Məhkəmə qərarları › İş №3(005)-511/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-511/2025

27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-511/2025 27.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Şəxs MMC-nin müdafiəçisi və nümayəndəsi X3, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X7 etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 326-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X10 tərəfindən Şəxs MMC barəsində İXM-nin 326-cı maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında həmin protokola əsasən Şəxs MMC-yə məxsus yük daşıması yerinə yetirən HYUNDAİ markalı **-JD-*** dövlət qeydiyyat nişanlı avto nəqliyyat vasitəsini texniki vəziyyətinin reysqabağı yoxlanılmaması,həmin nəqliyyat vasitəsi sürücüsünün reys qabağı tibbi müayinəsinin təşkil edilməməsi aşkar edilmişdir. Nəticədə, Şəxs MMC tərəfindən İXM-in 326-cı maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X7 etibarnamə üzrə nümayəndəsi X6 çıxış edərək “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanunun 60-ci maddəsinə əsasən həmin qanunun və avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələblərinə riayət etməyən avtomobil daşıyıcıları, yükgöndərənlər, yükalanlar, daşımaların təşkilatçıları, sərnişinlər və digər şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyətə cəlb olunduqlarını,“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanunun 26.3-cü maddəsinə əsasən hüquqi və fiziki şəxslər daşıma fəaliyyəti göstərərkən nəqliyyat vasitələrini hər reys qabağı texniki müayinədən keçirməli olduqlarını,avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılmasının və sürücülərin tibbi müayinəsinin əsas məqsədi onların reysqabağı texniki vəziyyətinin qüvvədə olan təhlükəsizlik və istismar qaydalarının, normativlərinin, standartlarının tələblərinə uyğun olmasını, insanların həyat və sağlamlığının qorunmasını təmin etdiklərini, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsinin 3.1.24-cü yarımbəndinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada reysqabağı texniki müayinənin və sürücülərin reysqabağı tibbi müayinəsi üçün müvafiq məntəqələrin müəyyən edilməsi, həmçinin bu sahədə nəzarəti həyata keçirmək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin vəzifəsi olaraq müəyyən edildiyini,avtomobil nəqliyyatı ilə sərnişin və yük daşmalarını yerinə yetirən daşıyıcıların sərəncamlarında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydasf’nın 2-ci və 3-cü hissələrinə əsasən həyata keçirildiyini,avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının nəticələrinin qeydiyyatı forması Azərbaycan Respublikasının Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilən “Avtonəqliyyat vasitələrinin reysqabağı müayinə jurnalı”nda aparıldığını, avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının nəticələrinə əsasən daşıyıcıya və ya avtonəqliyyat vasitələrinin sürücülərinə müayinə məntəqəsinin möhürü ilə təsdiq edilmiş arayış verilir. Arayışın forması Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilir. Arayış yalnız texniki cəhətdən qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən avtonəqliyyat vasitələri üçün verildiyini,texniki vəziyyətinin reysqabağı yoxlanılması barədə arayış olmadan avtonəqliyyat vasitələri daşımalara buraxılmadığını,qeyd olunan “Avtomobil nəqliyyatı haqında” Azərbaycan Respublikası Qanununun, həmçinin Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydaları”na görə sürücülər eyni zamanda reys qabağı tibbi müayinədən də keçirilməli olduqğunu,qaydaların 3-cü bəndinə görə müvafiq tibb müəssisələri tərəfindən sürücülərin reysqabağı tibbi müayinəsi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş məntəqələrdə aparıldığını,reysqabağı tibbi müayinə hüquqi və fiziki şəxslər tərəfindən əmək və və ya mülki hüquq müqavilələri əsasında həyata keçirilir. Suala cavab olaraq bildirir ki, sürücüyə hüquqi şəxsin özü nəzarət etməli olduğunu,onlar məntəqəni müəyyən edir, hüquqi şəxs isə özü gedərək məntəqələrdə müayinədən keçməyi həyata keçirməli olduqlarını,reysqabağı tibbi müayinənin nəticələrinə görə forması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən sürücünün reysqabağı tibbi müayinə kitabçasında müayinə məntəqəsinin möhürü ilə təsdiq edilmiş qeydlər aparılır. Sağlamlıq vəziyyəti tibbi tələblərə uyğun olmayan sürücülər nəqliyyat vasitəsinin idarə edilməsinə buraxılmadıqlarını, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.5-ci maddəsinə əsasən ölkədaxili yük daşımaları - Azərbaycan Respublikasının hüdudları daxilində yerinə yetirilən yük daşımaları olduğunu, həmin qanunun 1-ci madəssinin 1.0.9 bəndində daşıyıcının açıqlaması ətraflı şəkildə qeyd olunduğunu,9. daşıyıcı - daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar;)göründüyü kimi Qanunun heç bir maddəsində avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Bu baxımdan Qanunun 3-cü maddəsində göstərilən hallar istisna olmaqla, bütün ölkədaxili yükdaşıma yerinə yetirən hüquqi şəxslərə və fərdi sahibkarlara şamil edildiyini, analoji iş üzrə İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin vəzifəli şəxsləri tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol həm Nəsimi Rayon Məhkəməsinin 3(006)- 1032/2024 nömrəli xx.xx.2024-cü il tarixli, həm də Yasamal Rayon Məhkəməsinin 3(004)- 1117/2024 nömrəli 2024-cü il 19 mart tarixli Qərarı ilə, və həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 3(103)- 661/2024 saylı 09 aprel 2024-cü il tarixli Qərarı ilə qüvvədə saxlanıldıqlarını qeyd edərək Azərbaycan Respublikası İXM-nin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən, "xxxx" MMC-ni inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir.“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X10 tərəfindən Şəxs MMC barəsində İXM- nin 326-cı maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin müdafiəçisi və nümayəndəsi X5 çıxış edərək protokolda inzibati xətanın törədilməsi faktının müvafiq akt ilə təsdiq olunduğunun göstərildiyini, nəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılması şirkət tərəfindən həyata keçirilməmişdirsə, AYNA-nın inspektorunun bunu necə müəyyən etməyini, protokol tərtib olunan zaman barəsində protokol tərtib olunan şəxsə onun hüquq və vəzifələri izah olunmadığını, şirkətə məxsus “Hundai” markalı ** JD *** nömrəli avtomobil “ daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində “ yük daşıması ilə məşğul olmadığını, sadəcə şirkətə məxsus əmlakın daşıması ilə məşğuliyyətini, ümumiyyətlə “ Smarton “ Məhdud Məsuliyyətli Cəmiyyətinin yük və sərnişin daşımaları ilə məşqul olan şirkət deyil, yalnız öz əmlakının lazımı yerə çatdırılması üçün bu avtomobili istismar etdiyini, YPX-nin əməkdaşı kimi istədiyi avtomobili saxlayaraq sənədləri tələb etməyin qanunsuz olduğunu, “ reyd” adlanan ümumi tədbirin istənilən zaman keçirilə bilmədiyini, bunun üçün əmr lazım olduğunu, protokolda şahid qismində X1 göstərilsədə,bu şəxsə aid hər hansı müəyyən edici məlumat (Şəxsiyyət vəsiqəsi, qeydiyyat ünvanı və s. ) protokolda olmadığından onun şahid kimi hesab edilməsinin düzgün olmadığını, protokoldan məlum olur ki, ona 1 ədəd disk əlavə olunmuşdur, lakin protokoldan müəyyən etmək olmur ki, çəkiliş hansı cihazla aparılmışdır və həmin cihaz A.R. İnzibati Xətalar Məcəlləsinin 100.1.8 maddəsinə uyğun olaraq dövlət yoxlamasından keçib-keçməməsinin məlum olmadığını, inzibati xəta aşkar olunan zaman şəxsi mobil telefonla çəkilişin aparılmasının qanunsuz olduğunu, protokolun hadisə yerində tərtib edilmədiyini, belə ki, şirkətin əməkdaşları şirkət rəhbərliyinə verdikləri izahatlarında AYNA-nın əməkdaşları yalnız etibarnaməyə və avtomobilin texniki pasportuna baxış keçirtdiklərini, tibbi arayış tələb etdikdə və onlara tibbi arayışın olmadıqını bildirdikdə onlar heç bir problemin olmadıqını bildirdiklərini və dərhal öz yollarına davam etdiklərini, məhkəməyə təqdim olunmuş protokolun hadisə yerində deyil, sonradan naməlum yerdə tərtib olunduğunu,yəni protokolda olan məlumatların saxtalaşdırıldığından,bunun ciddi qanun pozuntusu olduğunu qeyd edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında” 23 yanvar 2025-ci il tarixli aktdan görünür ki, Şəxs MMC-yə məxsus yük daşıması yerinə yetirən HYUNDAİ markalı **-JD-*** dövlət qeydiyyat nişanlı avto nəqliyyat vasitəsini texniki vəziyyətinin reysqabağı yoxlanılmaması,həmin nəqliyyat vasitəsi sürücüsünün reysqabağı tibbi müayinəsinin təşkil edilməməsi aşkar edilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-in 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İXM-in 326-cı maddəsinə əsasən sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Şəxs MMC-yə məxsus yük daşıması yerinə yetirən HYUNDAİ markalı **-JD-*** dövlət qeydiyyat nişanlı avto nəqliyyat vasitəsini texniki vəziyyətinin reysqabağı yoxlanılmaması, həmin nəqliyyat vasitəsi sürücüsünün reysqabağı tibbi müayinəsinin təşkil edilməməsi iş materialları ilə öz təsdiqini tapmış və firmanın İXM-in 326-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs MMC İXM-in 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəmədə tam sübuta yetirildiyindən, MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs MMC-nin əməlində İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngüləşdirən hallar və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC İXM-nin 326-cı maddəsi ilə təqsirli bilinməli və ona inzibati tənbeh olaraq həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İxM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 2000 (iki min) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar