Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-5108/2025 16.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 491.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsindən daxil olmuş 13000-01459/25 nömrəli, 14 noyabr 2025ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Geofizika və Geologiya İdarəsi”nin (VÖEN: **********) ünvanına göndərilən və müvəqqəti idxal gömrük prosedurunda yerləşdirilən və gömrük nəzarəti altında olan 3 ədəd MB1216, MB1217 və Nord adlı gəmilərin gömrük orqanının icazəsi olmadan və gömrük orqanına məlumat verilmədən, rəsmiləşdirilməsi bitməmiş yerləri dəyişdirilmiş, gömrük ərazisindən daxili sular vasitəsi ilə aparılmışdır. Hərəkət trayektoriyasından və isdə olan limana van almış gəmilərin fotoşəkillərindən də görünür ki, gəmilər bir yerdən digər yerə daşınmış, yerləri dəyişdirilmişdir. Hava şəraitinə əsasən istifadə edilə bilməmişdir. Nəticədə hüquqi şəxsin nümayəndəsi tərəfindən verilmiş izahata əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Geofizika və Geologiya İdarəsi”nin (VÖEN: **********) tərəfindən törədilmiş əməldə həm gömrük qanunvericiliyində, həm də inzibati qanunvericilikdə təsbit olunmuş inzibati məsuliyyəti müəyyən edən hallar öz təsdiqini tapmış, bu səbəbdən hüquqi şəxsin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsində müəyyən olunmuş inzibati xətanın tərkibi yaranmışdır. Məhkəmədə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin nümayəndəsi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək hüquqi şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin nümayəndəsi X4 çıxış edərək bildirmişdir ki, inzibati xəta haqqında protokolda qeyd edilənlər iş çoxluğu ilə əlaqədar xəta pozuntusu baş vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Dəniz Nəqliyyatı və X8 Gömrük İdarəsi “Liman” gömrük postundan Təhqiqat şöbəsinə daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33-3200/012/004513 nömrəli raporta əsasən, xx.xx.2025-ci il tarixdə AR DNŞ “Geofizika və Geologiya ldarəsi”nin ünvanına gələn MB1217, MB1216, NORD gəmilər rus bayrağı altında Puta limanına yan almış və gəmi adlarına müvafiq olaraq xx.xx.2025-ci il tarixdə **********5170, **********5205, **********5077 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi ücün gömrük orqanına bəyan edilmişdir. Lakin malların rəsmiləşdirilməsi başa çatmadan və gömrük orqanına məlumat verilmədən gəmilər daxili sular vasitəsi ilə gömrük zonasını tərk etmişdir. Araşdırmanın düzgün aparılmasına görə sözügedən gəmilərin “Puta” limanını tərk etdiyi vaxtın və hal-hazırdakı hərəkət trayektoriyasının təqdim edilməsi üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinə 22.09.025-ci il tarixli 3-33-3200/2-001565/2025 nömrəli məktub göndərilmişdir. DGK Əməliyyat-İstintaq Bas İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33- 3200/1-004943/2025 məktubda sözügedən gəmilərin Puta limanını xx.xx.2025-ci il tarixdə tərk etdiyi bildirilmiş və gəmilərin hərəkət trayektoriyası göndərilmişdir. Faktla bağlı aparılan araşdırma zamanı 3 ədəd MB1216, MB1217 və Nord adlı gəmilərin orta bazar dəyərinin müəyyənləşdirmək üçün xx.xx.2025-ci il tarixli 3-33-3200/2- 001678/2025 nömrəli məktubla Azərbaycan Ticarət Sənaye Palatasının “Azərekspertiza” Birliyinə müraciət edilmişdir. Azərbaycan Ticarət Sənaye Palatasının “Azərekspertiza” Birliyi tərəfindən yazılmış xx.xx.2025-ci il tarixli 3-33-3200/1-005501/2025 nömrəli məktubda cavab olaraq bildirilmişdir ki, məktubda qeyd olunan malların ümumilikdə xx.xx.2025-ci il tarixə olan bazar dəyəri 1.428.000 manat edir. Eyni zamanda iş materialında olan və X5 tərəfindən təqdim edilən MB1217, MB1216, NORD gəmilərinin “Puta” limanında olan fotoşəkillərindən görünür ki, gəmilər hərəkət etdirilərək təkrar “Puta” limanına van almışdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Mallar yalnız gömrük orqanlarının icazəsi ilə və nəzarəti altında, onların müəyyənləşdirdiyi yerlərdə gömrük ərazisinə gətirilmə üçün istifadə olunan nəqliyyat vasitəsindən boşaldıla və bu ərazidən aparılma üçün istifadə olunan nəqliyyat vasitəsinə yenidən yüklənə bilər. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən malların və ya onların bir hissəsinin təcili boşaldılmasını zəruri edən təhlükə yaranarsa, gömrük orqanlarının icazəsi tələb olunmur. Lakin bu barədə gömrük orqanlarına təcili məlumat verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək o nəticəyə gəlir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 491.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 491.3cü maddəsi maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsibarəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi İXM-in 491.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-5108/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-5108/2025
16.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver