Məhkəmə qərarları › İş №3(005)-5107/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-5107/2025

11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-5107/2025 11.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Gülsüm Üzeyir qızının katibliyi ilə, İnzibati protokol tərtib edən qurumun nümayəndəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin nümayəndəsi X1, Barəsində protokol tərtib olunan qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X2 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X5, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 13 noyabr 2025-ci il tarixində Araz Abbasov idarə etdiyi **-DY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən, **- DY-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilində təkbaşına xidmət aparan YPX əməkdaşı, serjant Məmmədov Elvin tərəfindən Atatürk prospekti ilə Teymur Əliyev (Məmməd Araz) küçələrinin kəsişməsində saxlanılmışdır. Saxlanılma zamanı əməkdaş Araz Abbasova yolayrıcını keçmə qaydasının pozulması ilə bağlı iddia irəli sürmüş, lakin həm xidməti davranışında, həm də inzibati prosesin aparılmasında ciddi prosedur pozuntularına yol vermişdir. Belə ki, serjant Məmmədov Elvin daxili xidmət qaydalarına zidd olaraq təkbaşına xidmət aparmış, saxlanılma və yoxlama prosesi isə body-kamera və səs yazısı olmadan icra edilmişdir. Bu hal Daxili İşlər Nazirliyinin daxili nizamnaməsinin və xidmət qaydalarının tələblərinə ziddir. Şikayətdə qeyd olunur ki, serjant X9 Abbasova “409-cu otağa yaxınlaşıb 500 AZN ödəməklə məsələnin həll oluna biləcəyini” bildirmişdir. Bu ifadə özlüyündə rüşvət alma və vəzifə səlahiyyətlərindən sui-istifadə əlamətləri daşıyan ağır hüquq pozuntusudur. Araz Abbasovun qeyd olunan məbləği ödəmək imkanının olmadığını bildirməsindən sonra hadisə yerinə “məsləhətləşmək məqsədilə” çağırılan, özünü tam təqdim etməyən, yalnız adının Muxtar olduğu məlum olan baş leytenant tərəfindən Araz Abbasova qarşı “maşına basdırıb bölməyə aparmaq”, “post-patrul xidməti çağırmaq”, “işini çətinləşdirəcəyəm” kimi ifadələr işlədilmiş, bu zaman zor tətbiqi və psixoloji təzyiq elementləri nümayiş etdirilmişdir. Heç bir inzibati protokol tərtib edilmədən və təqdim olunmadan, rəsmi qərar çıxarılmadan, yalnız “sürə bilməzsən” adı altında nəqliyyat vasitəsinin duracağa aparılması tələb edilmişdir. Araz Abbasov tərəfindən protokolun tərtib olunması, avtomobilin duracağa aparılmaması və başqa sürücü dəvət etməklə nəqliyyat vasitəsinin qaraja yerləşdirilməsi təklif edilsə də, bu tələblər qəti şəkildə rədd edilmiş və maneələr yaradılmışdır. İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, nəqliyyat vasitəsi yalnız aşağıdakı hallarda duracağa aparıla bilər: sürücünün idarəetmə hüququ olmadıqda, sürücü sərxoş olduqda, sürücü faktiki və fiziki olaraq nəqliyyat vasitəsini idarə edə bilmədikdə və alternativ sürücü dəvət olunmadıqda, nəqliyyat vasitəsi texniki cəhətdən nasaz olduqda və ya məhkəmə qərarı olduqda. Hadisə zamanı bu əsasların heç biri mövcud olmamışdır. Buna baxmayaraq, hər iki polis əməkdaşı Araz Abbasovun şəxsiyyət vəsiqəsini faktiki olaraq girov saxlayaraq, onu nəqliyyat vasitəsini şəxsən duracağa aparmağa məcbur etmişdir ki, bu da qanunvericilik baxımından cinayət tərkibli hərəkət kimi qiymətləndirilə bilər. Evakuator çağırılması tələbinə cavab olaraq baş leytenant tərəfindən “maşınında bəlkə qızıl və başqa şey var, özün sür duracağa” kimi alçaldıcı və təhqiredici ifadələr işlədilmişdir. Nəqliyyat vasitəsi duracağa aparılarkən “akt tərtib olunacağı” bildirilsə də, duracaq ərazisində heç bir akt təqdim edilməmiş, polis əməkdaşları “get, nə istəyirsən elə” ifadəsi ilə ərazini tərk etmişlər. 14 noyabr 2025-ci il tarixində, saat 11:47-də Araz Abbasova 13 noyabr 2025-ci il tarixli inzibati protokol təqdim edilmişdir. Protokolun geriyə tarixlə tərtib edilməsi İnzibati Xətalar Məcəlləsinin tələblərinə zidd olmaqla ciddi prosedur pozuntusudur. Bundan əlavə, polkovnik X6 tərəfindən Araz Abbasova protokolla tanışlıq barədə ərizənin 13 noyabr tarixli kimi yazdırıldığı, eləcə də qərarın eyni köhnə tarixlə çıxarıldığı bildirilir. Qeyd olunur ki, inzibati protokol ilkin olaraq sistemə 100 AZN cərimə və 3 bal şəklində tanıdılmış, sonradan isə cərimə məbləği sistemdən silinmişdir ki, bu da inzibati materialın etibarlılığını tam şübhə altına alır. Hadisənin qeydə alınması ilə bağlı heç bir video, audio və ya digər sübut mövcud deyildir, body-kamera və mikrofonlardan istifadə edilməmişdir. Polis əməkdaşları sayrışan işıqlar və xüsusi siqnallar qoşulmadan, gizli formada xidmət təşkil etmişlər. Nəticədə məcburedici tədbirlər qanunsuz tətbiq edilmiş, sübutların toplanması qaydaları tam pozulmuşdur. Məhkəmə iclasında İnzibati protokol tərtib edən qurumun nümayəndəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin nümayəndəsi X3 qərarın qanuna uyğun olduğunu bildirərək, qayda pozuntusunun əks olunduğu görüntünü məhkəməyə təqdim etmişdir. Göstərilənlərin nəzərə alınmasını müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində protokol tərtib olunan qərardan şikayət vermiş şəxs X5 şikayət ərizəsini müdafiə edərək, qeyd olunanların nəzərə alınmasını və şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəməyə təqdim edilmiş DVD disk görüntüsündən aydın olur ki, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən yol ayricini keçmə qaydalarinin pozulmasi ı̇ ləmüşahı̇ də edı̇ lən yol hərəkəti haqqında qanunvericiliyin tələblərinin pozulması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsinə görə, Bu Məcəllənin 327.1-1, 327.1-2,327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1,333-1.1,342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. Məhkəmə şikayət verən şəxs X4 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-nin 327.1 və 327.7-ci maddələrində ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X2 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X2 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar