Məhkəmə qərarları › İş №3(005)-51/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-51/2024

09.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-51/2024 09.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Calalov Nizami Firdovsi oğlunun katibliyi İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında TP seriyalı ******* saylı qərardan verdiyi şikayətə baxaraq, məhkəmə Müəyyən etdi: X3 onun barəsində olan İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər DYPİ-nin qəbul etdiyi xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında TP seriyalı ******* saylı qərarından şikayət verərək, haqqında qanuna zidd tərtib olunmuş protokola əsasən verilmiş qərarın əsassız hesab edilməsi, inzibati xəta halı olmadığı üçün şikayətinin tam təmin edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəməyə verdiyi izahatında göstərmişdir ki, barəsidə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında TP seriyalı ******* saylı qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində qərar qəbul edilən şəxs X3 inzibati qərarın qanunsuz olduğunu, əvvəl də iki dəfə məhkəmə tərəfindən qərar ləğv edilərək araşdırma üçün X6 İdarəsinə göndərilsə də yenidən onu dəvət etmədən eyni məzmunlu qərar qəbul edildiyini bildirmişdir. Barəsində tərtib edilmiş protokolun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri DYPİ-nın Yol Patrul Xidməti xx.xx.2023cü il tarixli inzibati tənbeh vermə haqqında TP seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 80 manat miqdarında cərimə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(005)- 3226/2023 saylı qərarından aydın olur ki, X2 tərtib edilmiş İXP ******* saylı protokol üzrə qəbul edilmiş qərar ləğv edilərək yenidən hərtərəfli və obyektiv araşdırma aparılması üçün X6 İdarəsinə göndərilmişdir. Beləliklə iş üzrə müəyyən edilir ki, tənbeh qərarı qəbul edilən anda şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmamışdır. İXM-nin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs X3 inzibati xətanın mövcudluğu ilə razılaşmamaqla yanaşı hər hansı qayda pozuntusuna yol vermədiyini bildirməsinə baxmayaraq onun barəsində inzibati tənbeh tətbiq edilmişdir. Halbuki inzibati qanunvericiliyin tələblərinə əsasən yol polis əməkdaşı protokola baxılmasının vaxtı və yeri barəsində məlumat verməli və X1 iştirakı ilə araşdırma aparıb qərar qəbul etməli idi. Bundan başqa Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(005)-3226/2023 saylı qərarı ilə X2 tərtib edilmiş İXP ******* saylı protokol üzrə qəbul edilmiş qərar ləğv edilərək yenidən hərtərəfli və obyektiv araşdırma aparılması üçün X6 İdarəsinə göndərilsə də yenidən heç bir araşdırma aparılmadan, şəxs dəvət edilmədən, video görüntü təqdim olunmadan eyni məzmunlu qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla, barəsində icraat aparılan şəxsin iştirakını təmin etməməklə, şəxs tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübuta (videogörüntü, protokol və s) istintaq etməməklə şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq göstərilən qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Məhkəmə qeyd edir ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(005)-3226/2023 saylı qərarı ilə X2 tərtib edilmiş İXP ******* saylı protokol üzrə qəbul edilmiş qərar ləğv edilərək araşdırılması üçün vəzifəli şəxsə qaytarılsa da, həmin qərarda qeyd olunan hallar müvafiq inzibati orqan tərəfindən araşdırılmamış nəqliyyat vasitəsinin sürücüsü tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş hansı inzibati pozuntunun törədildiyi qeyd olunmamış, sübutlar şəxsə təqdim olunmamış və konkret məlumat verilməmişdir. Nəticədə yenidən TP seriyalı ******* nömrəli xx.xx.2023cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, qərarda da hər hansı sübuta istinad edilmədən yenidən formal olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Buna görə də məhkəmə prosessual qənaət prinsipini əsas tutaraq hesab edir ki, mübahisələndirilən qərarın yenidən məhkəmə tərəfindən ləğv edilməsi və araşdırılması üçün inzibati orqana (vəzifəli şəxsə) göndərilməsi nəticəsiz olacaqdır. Həmçinin, inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, inzibati orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Bakı şəhəri DYPİ-nin TP seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Bakı şəhər DYPİ Yol Patrul Xidməti tərəfindən qəbul etdiyi xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında TP seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar