh vermə haqqında elektron qərar inzibati xətanın törədildiyi gündən bir gün ərzində elektron kabinetə yeləşdirilmədiyindən İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinin nümayəndəsi X5 çıxış edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 16:14-də X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələbləri pozulduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və barəsində xx.xx.2024-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd edir ki, xx.xx.2024-cü il tarixdə saat 16:14-də X4 Bakı şəhəri, Nərimanov rayonu, A.Molla küçəsində hərəkətdə olan zaman əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozmuşdur. TŞ kameraları xüsusi texniki vasitə deyildir. Xüsusi texniki vasitələr vasitəsi ilə qeydə alınmış pozuntulara dair verilmiş müddətin bir gün olma səbəbi onların yaddaşının bir gün saxlamasıdır. Eyni zamanda xx.xx.2024-cü il tarixdə qeydə alınmış videogörüntülərin əks edildiyi bir ədəd DVD diski məhkəməyə təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər DYPİ tərəfindən xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 80 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətində onun barəsində qəbul edilmiş qərar üzrə İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla icraat aparıldığını, həmin icraat qaydasında onun barəsində inzibati tənbehvermə qərarı çıxarılmasının şikayətində göstərilən İnzibati Xətalar Məcəlləsinin tələblərinə zidd olduğunu qeyd etsə də, məhkəmə aşağıdakılara görə hesab edir ki, şikayətin bu hissəsi əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsində inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri kimi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346- 1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin X3 ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Maddənin tələbindəndə göründüyü kimi, sadalanan maddələr üzrə xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalarla bağlı şəxsin iştirakı olmadan elektron formada inzibati tənbeh vermə haqqında qərar çıxarılır və dərhal BDYPl-nin X3 yerləşdirilməklə Asan pay vasitəsi ilə şəxsin mobil nömrəsinə sms göndərilir. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinin nümayəndəsi X5 tərəfindən təqdim edilmiş Bakı şəhər BPİ DYPİ YHNŞ-nin operatoru, polis serjantı Aslan Dadaşov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan və İnzibati xəta haqqında iş üzrə icraata başlanması və inzibati araşdırma aparılması haqqında 25 yanvar 2024-cü il tarixli qərardaddan görünür ki, DİN-nin “Təhlükəsizlik şəhər” xidmətinin müşahidə-nəzarət kameraları vasitəsi ilə qeydiyyata alınmış arxiv video görüntülərinə baxış keçirilərkən xx.xx.2024-cü il tarix saat 16:14-də Lexus markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulması aşkar edilmişdir. Qeyd edilənləri nəzərə alaraq yol hərəkəti qaydalarını pozmuş nəqliyyat vasitəsi istifadəçisi müəyyən olunub inzibati məsuliyyətə cəlb olunması üçün müvafiq araşdırma aparılmasına göstəriş verilməsi xahiş olunmuşdur Göründüyü kimi, X4 tərəfindən yuxarıda qeyd edilən qayda pozuntusu bilavasitə səlahiyyətli vəzifəli şəxs tərəfindən aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-səksən manat məbləğində cərimə edilir. Bununla da məhkəmə hesab edir ki, şikayətçi tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Məhkəmədə müəyyən edildi ki, o, həmin maddədə göstərilən inzibati xətanı törətmişdir və bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilməmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməməli, barəsində Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X1 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar