Məhkəmə qərarları › İş №3(005)-509/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-509/2023

22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-509/2023 22.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli EQ5064880 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli EQ5064880 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, onun mülkiyyətində və idarəçiliyində “Volkswagen Touareg” markalı 10TZ405 dövlət qeydiyyat nişanlı avtomobil vardır. Təxminən 1 ay bundan əvvəl həmin avtomobillə Bakı şəhərindən Xaçmaz rayonu istiqamətdə hərəkətdə olan zaman Bakı-Xaçmaz yolunda olan BDYPİ-nin “Zarat” stasionar postunda YPX əməkdaşları onu saxlamışlar və xüsusi texniki vasitələrlə onun tərəfindən müxtəlif vaxtlarda bir neçə dəfə inzibati xətaların törədilməsi faktlarının aşkar edildiyini və barəsində elektron protokolların tərtib edildiyini bildirdilər. O, bu barədə heç bir məlumatının olmadığını bildirmiş və bu zaman orada olan əməkdaşlar elektron sistemə daxil olaraq həmin qeydləri ona göstərmişdir. Elə həmin gün barəsində olan bütün elektron protokollar üzrə elektron qərarlar sistemə daxil edildi. Həmin elektron qərarlardan biri də xx.xx.2020-ci il tarixli, EQ5064880 saylı elektron qərardır. Həmin qərara əsasən o Azərbaycan Respublikasının İXM-nin 339.1-1-ci maddəsi ilə 50 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş həmin elektron qərar qanunsuz olmaqla tərtib edilərkən İXM-nin tələbləri pozulmuşdur. Belə ki, yuxarıda qeyd etdiyi kimi, həmin qərar digər qərarlarla birlikdə eyni gündə, yəni “Zarat” stasionar postunda saxlanılarkən elektron sistemə işlənilmişdir. Bu həm də onunla təsdiq edilir ki, əvvəlcə hər bir qərarın, o cümlədən barəsində şikayət etdiyi qərarın qarşısında 10 faiz endirimli məbləğ yazılmış, sonradan isə təxminən 1 ay keçdikdən sonra hər bir qərara görə eyni məbləğdə dəbbə pulu hesablanmışdır. Halbuki, barəsində şikayət etdiyi qərar xx.xx.2020-ci il tarixdə törədilmiş inzibati xətalara görə qəbul edilmişdir. Lakin, indiyədək bir dəfə də olsa heç bir YPX əməkdaşı onu saxlayaraq həmin inzibati xətalar haqqında məlumat verməmiş, bununla bağlı bildiriş təqdim etməmişlər. Halbuki, İXM-də inzibati xəta haqqında məlumat barədə bildirişin təqdim edilməsi üçün nəqliyyat vasitəsinin saxlanılması və bildirişin təqdim edilməsi halı nəzərdə tutulmuşdur. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 məhkəmədə şikayətin dəlillərinə uyğun şəkildə çıxış edərək şikayət ərizəsinin təmin edilməsini barəsində olan xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X4 İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X2 xx.xx.2020-cü il tarixdə **-TZ-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Touareg”minik markalı avtomobili idarə edərkən İXM-nin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. X2 İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 50 manat məbləğində cərimə edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli X1 İXM-nin 339.1-1-ci maddəsində ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X4 İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli elektron qərar ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Baş Polis İdarəsinin X5 İdarəsinə tapşırılmalıdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X2 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İXM-nin 124.4.-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İXM-nin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan heç bir araşdırma aparmadan X2 barəsində xx.xx.2020-ci il tarixli EQ5064880 saylı inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. Bununla da inzibati orqan inzibati xəta haqqında protokola baxaraq qərar qəbul edərkən X1 iştirakı olmadan barəsində tərtib olunmuş protokolu ona təqdim etməmiş və bununla onun hüquqlarını pozmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X2 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X2 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X4 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X1 İXM-in 339.1-1-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2020-ci il tarixli EQ5064880 saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli, X2 barəsində işə yenidən baxılması Bakı şəhəri X4 İdarəsinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X4 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X1 İXM-nin 339.1-1-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2020-ci il tarixli EQ5064880 saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X5 İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar